Məhkəmə qərarları › İş №2(001)-2460/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2460/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2460/2021 05.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Xudaş qızı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşağın saxlanılması üçün onun xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi, cavabdehdən xx xxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 175 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxxxx 2009-cu il tarixdə nikahlarını rəsmi olaraq qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahdan bir uşaqları X2 xx xxxx 2010-cu il tarixdə anadan olmuşdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşağın onun yanında qalması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı alimentin miqdarının artırılmasına dair iddia ərizəsi qismən təmin edilmiş və uşağın saxlanılması üçün hər ay sabit məbləğdə 154 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın maddi tələbatını ödəmir, həddindən artıq azdır, uşağın təhsili ilə bağlı, həmçinin sağlamlığı qayğısına qalınması üçün xeyli vəsait tələb olunur. Onun təkbaşına uşağın bütün maddi tələbatlarını ödəmək imkanı yoxdur. Alimentin məbləğinin artırılması uşağın normal təhsil alması, sağlam böyüməsi və inkişafı üçün vacibdir. Uşaqlar üçün minimum yaşayış həddi də dəfələrlə qaldırılmışdır. Valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi digər ailə üzvlərini saxlamaq vəzifələrindən fərqli olaraq nə uşaqların buna ehtiyacının, nə də valideynlərin imkanının olub-olmamasından asılı deyildir. Cavabdeh də bir valideyn kimi uşağın maddi tələbatlarının ödənilməsində iştirak etməlidir və ilk növbədə uşağın hüquqları nəzərə alınmalıdır, alimentin məbləğinin artırılması uşağın maddi tələbatlarının ödənilməsi üçün vacibdir. Ona görə də alimentin miqdarı artırılmalı və sabit məbləğdə hər ay 175 manat aliment cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək bildirdi ki, o, alimentin məbləğinin artırılmasına etiraz etmir. Belə ki, həmin məbləğ qanunvericiliklə müəyyən edilmişdir. Bundan başqa, o, uşağını saxlamaqdan boyun qaçırmır, imkanı daxilində uşağın əlavə xərclərini də ödəyir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli, AZ-İ 199927 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Xudaş qızının nikahları ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2014-cü il tarixdə 356 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah ləğv olunduqdan sonra kişiyə “Şəmmədov” qadına “Cəbrayılova” soyadı verilmişdir. AZE seriyalı, 12989421 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəmmədov Yusif xx xxxx 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Xudaş qızının iddiası qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(001)-10765/2017 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx xxxx 2010-cu il tarixdə doğulmuş X1 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Xudaş qızına ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iş üzrə tərəflərin birgə nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü X2 doğulmuş, tərəflər arasında bağlanmış nikah sonradan pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(001)-10765/2017 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx xxxx 2010-cu il tarixdə doğulmuş X1 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Xudaş qızına ödənilməsi qət edilmişdir. İddiaçı hazırda ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək alimentin məbləğinin artırılaraq xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş edir, cavabdeh isə buna etiraz etmir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay xx xxxx 2010-cu il təvəllüdlü X2 üçün 154 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı Xudaş qızına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı Xudaş qızına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar