Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2410/2021 21.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi «X1 Company» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “5 Saylı” filialı ilə Cavabdeh1 arasında 29.07.2009-cu il tarixli 193 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 12 ay müddətində qaytarma şərtləri daxilində və onun kredit aldığı gündən başlayaraq illik 30 faiz ödəməsi şərti ilə 5000 ABŞ dolları məbləğində pul vəsaiti götürmüşdür. İddiaçı ASC-nin “5 Saylı” filialı ilə Cavabdeh1 və zamin X6 arasında 29.07.2009-cu il tarixli 193 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 29.10.2009-cu il tarixli müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Müqavilə üzrə banka kedit borcundan 691,01 ABŞ dolları, faiz borcundan 1257,99 ABŞ dolları, cəmi 1949 ABŞ dolları məbləğində ödəniş etmişdir. 27.11.2013-cü il tarixə cavabdehin banka kredit borcu üzrə 4309 ABŞ dolları, faiz borcu üzrə 4545 ABŞ dolları, cəmi 8854 ABŞ dolları məbləğində borcu vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2014-cü il tarixli, 2(001)- 480/2014 saylı qiyabi qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 4 309 ABŞ dolları əsas kredit borcu, 1233,34 ABŞ dolları faiz borcu, cəmi 5 542.34 ABŞ dolları məbləğində borcun LPO İddiaçı ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh X7 ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2014-cü il tarixli, 2(001)-480/2014 saylı qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)- 480/2014 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2014-cü il tarixli, 2(001)-480/2014 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən 2013-cü ildə Cavabdeh2 qarşı ümumiyyətlə artıq hər hansı tələb irəli sürülə bilməzdi. Belə ki, kredit müqaviləsi 29.07.2009-cu il tarixdə 12 ay müddətinə bağlanmış, hazırkı iddia ərizəsi isə məhkəməyə 06.12.2013-cü il tarixdə daxil olmuşdur. Cavabdeh2 həmin vaxt məhkəmə araşdırılmasından xəbəri olmamış və yalnız bu yaxında icra məmuru onunla əlaqə saxlayandan sonra onun barəsində qiyabi qətnamənin qəbul edilməsini bilmişdir. 17.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 məhkəməyə bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 193 saylı, 29.07.2009-cu il tarixli kredit müqaviləsindəki və 29 iyul 2009-cu il tarixli 05 nömrəli Məxaric orderindəki adının qarşısındakı imzalar onun tərəfindən icra edilməmiş, ona məxsus deyildir, ümumiyyətlə İddiaçı ASC-dən kredit götürməmişdir. Şəxsiyyət vəsiqəsini Nuridə adında qadına vermiş və sonradan xəbər tutmuşdur ki, onun adına kredit götürülüb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.12.2010-cu il tarixli, 1(006)-390/2010 saylı hökmündə aşağıdakılar göstərilmişdir: “ ... Təqsirləndirilən şəxs X12 ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Cavabdeh1 təxminən 20 ilə yaxındır ki, tanıyır. Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsində yerləşən aptekdə 2007-ci ilin aprel ayından 2009-cu ilin axırlarınadək olan müddətdə işləmiş, həmin müddətdə Cavabdeh1 onun işlədiyi aptekə tez-tez gələrək xəstəliyi ilə bağlı ondan dərmanlar almışdır. Cavabdeh1 taksi avtomaşını idarə etdiyindən, taksi şoferi kimi bir neçə dəfə onu Bakı şəhərinin müxtəlif yerlərinə aparmışdır. X5 da təxminən 20 ilə yaxındır ki, tanıyır. Kəmalə onun qonşusu olmuşdur. 2009-cu ilin iyul ayının ortalarında o, Cavabdeh1 bankdan kreditə pul götürmək istədiyini və bunun üçün ona şəxsiyyət vəsiqəsi lazım olduğunu bildirmişdir. Bu səbəbdən, o, Ağarzadan şəxsiyyət vəsiqəsini ona verməsini xahiş etmiş, sonuncu öz razılığını bildirərək, şəxsiyyət vəsiqəsini ona vermişdir. O, həmçinin Kəmalə Seyidbəyovaya bankdan kreditə pul götürmək istədiyini bildirmiş və bu məqsədlə ona onun şəxsiyyət vəsiqəsinin lazım olduğunu demiş, Kəmalə də, ona öz şəxsiyyət vəsiqəsini vermişdir. 2009-cu ilin iyul ayının ortalarında «Azərdəzgahsənaye» İB-nin künc ştampı və aşağısında möhürü vurulmuş və imzalanmış halda arayışları «Xəlil» adlı şəxsdən aldıqdan sonra o, həmin arayışın birində künc ştampında 538,23 rəqəmlərini, avqust sözünü, arayış hissəsində isə Cavabdeh1, 9 fevral, fəhlə, beş yüz əlli, banka, 2-ci arayışın künc ştampında isə 554,23 rəqəmlərini, iyul sözlərini, arayış hissəsində isə Seyidbəyova Kəmalə, 15 oktyabr, mühasib, üç yüz iyirmi və banka sözlərini öz dəst-xətti ilə yazıb həmin arayışları saxtalaşdırmışdır. ... İş üzrə təyin olunmuş sənədlərin məhkəmə texniki ekspertizasının 04 avqust 2009-cu il tarixli, 10652 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh1 adına olan 23 iyul 2009-cu il tarixli 538 saylı, Kəmalə Seyidbəyovanın adına olan 23 iyul 2009-cu il tarixli, 539 saylı, Leyla Allahverdiyevanın adına olan 04 avqust 2009-cu il tarixli, 573 saylı arayışlardakı ştamp və möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş Cavabdeh1 adına olan 23 iyul 2009-cu il tarixli, 538 saylı, Kəmalə Seyidbəyovanın adına olan 23 iyul 2009-cu il tarixli, 539 saylı, Leyla Allahverdiyevanın adına olan 04 avqust 2009-cu il tarixli, 573 saylı arayışlardakı möhür əksləri müqayisəli tədqiqat üçün ekspertizaya təqdim edilmiş «Azərdəzgahsənaye» İstehsalat Birliyinə məxsus möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etmir. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs X9 hazırladığı hüquq verən və bilə-bilə istifadə etdiyi Cavabdeh1 “Azərdəzgahsənaye” İB-də fəhlə işləməsi və 500 manat məbləğində əmək haqqı alması barədə 23 iyul 2009-cu iİ tarixli, 538 saylı və X4 “Azərdəzgahsənaye’ İB-də mühasib işləməsi və 300 manat məbləğində əmək haqqı alması barədə 23 iyul 2009-cu il tarixli, 539 saylı və X3 «Azərdəzgahsənaye» İB-də kompyuter mütəxəssisi işləməsi və 265 manat məbləğində əmək haqqı alması barədə 04 avqust 2009-cu il tarixli, 573 saylı saxta arayışlar 04 avqust 2010-cu il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmışdır. ... Məhkəmə toplanmış sübutları araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün tam etirafı, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir”. Beləliklə, iş materiallarından göründüyü kimi, faktiki olaraq bankdan kreditin Cavabdeh1 tərəfindən deyil, X12 tərəfindən sənədlərin saxtalaşdırılması yolu ilə götürülməsi cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktları ilə təsdiq olunur. Həmin məhkəmə aktları sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivindən məhkəməyə təqdim edilmiş və 17.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında sorğuya cavab tərəflərə elan edilərkən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə bildirmişdir ki, X9 cinayət işi üzrə təqsirli bilinməsi, kredit müqaviləsini imzalamış Cavabdeh1 məsuliyyətdən azad etmir. Cavabdeh1 isə kredit müqaviləsini ümumiyyətlə imzalamasını məhkəməyə bildirmiş və məhkəmə yaranmış zərurəti nəzərə alaraq iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. İş materiallarında olan 23.08.2021-ci il tarixli, 4/956 sayı ekspert rəyində göstərilmişdir ki, “ ... eskpertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində olan 29.07.2009-cu il tarixli, 193 nömrəli Kredit müqaviləsinin aşağı sağ hissəsində “Borcalan” qrafasında olan imza, mülki işin 98-ci vərəqində olan 29.07.2009-cu il tarixli “Məxaric orderi”nin aşağı sol hissəsində “Vəsaiti aldım” qrafasında olan imza Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Cavabdeh2 münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 12 ay müddətinə bağlanmış 29.07.2009-cu il tarixli, 193 saylı Kredit müqaviləsi legitim olsa idi belə, 2013-cü ildə məhkəməyə müraciət etmiş iddiaçının iddia ərizəsi əsasında zamindən borcun tutulması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. 29.07.2009-cu il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Belə ki, qeyd olunan müqavilə 12 ay müddətinə bağlanmış, iddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 06.12.2013-cü il tarixdə müraciət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının 188 (yüz səksən səkkiz) manat dəyəri LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X8, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2410/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2410/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver