Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2374/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh **-EO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş 3000 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 3030 manat pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətçi X1 tərəfindən **-EO-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı evakuator 05.06.2017-ci il tarixli icarə müqaviləsi ilə MMC-yə icarəyə verilmişdir. Müqavilənin 2.4-cü maddəsini rəhbər tutaraq MMC tərəfindən həmin nəqliyyat vasitəsi yük daşımanın həyata keçirilməsi, sifarişlərin yerinə yetirilməsi məqsədilə Cavabdeh istifadəsinə verilmişdir. Belə ki, Cavabdeh ilə MMC arasında 27.11.2017-ci il tarxində xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təyinatına uyğun istifadə və mühafizəsini, avtomobilin idarə olunmasında təhlükəsizlik texnikası qaydalarına riayət etmək, yaranan hər hansı nasazlıq barədə sifarişçini, yəni İddiaçı MMC-ni vaxtında xəbərdar etmək öhdəliyini öz üzərinə götürmüş, sifarişin yerinə yetirilməsi zamanı icraçı tərəfindən sifarişçiyə maddi ziyan dəydiyi hallarda tərtib edilmiş akta əsasən dəymiş ziyan məbləğinin icraçının xidmət haqqından tutulmasına razılıq vermiş və bu ziyanı ödəməkdən boyun qaçırmayacağını bildirmişdir. Lakin **-EO-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı nəqliyyat vasitəsi Cavabdeh etinasız istifadəsi nəticəsində istifadəyə yarasız hala düşmüş və cavabdeh vurduğu ziyanı dərk etdiyindən öhdəlikdən yayınmaq məqsədilə verilən həmin nəqliyyat vasitəsini 31.03.2019-cu il tarixində təhvil-təslim qaydalarına əməl etmədən sahibsiz qoyaraq getmişdir. Hadisə ilə əlaqədar olaraq nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və əldə edilmiş 02.04.2019-cu il tarixli akta əsasən nəqliyyat vasitəsinə ümumilikdə 3000 manat miqdarında maddi ziyan dəydiyi aşkarlanmışdır. Cavabdehə dəfələrlə vurulmuş ziyanın ödənilməsi barədə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, bu günə qədər cavabdeh zərəri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, cavabdeh ilə MMC arasında əmək müqaviləsi olmamışdır. Aralarında bağlanmış müqavilə xidməti müqavilə olmuşdur. Cavabdeh evakuatoru vurduqdan sonra təhvil-təslim etməmiş, xəbərsiz qoyub getmişdir. Evakuatorun emalatxanaya daxil olarkən şəkli vardır. Cavabdeh tərəfindən vurulandan sonra evakuator qaraja təhvil verilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, cavabdehin əmək haqqında tutulmaların olması ilə bağlı ortada sübut yoxdur. Avtomobili isə heçnə olmamış kimi 31 mart 2019-cu il tarixində qaraja qoyub getmişdir. Daha sonra maşının yeri barəsində məlumat vermişdir. Maşının mülkiyyətçisi fiziki şəxsdir. İcarə müqaviləsi əsasında maşın MMC-nin istifadəsində olmuşdur. Dəymiş ziyanı tələb etməyə hüquqları vardır. Qüsur aktı müayinə əsasında çıxarılmışdır. Müqavilə tələblərinə uyğun olmayan davranışları səbəbindən MMC tərəfindən cavabdehlə olan müqavilə münasibətlərinə birtərəfli qaydada xitam verilmişdir Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 2019-cu ilin mart ayından işdən çıxmışdır.MMC rəhbərliyi ilə arasında əmək müqaviləsi olmamışdır. Maşını vurduqdan sonra bir müddət MMC-də işləməyə davam etmişdir. İşdən çıxan zaman isə təhvil-təslim prosedurlarına riayət etmiş, rəhbərlik isə sənədlərə imza etməklə qəbul etmişdir. 2017-ci ilin xatırlamadığı ayında maşını qaraja aparmışdır. Orada maşının yoxlanması üçün servisə getməli olduğu bildirildiyindən, o da maşını servisə aparmışdır. Hazırki iddia ilə ona böhtan atılır. Belə ki, o maşını işdən çıxmamışdan xeyli əvvəl vurmuşdur, eyni zamanda avtomobilin sağ tərəfindən vurulmuşdur. Hazırki iddianın onun bir neçə il əvvəl maşını vurmasıyla əlaqəsi yoxdur. Çünki o maşını vurduqdan sonra uzun müddət eyni işində işləmiş və işdən çıxarkən də idarənin bütün məsul şəxsləri onun işdən çıxmasına razılıq vermişdir. Avtombili də həmin vaxtı qaraja təqdim etmiş və avtomobildə olan nasazlıqla bağlı ona hər hansı irad bildirilməmişdir. Əks halda onun işdən çıxmasına razılıq verməzdilər. Bundan başqa avtomobilin bundan əvvəl sağ tərəfdən qəzalı olmasına və həmin müddətdə əmək haqqından vəsait tutulmasına baxmayaraq, ondan hansı əsasla törətmədiyi əmələ görə işdən çıxdığı vaxtdan 2 il müddət sonra iddia ilə məhkəməyə müraciət edilməsi aydın deyildir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçı olan şirkətdə əmək müqaviləsi əsasında işləmişdir. Maaşı isə 450 manat olmuşdur. Daha sonra idarə etdiyi nəqliyyat vasitəsini vurmuşdur. Buna görə hər ay maaşından 140 manat tutulmuşdur. O. işdən çıxanda sənədlərin hamısına imza etmişdir. Əmək müqaviləsi əsasında işləsə də, maaşını əlbəəl almışdır. Həmin iş yerindən 3-4 ildən çoxdur ki, çıxmışdır. Lakin baş vermiş hadisədən sonra 8 ay müddətində həmin MMC-də işləmişdir. Novruz bayramı ərəfəsində, bayrama 2-3 gün qalmış işdən çıxmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan 27 noyabr 2017-ci il tarixli xidmət müqaviləsindən görünür ki, icraçı yəni Cavabdeh sifarişçinin (İddiaçı MMC) istifadəsində olan avtomobil ilə sifarişçidən aldığı sifarişlər əsasında AR ərazisində yükdaşımanı həyata keçirir. Müqavilənin 2.1-ci maddəsinə əsasən xidmət haqqı aylıq olaraq 200 manat məbləğində müəyyən edilir və bu məbləğ ay başa çatandan sonra , növbəti ayın 5-nə qədər, nağd olaraq icraçıya ödənilir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və müqavilənin müddəti 2 ildir. İcarəyə verən X1 ilə icarəçi adlandırılan İddiaçı MMC arasında bağlanan 05 iyun 2017-ci il tarixli icarə müqavilsindən görünür ki, icarəyəverən qanuni əsaslarla ona məxsus olan JAMKP342D7P06979 şassi nömrəli, "xxxx" Yük markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı evakuatoru icarəçiyə icarəyə verir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi bu müqavilə ilə qeyd edilmiş nəqliyyat vasitəsinə görə bu müqavilə qüvvədə olduğu müddə ərzində aylıq 750 manat icarə haqqı ödəyir. Müqavilənin 5.3-cü bəndinə əsasən icarəçi onun səlahiyyətli nümayəndəsi və ya üçüncü şəxslər tərəfindən icarə predmeti olan nqliyyat vasitəsinə vurulmuş ziyanı birbaşa səlahiyyətli nümayəsindən və ya üçüncü şəxsdən müstəqil tələb edə bilər. İcarə müqaviləsinə 01 saylı, 03.06.2020-ci il tarixli əlavədən görünür ki, müqavilənin 4.1-ci bəndinə əsasən 15/17 saylı, 05 iyun 2017-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinin müddəti 05.06.2021-ci il tarixinədək uzadılır. ANAZ MMC tərəfindən verilən “İsuzuNPR Xüsusi” Yük markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı evakuatora dəymiş zərər barəsində tərtib olunan aktdan görünür ki, toplam olaraq evakuatora 3000 manat məbləğində zərər dəymişdir. İddiaçı MMC tərəfindən verilən 064 seriyalı yol vərəqəsindən görünür ki, Cavabdeh verilən “İsuzuNPR Xüsusi” Yük markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili 27.03.2019-cu il tarixindən 27.04.2019-cu il tarixinədək idarə etmək üçün səlahiyyət verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 09 iyul 2021-ci il tarixli 9/3273 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-in 02.04.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı "xxxx" markalı, **- EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3000 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 manatdır. "xxxx" MMC tərəfindən 20 saylı Vəkil Bürosunun vəkili Vəkil verilən arayışdan görünür ki, nəqliyyat vasitəsinin emalatxanaya daxil olarkən ümumi texniki vəziyyəti videoyazılar vasitəsilə qeydə alınır. **-EO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə də 02.04.2019-cu il tarixində video-görüntü qeydiyyatı alınsa da, tarixin üzərindən uzun müddət keçdiyinə görə video-yazı yaddaşda saxlanılmamışdır. Bildirilmişdir ki, görüntülərin yaddaşda saxlanılma müddəti yalnız 3 ay təşkil edir. "xxxx" MMC tərəfindən tərtib edilən təhvil-təslim aktından görünür ki, **-EO-*** dövlət qeydiyyat nişanlı, “İsuzu NPR” markalı evakuator İddiaçı MMC-nin nümayəndəsi Cümşüdov Çingiz tərəfindən təhvil verilmiş və "xxxx" MMC-nin nümayəndəsi Xasıyev Saleh tərəfindən təhvil alınmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X1 ilə İddiaçı MMC arasında bağlanan icarə müqaviləsi ilə X1 mülkiyyətində olan avtomobili müqavilə müddəti sonradan uzadılmaqla İddiaçı MMC-yə icarəyə vermişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan xidməti müqaviləyə əsasən isə MMC icarəsində olan "xxxx" Yük markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı evakuatoru yol vərəqəsi əsasında idarə etməsi üçün Cavabdeh vermişdir. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evakuatordan istifadə etdiyi dövrdə onu vurmaqla yararsız hala saldığını və MMC-yə vurulmuş zərəri ödəmədən yararsız halda təhvil verdiyini bildirir. Vurulmuş zərərin dəyəri "xxxx" MMC tərəfindən tərtib olunan akt ilə 3000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak edərək, evakuatoru vaxtı ilə vurduğunu, həmin vurulmanın hazırki iddia tələbi ilə heç bir bağlılığının olmadığını bildirir. Belə ki, həmin hadisədən sonra 8 ay müddətindən MMC-də işləməyə davam etmişdir. Vurduğu zərərə görə əmək haqqından tutulmalar olduğunu, idarə etdiyi evakuatoru MMC-yə təhvil verməklə işdən çıxdığını, rəhbərliyin isə bütün sənədləri lazımı qaydada imzaladığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, iddiaçı ilə İcarəyə verən X1 arasında bağlanan 05 iyun 2017-ci il tarixli icarə müqaviləsi imzalanmış və icarəyəverən qanuni əsaslarla ona məxsus olan JAMKP342D7P06979 şassi nömrəli, "xxxx" Yük markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı evakuatoru icarəçiyə icarəyə vermişdir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən icarəçi onun səlahiyyətli nümayəndəsi və ya üçüncü şəxslər tərəfindən icarə predmeti olan nəqliyyat vasitəsinə vurulmuş ziyanı birbaşa səlahiyyətli nümayəndəsindən və ya üçüncü şəxsdən müstəqil tələb edə bilər. Odur ki, iddiaçının hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ vardır. Məhkəmə iddia tələbini münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki iş materiallarını nəzərdən keçirib məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən sonuncunun idarə etdiyi "xxxx" Yük markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı evakuatoru vurmaqla ona 3000 manat məbləğində zərər dəymiş olmasını iddia etsə də,bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yalnızca vurulmuş zərərin həcmini müəyyən edən aktı məhkəməyə təqdim etməklə kifayətlənmişdir. Ekspertiza tədqiqatı da yalnız iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktı əsasında aparılmışdır. Yəni mülki işin ekspertiza tədqiqatında olduğu müddət ərzində iddiaçı tədqiqat predmetini və ya avtomobilin qəzalı hala düşməsi zamanı çəkilən şəkillər və.s materiallar nə məhkəməyə, nə ekspertə təqdim edilməmişdir. İddiaçı tərəf həmin sənədlərin təqdim edilməsinin mümkünsüzlüyünü məhkəməyə təqdim edilmiş 11.06.2021ci il tarixli arayışla əsaslandırmışdır. Həmin arayışda qeyd olunmuşdur ki, müvafiq görüntülər 3 ay müddətində saxlanıla bilir. Hər bir halda zərərin vurulmasını təsdiq edən şəkillər mövcud olmuş olsaydı belə, zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını təsdiqləyən hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, avtomobilin müəyyən müddətlərdə cavabdeh tərəfindən yol vərəqəsi əsasında istifadə edilməsi, avtomobilə dəymiş istənilən zərərin onun tərəfindən vurulmuş olmasına dəlalət etmir. Belə ki, avtomobilin idarə edilməsinə dair yol vərəqəsinin 27.03.2019-27.04.2019-cu il müddət üçün verilməsi və müvafiq qüsur aktının 02.04.2019-cu ildə tərtib edilmiş olması avtomobilə zərər vurulmuşsa, vurulmuş zərərin birbaşa cavabdehin hərəkətləri nəticəsində vurulmasını təsdiq etmir. Eyni zamanda tərəflər arasında müqavilənin müddəti 27 noyabr 2017-ci ildən 2 il müddətinə bağlanmışdır. Lakin iddiaçı 02.04.2019-cu il tarixdə belə bir akt tərtib etməklə faktiki olaraq müqavilənin akt tərtib edilən vaxta qədər ləğv edilmiş olmasını təsdiq edir. Lakin cavabdeh tərəflər arasında münasibətlərin daha əvvəl xitam verildiyini bildirir. İddiaçı tərəf isə avtomobilin həmin tarixdə cavabdehin sahibliyində və istifadəsinə olduğunu mötəbər sübutlarla təsdiq edə bilmir. Odur ki, təqsiri müəyyən edilmədən cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin ekspertizasının keçirilməsi üçün xərclənmiş 100 manat məbləğində ekspertiza xərci, iddia rədd edildiyindən İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertizasının keçirilməsi üçün xərclənmiş 100(bir yüz) manat məbləğində ekspertiza xərci İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2374/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2374/2021
19.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver