Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2422/2021 10.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi zərərin aradan qaldırılması və ya nağd şəkildə ona ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun qanuni mənafeyinə vurulmuş 10000 manat məbləğində maddi zərərin aradan qaldırılması və ya bu məbləğin nəğd şəkildə ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı əsl olmayan cavabdehi əsl cavabdehlə əvəz etmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsl cavabdeh kimi prosesə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonunun Xocəsən Bələdiyyəsinin 19 iyul 2004-cü il tarixli 78 saylı qərarına əsasən Sulutəpə qəsəbəsinin R.Allahverdiyev küçəsi, döngə 1 ünvanında ayrılmış 600 kv.m torpaq sahəsində tərəfindən fərdi yaşayış evi inşa edilmiş və evin ətrafı mişar daşı ilə hasarlanmışdır. Hasarlanmış ərazi Cavabdeh ilə qonşuluq ərazisinin sərhədləmiş və uzun illər təyinatı üzrə istifadə olunmuşdur. 2019-cu ildə şirkətin ərazisində aparılmış torpaq-qazma işləri nəticəsində hörgüdə istifadə olunmuş daş hasarın 17 metrlik hissə, 60 kv.m döşəmə daşı dağıdılmış, 8 ədəd meyvə ağacı kökündən çıxarılmış təsərrüfat təyinatlı yardımçı tikili istifadəyə yararsız hala salınmış, nəticədə isə mülkiyyətinə külli miqdarda maddi zərər vurulmuşdur. Daş hasarın uçulması nəticəsində hörgüdə istifadə olunmuş tikinti materialları sürüşmüş torpaq layının altında qalmış və mişar daşlarının yenidən istifadəsi mümkünsüz olmuşdur. Bilavasitə şirkətin həyata keçirdiyi torpaq-qazma işlərinin nəticəsində daş hasarın uçurulması ilə ona real zərər vurulmuşdur. Faktla bağlı tərəfindən Binəqədi RPİ-nin 40-cı PB-nə, FHN-ə və digər aidiyyəti orqanlarında müraciətlər ünvanlanmışdır. Nəticədə onun mənafeyinə zərərin məhz cavabdeh tərəfindən vurulduğu tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən cavabdehə 06 iyul 2020-ci il tarixli 37/36-03880 saylı rəsmi göstəriş ünvanlanaraq qeyd olunmuşdur ki, mütəxəssislərin keçirdiyi baxış zamanı qeyd olunan ünvanda şirkətin istifadəsində olan ərazidə bünövrə çalasının qazılıb və təkrar doldurulması faktı öz təsdiqini tapmışdır. Bu faktın müəyyən edilməsi səbəbindən Agentliyin rəis müavini Təyyar Hüseynli şirkətin rəhbərliyindən yaranmış narahatlığın aradan qaldırlması və həmin ərazidə yaşayan vətəndaşların təhlükəsizliyin təmin edilməsini tələb etmişdir. FHNnin bu göstərişindən yayınan şirkət rəhbərliyi uçurulmuş hasarın yenidən inşasını həyata keçirməmiş, ərazidə mövcud olan real təhlükəni aradan qaldırmamış və qanuni mənafeyinə vurulmuş zərərin əvəzi ödənilməmişdir. Bununla bağlı cavabdeh şirkətə tərəfindən 11 avqust 2020-ci il tarixli pretenziya ünvanlanaraq uçurulmuş hasarın yenidən inşa edilməsi və ya qanuni mənafeyinə vurulmuş 10000 manat məbləğində maddi zərərin ödənilməsi xahiş edilmişdir. Lakin şirkət tərəfindən hər hansı tədbir görülməmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, əmlakına vurulmuş zərərin üstündən 2 il 1 ay müddət keçmiş olsa da, şirkət tərəfindən ona dəyən zərər ödənilməmişdir. Hazırda evinin sənədləri yoxdur. Lakin evin sənədinin olmamasının hazırki mübahisəyə aidiyyatı yoxdur. Belə ki, əgər zərər vurulan hasar ona məxsus olmayıbsa, nə üçün şirkətin əməkdaşları tərəfindən həmin hasar yenidən bərpa edilmişdir. O evi Zakir adlı şəxsdən etibarnamə əsasında almışdır. Tikiliyə dair hər hansı sənədi yoxdur. Ekspert həmin ünvana gəldikdə hasarı bərpa edilmiş halda olmuşdur. Ekspertizanın keçirilməsi üçün ekspertə köhnə şəkillər təqdim edilmişdir. Ekspertiza rəy verərkən ona yerindən çıxarılan ağacların kötüylərinin yerlərini də göstərmişdir. Bundan başqa cavabdehin əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil Vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan hasar şirkətin hasarıdır. Bu səbəbdən şirkət öz hasarını bərpa etmişdir. Ərazi Zakir İbrahimovun olmuşdur. İddiaçı ilə bağlı Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə sorğu ilə müraciət etmiş, lakin adına hər hansı əmlakının olmadığını müəyyən etmişdir. Son olaraq isə 13.08.2021-ci il tarixində məhkəməyə ünvanladığı yazılı etirazını müdafiə etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ümumiyyətlə cavabdehə qarşı iddia ərizəsini vermək üçün subyektiv hüququ yoxdur. Belə ki, Xocəsən Bələdiyyəsinin 19 iyul 2004-cü il tarixli 78 saylı qərarının, beh müqaviləsinin və onun adına Zakir İbrahimov tərəfindən verilmiş 11.02.2004-cü il tarixli etibarnamənin surətləri ilə əsaslandırmışdır. Həmin sənədlərin əsilləri və yaxud notarial qaydada təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Binəqədi rayon Xocəsən Bələdiyyəsinə, Binəqədi RİH-nə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə vəkil sorğusu ünvanlanmışdır. Sorğulara cavab olaraq bildirilmişdir ki, iddiaçının adına Xocasən Bələdiyyəsinin 19 iyul 2004-cü il tarixli 78 saylı qərarına əsasən heç bir məlumat yoxdur. İş materialları ilə tanış olduqdan sonra məlum olmuşdur ki, Xocəsən Bələdiyyəsinin 19 iyul 2004-cü il tarixli 78 saylı qərarına əsasən 600 kv.m torpaq sahəsi X3 ayrılmışdır. Daha sonra X7 Bələdiyyəsi arasında 19 iyul 2004-cü il tarixdə torpaqların alğı-satqısına dair Akt imzalanmışdır. Həmin sənədlərin qanuni olması şübhə yaradır. Buna görə də hesab edir ki, Xocasən Bələdiyyəsinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı mütləq şəkildə göndərilməlidir. Bundan başqa iddiaçıya Zakir İbrahimov tərəfindən verilmiş 11.02.2004-cü il tarixli etibarnamənin mətninə baxıldığında Xocəsən Bələdiyyəsinin 19 iyul 2004-cü il tarixli 78 saylı qərarına əsasən Zakir İbrahimovun adına olan Xocəsən Bələdiyyəsi ərazisində yerləşən 600 kv.m torpağın özəlləşdirməyi, sərəncam verməyi, tikinti işləri aparmağı, DT və XK-də Bakı şəhər İH-də, Bələdiyyədə və digər aidiyyəti orqanlarda Z.İbrahimovu təmsil etməyi, sənədləri DXDRXİnə təhvil verib çıxarışı almağı və s. hərəkətlərin edilməsi iddiaçıya etibar edilmişdir. Necə ola bilər ki, Xocəsən Bələdiyyəsinin 78 saylı qərarı 19 iyul 2004-cü il tarixdə verilsə də, Zakir İbrahimov tərəfindən iddiaçıya etibarnamə qərar verilməmişdən 6 ay əvvəl verilir. Belə çıxır ki, etibarnamə altı ay ondan sonra qəbul ediləcək qərardan əmələ gələn hüquqları icrası üçün verilmişdir. Bu faktın özlüyündə bələdiyyə tərəfindən verilən qərarın saxta olması görünür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlər əsasında məhkəmə tərəfindən qiymətləndirmə ekspertizasının təyin edilməsi haqqında 09 mart 2021-ci il tarixdə qərardad verilmişdir. Əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bununla bağlı olaraq qeyd edir ki, "xxxx" MMC ümumiyyətlə qiymətləndirmə ilə bağlı ekspert rəyi vermək hüququna malik deyil. Çünki həmin cəmiyyətin işçilərinə Ədliyyə Nazirliyi tərəfindən ekspertiza fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilməmişdir. Ekspert qarşısında “ünvan 3 ünvanında yerləşən iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə və həyətyanı sahəyə cavabdehin torpaq-qazma işləri nəticəsində hansı hissədə və konkret olaraq hansı daşınar və daşınmaz əşyalara zərər vurulmuşdur və həmin zərərin aradan qaldırılması üçün hansı məbləğdə vəsait tələb olunur?” sualı qoyulmuşdur. "xxxx" MMC-nin rəyi ilə tanış olduqda isə görünür ki, suvaq, sadə torpaq, qara torpaq, aqlay döşəmə, metal qaz borusu, kanalizasiya trapı və boruları, kabel və projektordan başqa, 5 ədəd şam ağacı 550 manat, 1 ədəd tut ağacı 150 manat, 2 ədəd əncir ağacı 200 manat, 1 ədəd heyva ağacı 110 manat, 1 ədəd ərik ağacı 20 manat, 1 ədəd əzgil ağacı 150 manat, 45 ədəd qırqovul 1350 manat, 50 ədəd toyuq 300 manat olması qeyd olunmuşdur. Sual olunur ki, ekspertdə ağaclar, quşlar haqqında məlumat və say hardan müəyyən edilmişdir. Çünki məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş sualda hər hansı ağaclar və quşlar haqqında soruşulmur. İddiaçının özünün də verdiyi iddia ərizəsində ağaclara və quşlara hər hansı bir zərərin vurulması qeyd olunmayıb. Bundan başqa, Binəqədi rayon 40-cı Polis Bölməsinin 10.10.2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında əks olunmuş iddiaçının hadisədən sonra polisə verdiyi izahatında hər hansı ağaclara və ya quşlara zərərin dəyməsi əks olunmamışdır. İddiaçı o zaman polisə məlumat verməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintiyə X2 Agentliyinin 06.07.2020-ci il tarixli məktubunda da hər hansı ağaclar və quşlar haqqında məlumat qeyd edilməmişdir. Məhkəmə iş materiallarını məcmu halda araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisələndirilən və mübahisələndirilməyən halı aşağıdakılardan ibarətdir.
1. Cinayət işinin başlanılmasının rədd olunması barədə 10.10.2019-cu il tarixli Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısının qərarından müəyyən edilir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi,Ruslan Allahverdiyev küçəsində Aqvavita şirkəti tərəfindən su anbarının bünövrə çalasının qazıntısı zamanı yaxınlıqda yerləşən fərdi yaşayış evinə təhlükə yaranmış, torpaq sürüşməsi baş vermişdir.
2. Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 19.07.2004-cü il tarixli, 78 saylı qərarına əsasən Torpaqların alqı-satqısına dair akta tərtib edilmiş və Aqvavita şirkətinin qonşuluğunda yerləşən torpaq sahəsi Xocəsən Bələdiyyəsi tərəfindən X1.
3. X5 11.02.2014-cü il tarixli etibarnamə ilə Binəqədi rayon, Xocəsən Bələdiyyəsi tərəfindən verilmiş 19.07.2004-cü il tarixli 78 saylı Qərara əsasən onun adına olan torpaq sahəsini özəlləşdirməyi, DT və XK-də Bakı şəhər İH-də, Bələdiyyədə, digər aidiyyəti orqanlarda onu təmsil etməyi, sənədləri DƏDRXİ-nə təhvil verib Çıxarış almağı, Banka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və tapşırığın yerinə yetirilməsilə əlaqədar bütün hərəkətləri yerinə yetirməyi 11.02.1964-cü ilə qədər İddiaçı etibar etmişdir.
4. Cavabdehin nümayəndəsi hadisənin baş verdiyini və hasarın təmir edildiyini və vurulmuş zərərin aradan qalxdığı bildirir. O cümlədən həmin torpaq sahəsinə dair iddiaçının adına rəsmi qeydiyyata alınmağa dair sənəd olmadığından onun iddia vermək üçün subyektiv hüququnun olmadığını iddia edir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin deliktdən irəli gələn zərərin vurulması ilə bağlı normalarına istinad edir. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla bağlı Mülki Məcəllənin mülki hüquq pozuntularını(deliktlər) müəyyən edən normalarına nəzər yetirək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi cavabdehin torpaq sürüşməsinə səbəb olan əməli vardır və bu əməl nəticəsində əmlaka zərər dəymə faktı aşkardır. Bu məqamda subyektiv hüquq məsələsi ortaya çıxır. Cavabdehin də etirazının əsaslarından biri bu hüquqi faktın mövcud olmamasıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu barədə məhkəmənin qənaəti ondan ibarətdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının adına rəsmi reyestrdə qeydə alınmasa da, faktiki olaraq onun istifadəsində və sahibliyində olduğundan iddiaçının hazırki tələblə müraciət etmək üçün subyektiv hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004cü il 28 sentyabr tarixli, X6rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). Bu baxımdan iddiaçının onun sahibliyində və istifadəsində olan əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək üçün subyektiv hüququ vardır. Məhkəmə vurulmuş zərərin həcmini müəyyən etmək üçün müvafiq ekspertiza təyin etmiş və ekspertiza tədqiqatı zamanı zərərin həcmi aşağıdakı qaydada müəyyən edilmişdir. Ekspertiza tədqiqatında dağıntı olan ərazidə fotoşəkillər çəkilməklə iddiaçıya suvaq, sadə torpaq, qara torpaq, aqlay döşəmə, metal qaz borusu, kanalizasiya trapı və boruları, kabel və projektor, şam ağacı, tut ağacı, əncir ağacı,heyva ağacı, ərik ağacı,əzgil ağacı, qırqovul, toyuq, su,əlavə xərclərə görə cəmi 5325 manat zərər vurulması müəyyən edilmişdir. Məhkəmə ekspertiza tədqiqatının nəticəsi ilə qismən razılaşır və hesab edir ki, qiymətləndirici mütəxəssisin 45 ədəd qırqovul, 50 ədəd toyuq quşunun məhv olması və su, əlavə xərclərə görə 1955 zərər vurulmasını müəyyən edilməsi barədə gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, nə iddia ərizəsində bununla bağlı hər hansı əsaslandırma aparılmış, nə də rəydə tədqiqatın həmin hissədə hansı qaydada aparılması göstərilmişdir. Yəni ekspertin quşların sayı, suyun həcmi barədə hansı meyarla qiymətləndirmə aparması, həmçinin əlavə xərclərin nədən ibarət olması məhkəmə üçün aydın deyildir. Ümumiyyətlə məhkəmə iclasında tədqiq edilməmiş hallara dair ekspertin qiymətləndirmə aparması əsassız olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, vurulmuş zərərin həcmi qeyd edilən məbləğ çıxılmaqla müəyyən edilməlidir. Cavabdehin digər dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, dağılmış hasarın artıq bərpa edilmiş olması da, digər əmlaklara vurulmuş zərərin əvəzinin tələb edilməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3370(5325-1955) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda iddia qismən təmin edildiyindən 300 manat ekspertiza tədqiqatı dəyərinin 200 manat hissəsi İddiaçı, 100 manat hissəsi isə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3370 (üç min üç yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. 300 (üç yüz) manat ekspertiza tədqiqatı dəyərinin 200 (iki yüz) manat hissəsi İddiaçı, 100 (bir yüz) manat hissəsi isə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev