Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2381/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X8, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh və X5 nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X9 və 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə, habelə vəkil xidmətinə görə ödənilmiş pulun və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pasport qeydiyyatında olduğu Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evinə köçürülməsi və istifadə hüququnun tanınması, habelə vəkil xidmətinə görə ödənilmiş 150 manat pulun və 20 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 1979-cu il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx xxxx 1982-ci il tarixdə X12 və xx.xx.1984-cü il tarixdə X16 doğulmuşdur. Cavabdeh ilə son zamanlar ailə münasibətləri pozulmağa başlamışdır. Buna səbəb cavabdehin digər qadınla nikahdan kənar münasibətdə olması olmuşdur. Bununla bağlı cavabdeh müxtəlif bəhanələrlə ailə daxili münaqişələr yaratmağa başlamış, onu mütəmadi olaraq təhqir ermiş və döymüşdür. Buna görə o, məcburiyyət qarşısında qalaraq, qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Goradil qəsəbəsi, 1060 nömrəli evi xx xxxxxx 2019-cu il tarixdə tərk edərək, 90 yaşlı atasının himayəsinə sığınmışdır. Onlar əvvəllər Bakı şəhəri, Azadlıq prospekti 142, 33 saylı mənzildə yaşamışlar, lakin sonradan cavabdeh onun sadəlövlüyündən sui-istifadə edərək, həmin mənzili satmışdr. Buna görə də, 2014-cü ildən xx xxxxxx 2019-cu il tarixədək həmin baş evində yaşamış və hazırda bu evdə pasport qeydiyyatında olsa da, cavabdeh onu yaşamaq üçün həmin evə buraxmır. Hazırda yaşadığı və atasına məxsus olan mənzil də mübahisəli olduğundan həmin evdən də çıxmaq məcburiyyətindədir. Dəfələrlə qeydiyyatda olduğu və yaşadığı evə qayıtmaq istəsə də, cavabdehin zorakı hərəkətləri nəticəsində qayıda bilməmişdir. O, uzun müddət cavabdehlə birlikdə həmin bağ evində yaşamış və onunla birgə təsərrufat aparmış, komunal xərclərin ödənilməsində iştirak etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək və X10, habelə 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisini də cavabdeh qismində işə cəlb edərək, “Mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülmə” tələbini Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evinə dair cavabdehlər Cavabdeh ilə X13 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisi tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, onun Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi tələbi ilə əvəz edilməsi, habelə iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh və X5 nümayəndəsi və vəkili X14 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli bağ evi əvvəllər Cavabdeh atası X7 mülkiyyətində olmuş və bu şəxs xx.xx.2008-ci il tarixdə evi Cavabdeh, Cavabdeh isə xx.xx.2019-cu il tarixdə öz anası, yəni digər cavabdeh X9 bağışlamışdır. Bu baxımdan iddiaçının həmin əmlaka dair mülkiyyət hüququ yaranmamışdır. İddiaçı əvəllər Cavabdeh mülkiyyətində olan başqa mənzildə yaşamışdır. Sonradan cavabdeh mənzili satmış və onun razılığı ilə iddiaçı 2017-ci ildə bağ evinə köçərək, bir müddət orada yaşamışdır. 2019-cu ilin yanvar ayında isə bağ evini könüllü olaraq tərk edib öz valideyninin mənzilinə köçmüşdür. Bundan sonra isə onların arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 2012-2014-cü illərdə mübahisəli bağ evində gözətçi qismində işləmiş və evin həyətində yaşamışdır. İddiaçı ilə çox yaxşı münasibətdə olmuş, Cavabdeh ilə münasibətləri soyuq olmuşdur. Hətta xatırlayır ki, 2014-cü ildə bağ evindən gedəndə Cavabdeh onu açılamışdır. Gözətçi işlədiyi dövrdə onun xidmət haqqını iddiaçının oğlu ona ödəmiş, həmin evdən getməyinin səbəbi də xidmət haqqının az olmağı olmuşdur. İddiaçı və Cavabdeh onun gözətçi işlədiyi vaxtlarda bağ evinə həftə sonu, yəni şənbə və bazar günləri, habelə bayram və tətil günlərində gəlirdilər. 2017-ci ildən isə onlar bağ evinə daimi əsaslarla köçüb yaşamağa başlamışdılar. Belə ki, o, onların evindən 2014-cü ildə çıxsa da, qonşuluqda yerləşən bağ evinin gözətçisi olmuş və həm iddiaçını, həm də Cavabdeh bağ evində daimi əsaslarla yaşadığını görmüşdür. 2019-cu ildən iddiaçını həmin evdə görməmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 2017-ci ilin avqust ayından 2018-ci ilin fevrla-mart aylarına kimi mübahisəli bağ evində bağban kimi işləmişdir. Həmin vaxt iddiaçı və Cavabdeh daimi əsaslarla bağ evində yaşayırdı. Həmin evdə X10 da görmüşdür. Lakin o, evdə çox qalmamışdır. O, bağ evində işləyən zaman X1 da onun yanına gəlib getmişdi. İddiaçının uşaqları da gəlib evdə qalırdılar. Sonradan Cavabdeh ilə yola getmədiyindən bağ evindən getmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinə məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən bu cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə bu cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını, habelə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd ediıməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan xx.xx.1982-ci il tarixdə X12 və xx.xx.1984-cü il tarixdə X16 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh X2 Kamal Yunis oğlunun anası, İddiaçı isə qaynanasıdır. Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evi Cavabdeh atası X7 mülkiyyətində olmuş və o, xx.xx.2008-ci il tarixdə bağ evini Cavabdeh bağışlamışdır. Bundan sonra sonuncu bağ evini xx.xx.2019-cu il tarixdə cavabdeh (anası) İddiaçı bağışlamış və hazırda ev sonuncunun mülkiyyətindədir. İddiaçı xx.xx.2018-ci il tarixdən bağ evində pasport qeydiyyatındadır. Hazırda İddiaçı bağışlama müqaviləsi barədə məlumatlı olmadığını, həmin evdə pasport qeydiyyatında olmasına baxmayaraq, bağışlama müqaviləsi bağlanarkən onun razılığının alınmamasını, bununla da həmin müqavilənin bu sahəni tənzimləyən qanunvericiliyin müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlandığını bildirir və bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Eyni zamanda, bağ evinin birgə nikah dövründə əldə edildiyini, 2014-cü ildən xx xxxxxx 2019-cu il tarixədək həmin evdə yaşadığını və iradəsinə zidd olaraq, evdən çıxarıldığını vurğulayır və bağ evindən istifadə hüququnun tanınmasını və evə köçürülməsini tələb edir. Cavabdehlər iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 125-ci maddəsinin 7-ci bölməsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə iddia tələbinin “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə, onu da qeyd edir ki, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olunur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Bununla bağlı, məhkəmə vurğulayır ki, mübahisəli bağ evi ilk olaraq X7 mülkiyyətində olmuş, sonradan onun tərəfindən notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə Cavabdeh bağışlanmışdır. Cavabdeh isə aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən həmin evi cavabdeh (anası) X9 bağışlanmışdır. Müddət etibarı ilə həmin əmlak cavabdehin mülkiyyətinə onunla iddiaçının nikahda olduğu vaxt daxil olmuş, lakin bu əmlak ümumi gəlirlər hesabına əldə edilməmiş və cavabdehə atası tərəfindən bağışlanmışdır. Bu səbəbdən qeyd edilən əmlak tərəflərin ümumi birgə mülkiyyəti hesab edilə bilməz və cavabdehin ayrıca mülkiyyətini təşkil edir. Bu baxımdan hüquqi nəticə etibarı ilə qeyd edilən əmlaka hər hansı formada sərəncam vermək üçün İddiaçı razılığı tələb edilmir. Onun həmin bağ evindən istifadə hüququnun olması da hüquqi baxımdan belə bir bağışlama müqaviləsinin bağlanmasına maneə yaratmır və onun istifadə hüququnun xitamına səbəb olmur. Bununla belə, bu müqavilə bağlanan zaman iddiaçıya münasibətdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamışdır. Bu da öz növbəsində iddia tələbini bu hissədə rədd edilməsini şərtləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə iddia tələbinin “yaşayış sahəsindən istifadə hüququnun tanınması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə Cavabdeh ilk olaraq mübahisəli bağ evində deyil, Bakı şəhərində Azadlıq prospektində yerləşən mənzildə yaşamışdılar. Bu mənzil satıldıqdan sonra isə mübahisəli bağ evinə köçmüşlər və iddiaçı xx.xx.2019-cu il tarixədək orada yaşamışdır. İddiaçının mübahisəli bağ evinə köçmə tarixi və tərk etmə əsasları ilə bağlı iddiaçı və cavabdehlərin izahatları, habelə şahid ifadələri arasında ziddiyyətlər var. Belə ki, iddiaçı 2014-cü ildən bağ evində yaşadığını, xx.xx.2019-cu il tarixdə isə həmin evdən məcburi şəkildə çıxarıldığını, cavabdehlər isə onun 2017-ci ildə bağ evinə köçdüyünü və orada bir müddət yaşadıqdan sonra könüllü şəkildə getdiyini bildirir. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfində təmin edilmiş və vaxtı ilə həmin evdə yaşamış şahidlər isə iddiaçının bağ evində daimi əsaslarla 2017-ci ildən yaşaması barədə ifadə verirlər. Hər bir halda, iddiaçı bağ evində xx xxxxxxx 2009-cu il tarixdən sonra daimi əsaslarla yaşamağa başlamışdır. Bu səbəbdən iddiaçının həmin bağ evindən istifadə hüququnun yaranıbyaranmaması məsələsinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cü maddəsinin tələbləri tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh nikahda olsalar da, iddiaçının cavabdehin ayrıca mülkiyyətində olan (ümumi birgə mülkiyyət olmayan) bütün yaşayış sahələrindən istifadə etmək hüququ yaranmış olmur. Bunun üçün Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iki halın mövcud olması vacibdir. Birincisi – iddiaçı Cavabdeh ailə üzvü olmalı, ikincisi – yaşayış sahəsində köçürülməli və onunla birlikdə yaşamalıdır. Göründüyü kimi, hər iki hal mövcud olmuş və iddiaçı ailə üzvü olaraq cavabdeh (əri) Cavabdeh ayrıca mülkiyyətində olan bağ evinə köçmüş və orada xx.xx.2019-cu il tarixədək yaşamışdır. Bu baxımdan onun mübahisəli bağ evindən istifadə etmək hüququ yaranmışdır. Lakin tərəflər arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və onların ailə münasibətlərinə xitam verilmişdir. Bundan sonra iddiaçı cavabdehə münasibətdə “keçmiş ailə üzvü” statusu əldə etmiş və buna uyğun olaraq, bağ evindən istifadə etmək hüququnu itirmişdir. Həmin bağ evi hazırda cavabdeh X5 mülkiyyətindədir. İddiaçı onun ailə üzvü deyil, onun oğlu (cavabdeh) Cavabdeh keçmiş ailə üzvüdür. İddiaçı yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin plenum qərarında nümayiş etdirilmiş hüquqi mövqey baxımından evin hazırki mülkiyyətçisi olan cavabdeh X4 özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid edilmədiyindən ona münasibədə “digər qohum” statusu da daşımır. İddiaçı hazırda müliyyətçiyə münasibətdə “digər şəxs” statusu ilə çıxış edir. Bu baxımdan da onun həmin əmlakdan istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində təsbit edilmiş prosedura riayət edilməli idi. Lakin göründüyü kimi, iddiaçının mübahisəli evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla cavabdeh arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır (bu maddə hazırda qüvvədədir və iddiaçının istifadə hüququnun əmələ gəlməsi üçün tərəflərin bu maddələrdə təsbit edilmiş prosedurdan istifadə edilməsinə hər hansı qadağa mövcud deyil. Xüsusilə də iddiaçının istifadə hüququnun yaranması üçün tələb olunan statusa malik olmadığı bir halda). Beləliklə, məhkəmə vurğulayır ki, iddiaçının mübahisəli bağ evindən istifadə etmək hüququ yaransa da, sonradan ailə münasibətlərinə xitam verildiyindən o, bu hüququnu itirmişdir. Hazırda da onun belə bir hüququnun tanınması üçün hər hansı əsas mövcud deyil. Bu səbəbdən iddia tələbi “yaşayış sahəsindən istifadə hüququnun tanınması” hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə, iddia üzrə “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “yaşayış sahəsinə köçürülmə” hissəsinin bu tələbə münasibətdə törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “yaşayış sahəsindən istifadə hüququnun tanınması” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “yaşayış sahəsinə köçürülmə” hissəsində də əsassızdır və rədd edilməlidir. Eyni qaydada məhkəmə hesab edir ki, iddia tələbi “vəkil xidmətinə görə ödənilmiş pulun və dövlət rüsumunun tutulması” hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh, X9 və 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə, habelə vəkil xidmətinə görə ödənilmiş pulun və dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X9 və 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə, habelə vəkil xidmətinə görə ödənilmiş pulun və dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-2381/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2381/2020
21.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver