Məhkəmə qərarları › İş №2(001)-2430/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2430/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2430/2022 09.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldiməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldiməsi tələbinə dair iddia ərizəsi ilə məkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 993,52 manat, faiz borcu üzrə 528,55 manat, cəmi 1522,07 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 35, 22 manat və müvəqqəti təminat tədbirinə dair ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **- SK-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21214" markalı minik (buraxılış ili 2013, Ban XTA212140D2120134, rəngi-ag) avtomobilinə yönəldilərək açıq hərracda satılması vəsatışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("X3 Edilməsi Agentliyi" MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 1018 saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən qərardadı ilə borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın təsir dairəsinə düşdüyündən Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-166/2020 tarixli qərardadı ilə mülki is baxılmamış saxlanılmışdır. Bundan başqa "xxxx" QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "X3 Edilməsi Agentliyi" MMC xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-166/2020 saylı qərardadın ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Binəqədi rayon. Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 166/2020 saylı qərardadı ilə ərizənin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin diqqətinə çatdırır ki,, Binəqədi rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri "X3 Edilmasi Agentliyi" MMC-yə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bundan başqa borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nazərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, hesab edilir ki, "xxxx" QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddia müddəti ötürülməmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehə qarşı ilk dəfə 21 yanvar 2019-cu il tarixdə iddia ilə məhkəməyə müraciət etmişlər. Həmin vaxt iddia müddətini ötürməmişdilər. Lakin prezidentin məlum fərmanının icrası ilə əlaqədar iddia baxılmamış saxlanılmışdır. 2021-ci ildə icraatın təzələnməsi ilə bağlı ərizələri də, geri qaytarılmışdır. Cavabdehə kredit müqaviləsinin restrukturizasiyası ilə bağlı bildiriş göndərmişlər, lakin cavabdeh müqavilə bağlanması ilə bağlı onlara müraciət etməmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Odur ki, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini təqdim etmişdir. Odur ki, iddia müddəti tətbiq edilməklə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında cavabdeh bildirmişdir ki, ona restrukturizasiya ilə bağlı bildiriş gəlməmiş, ümumiyyətlə belə bir bildirişdən xəbəri olmamışdır. Avtomobili etibarnamə ilə bağlı satdığı zaman kredit ödənişlərini də satdığı şəxs ödəməli idi. Lakin həmin şəxs də avtomobili başqa şəxslərə satmışdır və nəticədə borc ödənilməmiş qalmışdır. Hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. "xxxx" ASC-nin “Binəqədi” Filialı ilə borcalan Cavabdeh arasında imzalanmış 10 sentyabr 2013-cü il tarixli, 340 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank avtomaşın alınması məqsədilə ilə istifadə etmək üçün Cavabdeh 10 sentyabr 2013-cü il tarixindən 10 sentyabr 2016-cı il tarixinə qədər illik faiz dərəcəsi 20% olmaqla 36 ay müddətinə 8900 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

8. 10 sentyabr 2013-cü il tarixli, 340 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh 10 sentyabr 2013-cü il tarixli, 340 saylı kredit müqaviləsinə əsasən 8900 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi mülkiyyətində olan “VAZ-21214” minik markalı (buraxılış ili 2013, ban- 2120134, mühərrik-9983982 rəngi-240) avtomobili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.3-ci maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 11200 manat məbləğində qiymətləndirilmişdir.

9. İddiaçı QSC BOKT tərəfindən verilən 02 mart 2022-ci il tarixli 3-11/493 saylı arayışdan görünür ki, Cavabdeh 01 mart 2022-ci il tarixinə İddiaçı QSC-yə olan borcu 1522,07 manat təşkil edir. (993,52 manat əsas və 528,55 manat faiz borcu)

10. “X3 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh ünvanladığı 16 noyabr 2018-ci il tarixli 3294 saylı bildirişdən görünür ki, cavabdehə tələbin güzəşt edilməsi barədə məlumat verilmişdir. Həmçinin cavabdehdən 10 gün müddətində borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

11. “X3 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh ünvanladığı 21 avqust 2020-ci il tarixli 3375 saylı bildirişdən görünür ki, cavabdehə tələbin güzəşt edilməsi və borc məbləği barədə məlumat verilmişdir.

12. “X3 Edilməsi Agentliyi” MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə ünvanlanmış 22 noyabr 2018-ci il tarixli, 3375 saylı bildirişin qeydə alınmasına dair ərizənin surətindən görünür ki, ipoteka qoyan Cavabdeh göndərilmiş bildirişin qeydə alınması xahiş edilmişdir.

13. 10 sentyabr 2013-cü il tarixli AA seriyalı 101145 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus “VAZ12114” minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir, ipoteka saxlayan "xxxx" ASC-nin “Binəqədi” Filialıdır.

14. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış 11 avqust 2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşdür.

15. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satınalınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 22 noyabr 2017-ci il tarixli, S-AVK-1407 saylı akta əsasən borclu Cavabdeh 3713,55 manat borcunun tələb edilməsi hüququ İddiaçı QSC-yə təvil verilmişdir.

16. 04 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

17. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASCnin problemli aktivləri üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 22 noyabr 2017-ci il tarixli, S-AVK-1407 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən borclu Cavabdeh qızına aid hüquqi sənədlər, borc və ipoteka müqaviləsi, borcun alınmasını təsdiq edən sənədlərin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti “Borc alan” Cavabdeh borc məbləği ilə birlikdə "xxxx" ASC tərəfindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir.

18. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış 10 sentyabr 2013-cü il tarixli, 340 saylı kredit müqaviləsinə əsasən bank avtomaşın alınması məqsədilə ilə istifadə etmək üçün borcluya illik 20 faizlə 8900 manat məbləğində kredit vermişdir. Kredit vəsaitindən istifadə müddəti 36 ay müəyyən edilmiş, kreditin bitmə tarixi xx.xx.2016-cı il təyin edilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 10 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi özünə məxsus “VAZ12114” minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər.

19. Bundan başqa iddiaçı tərəfindən eyni cavabdehə qarşı həmin müqavilə üzrə 3713.55 manat kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yənəldilməsi barədə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Həmin məhkəmə icraatı zamanı iddianı təmin etmə tədbiri kimi avtomobilin üzərinə həbs də qoyulmuşdur. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi müddəti bitənədək dayandırılmışdır. İcraat təzələndikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-166/2020 saylı qərardadına əsasən məlum fərmanın icrası ilə bağlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra iddiaçı baxılmamış saxlama barədə qərardadın ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmiş, lakin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə icraatın təzələnməsi barədə ərizə geri qaytarılmışdır. İddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Həmin dövrdən sonra hesabdan çıxarış məlumatlarına əsasən kredit müqaviləsi üzrə ödəniş edildiyi görünməsə də(sonuncu ödəniş xx.xx.2016), iddiaçı tərəfindən təqdim edilən 02 mart 2022-ci il tarixə olan maliyyə arayışına əsasən xx.xx.2013-cü il tarixli, 340 nömrəli kredit müqaviləsi üzrə qalıq əsas borc 993.52 manat, faiz borcu isə 528.55 manat təşkil edir. Halbuki iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilən zaman tələb edilən əsas borc 3185 manat, faiz borcu isə 528.55 manat olmuşdur. Ehtimal olunur ki, həmin məbləğ hesablanmış kompensasiya hesabına borcun azaldılmasına yönəlmişdir. Buna baxmayaraq işin halları ilə cavabdehə restrukturizasiya ilə bağlı bildiriş göndərilməsi müəyyən edilmir və cavabdehdən əsas borcdan əlavə, faiz borcunun tələb edilməsi də anlaşılan deyildir.

20. Cavabdeh iddianı qəbul etmir və iddia müddətinin ötürülməsi səbəbindən iddia ərizəsinin rədd edilməsini xahiş edir.

21. İddiaçının nümayəndəsi isə ilk dəfə məhkəməyə müraciət edilən zaman iddia müddətinin ötürülmədiyinə, daha sonra isə müvafiq fərmanın icrası ilə əlaqədar iddia ərizəsinin baxılmamış saxlanıldığına, baxılmamış saxlama barədə qərardadın ləğvi ilə bağlı ərizələrinin təmin edilməməsinə görə iddianın təmin edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;

24. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

25. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

26. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir;

27. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır;

28. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir;

29. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir;

30. 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər;

31. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

32. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

33. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

34. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz;

35. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

36. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

37. İşin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməsə də, iddia tələbi əsassızdır.

38. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

39. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 )

41. İşin hallarından göründüyü kimi kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixində bitmişdir, iddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürməmişdir, həmin iddia ərizəsi üzrə mülki iş xx.xx.2020-ci ildə Fərmanın tətbiqi ilə bağlı baxılmamış saxlanılmışdır. Lakin iddiaçı Fərmanın icra müddətinin 31 dekabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq, yenidən iddia ərizəsi ilə məhkəməyə təqribən 2 il sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

42. Odur ki, iddiaçının Fərmanın icrası ilə bağlı baxılmamış saxlanılmış, icrası müddəti 2016-cı ildə bitmiş kredit müqaviləsi üzrə yaranan tələbinə 6 il sonra məhkəməyə müraciət etməsi iddia müddətinin keçməsi hesab edilməlidir. Çünki məhkəmə tərəfindən baxılmamış saxlanmış tələb üzrə iddia müddətinin axımı ümumi qaydada davam edir.

43. Lakin əgər iddiaçı iddia müddətinin üzrlü səbəbə görə buraxıldığına güman edirsə, bu halda məsələyə iddia müddətinin mahiyyəti və işin müəyyən edilmiş halları baxımından qiymət verilməlidir.

44. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

45. İddia müddətinin ötürülməsi o halda üzrlü hesab edilə bilərdi ki, iddiaçı Fərmanın icrası ilə bağlı təxirəsalınmaz tədbirlər görmüş olar, mübahisənin həlli üçün operativ addımlar atmış olardı. Lakin iddiaçı Fərmanın icrasının müddətinin xx.xx.2019-cu il tarixdə bitməsinə, iddia ərizəsinin xx.xx.2020-ci ildə baxılmamış saxlanılmasına baxmayaraq, icraatın təzələnməsini bundan 17 ay sonra tələb etmiş, yenidən iddia ərizəsi ilə isə məhkəməyə isə 2 il sonra müraciət etmişdir.

46. Bu səbəbdən məhkəmə hesab edir ki, həm əsas, həm əlavə tələb üzrə iddia müddəti ötürüldüyünə və üzrsüz səbəbə görə ötürüldüyünə görə iddia tələbi əsassız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

48. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

49. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

50. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

51. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə:

52. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldiməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldiməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar