Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2386/2022 02.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1” ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 50,35 manat əsas, 0,2 manat faiz, cəmi 50,55 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 16 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 30% ödəmək şərtilə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Müqavilənin 4.2.16cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 01 mart 2022-ci il tarixinə 50,35 manat əsas, 0,2 manat faiz, cəmi 50,55 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “X1” ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, onun hazırda banka borcu yoxdur. Belə ki, tələb olunan borc onun tərəfindən ödənilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı ilə iddiaçı “X1” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında qəbul edilmiş 2(001)-2386/2022 saylı mülki iş iddia icraatına keçirilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 31,65 manat əsas, 0,84 manat faiz, cəmi 32,49 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, iddia tələbini müdafiə etdiyini bildirərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, borcunu tam olaraq banka ödəmiş və qəbzi də məhkəməyə təqdim etmişdir. Lakin onun tərəfindən ödənilmiş borcun bir hissəsi bank tərəfindən məhkəmə rüsumunun ödənilməsinə yönəldilmişdir. Bu isə qanunsuzdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 16 iyul 2014-cü il tarixli, 4442tkNFT/14 saylı Kredit xətti və bank hesabı müqaviləsinə əsasən bank borcalana 84 ay (60 ay kredit xətti, 24 ay kredit) müddətinə illik 30% dərəcəsi ilə 500 manat məbləğində kredit limiti ayırır, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür; “X1” ASC tərəfindən borclu Cavabdeh ünvanlanan 16 dekabr 2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə banka olan borcunu 3 iş günü müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur; “X1” ASC-nin 01 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 50,35 manat, faiz üzrə borcu 0,2 manat olmaqla, cəmi 50,55 manat məbləğində borcu var; 07 aprel 2022-ci il tarixli e-manat ödəniş sisteminin mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən “X1” ASC-nin hesabına 51 manat məbləğində ödəniş edilmişdir; “X1” ASC-nin hesabdan çıxarışından görünür ki, 07 aprel 2022-ci il tarixdə Cavabdeh tərəfindən e –manat ödəniş sistemi vasitəsilə banka 51 manat məbləğində ödəniş edilmiş, həmin ödənişin 30 manatı məhkəmə rüsumu üzrə xərcə, 2,3 manatı vaxtı keçmiş kredit üzrə cərimə (əsas) faizlərə, qalan 18,7 manatı isə vaxtı keçmiş kreditin ödənişinə yönəlmişdir; “X1” ASC-nin 06 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 31,65 manat, faiz üzrə borcu 0,84 manat olmaqla, cəmi 32,49 manat məbləğində borcu var; 01 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 16 iyul 2014-cü il tarixli, 4442tkNFT/14 saylı Kredit xətti və bank hesabı müqaviləsinə əsasən bank borcalana 84 ay (60 ay kredit xətti, 24 ay kredit) müddətinə illik 30% dərəcəsi ilə 500 manat məbləğində kredit limiti ayırmış, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Bank 14 mart 2022-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilmədiyini bildirərək, cavabdehdən 50,55 manat məbləğində kredit borcunun (50,35 əsas borc, 0,2 manat faiz borcu) onun xeyrinə tutulmasını xahiş etmişdir. 07 aprel 2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı banka 51 manat məbləğində ödəniş edilmiş, iddiaçı tərəfindən həmin ödənişin 30 manatı məhkəmə rüsumu üzrə xərcə, 2,3 manatı vaxtı keçmiş kredit üzrə cərimə (əsas) faizlərə, qalan 18,7 manatı isə vaxtı keçmiş kreditin ödənişinə yönəlmişdir. Hazırda iddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehdən kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 31,65 manat borc, faiz üzrə 0,84 manat borc olmaqla, cəmi 32,49 manat məbləğində borc tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək ondan tələb edilən borcu banka ödədiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia ərizəsində tələb olunan borc cavabdeh tərəfindən tam olaraq ödənilmiş və bununla da onun həmin müqavilə üzrə öhdəliyinə xitam verilmişdir. Lakin buna baxmayaraq, iddiaçı cavabdeh tərəfindən ödənilmiş məbləği tam olaraq borcun ödənilməsinə deyil, 30 manatını məhkəmə rüsumu üzrə xərcə yönəltmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ödənilmiş kredit borcundan birinci növbədə məhkəmə xərclərinin çıxılması mülki qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, Azərbaycan Respublilkası Mülki Məcəlləsinin 440.4-cü maddəsi (Borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bundan əlavə, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi məsələsini həll etməklə öz qətnaməsində əks etdirməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin: 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır; 114.1, 114.1.3-cü və 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa və baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddiaçıya iddianın məhkəmədə qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun ona qaytarılması ilə bağlı qaydalar müəyyən etsə də, iddiaçı bundan istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2386/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2386/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver