Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2378/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “alğı-satqı müqaviləsindən irəli gələn pul məbləğinin, dəbbə pulunun və digər xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC(Texnoplus mağaza) Cavabdeh oğluna qarşı “alğı-satqı müqaviləsindən irəli gələn pul məbləğinin, dəbbə pulunun və digər xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1056 manat əsas borcun, 1584 manat dəbbə pulunun və 20 manat məhkəmə xərci ilə birlikdə, cəmi 2670 manat pul məbləğinin cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, № STN09-0113 nömrəli alğı-satqı müqaviləsi əsasında Texnoplus mağazalar şəbəkəsindən 1152 manat dəyərində “Sony Playstation 4 2TB Pro” markalı mal almışdır. Müqavilə ilkin ödənişsiz bağlanmışdır. Müqavilə isə 12 aylıq ödəmə şərti ilə hər aya 96 manat ödəniş edilmə şərtilə bağlanılmışdır. Cavabdeh xx xxxxxx 2019-cu il tarixində 96 manat olmaqla yalnız 1 ayın ödənişini etmişdir. Ondan sonra heç bir ödəniş etməmişdir. Bununla da cavabdehin MMC-yə 1056 manat əsas, xx xxxxxxx 2020-ci il tarixinə isə 1584 manat cərimə borcu yaranmışdır. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixində Cavabdeh Vahid oğluna pretenziya məktubu göndərilmiş və 10 gün müddət təyin edilmişdir. Daha əvvəllər cavabdehə bir neçə dəfə şifahi xəbərdarlıq edilmiş, lakin borc məbləğindən ödəniş edilməmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli, №STN09-0113 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1152 manat olan “Sony Playstation 4 2TB Pro” məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 96 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxxxx 2019-cu il, sonuncu ödəniş tarixi xx xxxxxxx 2020-ci il müəyyən edilmişdir. 10 oktyabr 2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №STN09-0113 saylı müqaviləyə əsasən “Sony Playstation 4 2TB Pro” məhsulu İddiaçı MMC-dən təhvil almışdır xx xxxxxx 2020-ci il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlnun xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 1056 manat, cərimə borcu xx.xx.2020-ci il tarixinədək 1584 manat borcu vardır. xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli, № STN09-0113 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq ödəniş etməyi, bu şərtləri pozduqda müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə hər gecikdirilən gün üçün aylıq ödənişin 1% həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Həmin əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödəniş etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, yəni 10 oktyabr 2019-cu il tarixli, №STN09-0113 saylı müqavilə üzrə 1152 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, 10 oktyabr 2019-cu il tarixli, №STN09-0113 saylı nisyə alqı-satqı müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən qeyd edilən müqavilə üzrə hesablanmış 1584 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən tələb olunan cərimə məbləği azaldılmalı və 10 oktyabr 2019-cu il tarixli, №STN09-0113 saylı müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10 oktyabr 2019-cu il tarixli, №STN09- 0113 saylı müqavilə üzrə 1056 manat əsas, 10 manat cərimə olmaqla, ümumilikdə 1066 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10 oktyabr 2019-cu il tarixli, №STN09-0113 saylı müqavilə üzrə 1056 (bir min əlli altı) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, müqavilə üzrə ümumilikdə 1066 (bir min altmış altı) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh Vahid oğlundan tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2378/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2378/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver