Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2459/2022 25.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 05 iyul 2007-ci il təvəllüdlü X4 adlı uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi, habelə ilkin mediasiya sessiyasında iştirakla bağlı ödədiyi 50 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 02 aprel 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 03 iyul 2002-ci il təvəllüdlü Sevil, 24 yanvar 2004-cü il təvəllüdlü Cəlil və 05 iyul 2007-ci il təvəllüdlü Könül adlı uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli, 2(001)-923/2014 saylı qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuşdur. Həmin məhkəmənin 06 mart 2020ci il tarixli, 2(001)-1626/2020 saylı qətnaməsinə əsasən, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Qətnamə apellyasiya instansiyası tərəfindən dəyişdirilmədən saxlanmışdır. Bundan sonra uşaqlardan Sevil və Cəlil yetkinlik yaşına çatmışdır. 2022-ci il üzrə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumunun həddi artırıldığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, uşağın saxlanması üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə, yəni hər ay 193 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli, 2(103)-5884/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(001)-1626/2020 saylı qətnaməsi ilə Cavabdeh 03 iyul 2002-ci il təvəllüdlü X1, 25 yanvar 2004-cü il təvəllüdlü X2 və 05 iyul 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2761/2018 saylı, 13 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 510 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yaşını, geyimi, təhsili ilə bağlı xərclərin mövcudluğunu, habelə, cavabdehin hər ay 200 manat aliment ödəməyə maddi imkanının olmasını təsdiq edən hər hansı sübutun iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği 193 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qismən təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 23 manat) 1000 manatdan az olduğuna (23 manat x 12 ay) və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 28 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Habelə, iddia qismən təmin edildiyinə görə, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun 45 manat hisəssi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(001)- 1626/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 05 iyul 2007-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Mediasiya xərcinin əvəzi kimi 45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. 28 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2459/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2459/2022
25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver