Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2476/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 193 manat məbləğində alimetin tutularaq ona ödənilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahları pozulmuş və həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X5 doğulmuşlar. Cavabdeh övladları ilə maraqlanmamışdır. Uşaqların xərclərinin çox hissəsi öz tərəfindən qarşılanır. Hazırda işsiz bir qadın kimi uşaqları təkbaşına saxlamaq ona olduqca çətindir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında iddiaçı bildirmişdir ki, cavabdeh hazırda hər uşaq üçün 160 manat olmaqla hər ay 320 manat aliment ödəyir. Bu məbləğ uşaqların saxlanılmasına kifayət etmir. Belə ki, böyük qızı Ellada universitetə qəbul olmuşdur və onun illik təhsil haqqını təkbaşına ödəyir. Elladanın bu ilin iyul ayında 18 yaşı tamam olacaqdır. Özü özəl klinikada bədən korreksiyası üzrə mütəxəssis kimi çalışır. Aylıq 320 manat əmək haqqı alır. Əlavə heç bir gəliri yoxdur. Kirayədə yaşayır. Uşaqları saxlamağa imkanı çatmır.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hazırda işsizdir. Rəsmi iş yeri yoxdur. 320 manat məbləğində alimenti çətinliklə ödəyir. İddiaçıya və məhkəməyə təklifi odur ki, uşaqları Ellada yetkinlik yaşına çatanadək uşaqlara əvvəlki qaydada 320 manat məbləğində aliment ödənişi edə bilər. Daha sonra isə tək uşağa 200 manat aliment ödəsin. Hazırda 2 uşağa görə 193 manat məbləğində aliment ödəmək imkanı yoxdur.
6. Əvvəlki məhkəmə iclasında cavabdeh bildirmişdir ki, əvvəllər BP şirkətində işləsə də, 2 ildir ki oradan çıxmışdır. Hazırda fərdi qaydada taksi fəaliyyəti göstərir. Həmçinin ustalıqla da məşğul olur. Rəsmi iş yeri yoxdur. Bununla bağlı DOST Mərkəzindən arayışı məhkəməyə təqdim etmişdir. İddiaçı ilə nikahları pozulduqdan sonra artıq 5 ildir ki, ikinci dəfə nikaha daxil olmuşdur. Həmin nikahdan uşağı yoxdur. Aylıq 320 manat alimenti çətinliklə ödəyir. Bundan artıq ödəməyə imkanı yoxdur.
7. Cavabdeh həmçinin iddiaya dair etirazının məhkəməyə elektron qaydada təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Etirazı onunla əsaslandırmışdır ki, İddiaçı ilə 2003-cü ildə nikaha daxil olmuşdur. Həmin nikahdan 2 uşaqları olmuşdur. Ailəli olduqları vaxtlarda çox yaxşı ata və ailə başçısı olmuşdur. Ayrılmalarına səbəb Elvinanın öz ərizəsində qeyd etdiyi kimi ona qarşı olan hörmətsizliyi yox, əslində Elvinanın 2 yaşlı uşaqlarını döyməsi və onu xalası oğlu ilə aldatma şübhəsi olmuşdur. Onların nikahları pozulduqdan 2 ay sonra Elvina onun xalası oğlu ilə nikaha daxil olmuşdur. İddia ərizəsində qeyd etdiyi kimi heç də, tənha və işsiz qadın deyil. Elvina 7 ildən artıqdır ki, İ.Qutqaşınlı 507/511 ünvanında yerləşən Altes Plazada, X9 klinikasında bədən şəkilləndirmə və korreksiya üzrə tanınmış doktor, uzman kosmetoloq kimi işləyir. Onun sosial şəbəkə də səhifəsi də vardır. Üzərinə düşən aliment məbləğini vaxtı-vaxtında ödəyir. Hazırda işsizdir. 5 ilə yaxındır ki, ikinci dəfə ailə qurmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. Yasamal rayon VVADQ şöbəsi tərəfindən 25 mart 2005-ci il tarixində verilən AZ-İ seriyalı, 587706 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
10. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 03 may 2007-ci il tarixində verilən AZ-İ seriyalı, 927361 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
11. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 28 aprel 2015-ci il tarixində verilən, AZ-İ seriyalı, 212768 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 28 aprel 2015-ci il tarixində 155 № ilə qeyd edilmişdir.
12. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-6741/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(001)-10821/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməklə 18 iyul 2004-cü il tarixdə doğulmuş X1 və 15 aprel 2007-ci il tarixdə doğulmuş X3 18 yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulması barədə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və X4 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilən 17 mart 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə əsasən heç bir qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
14. Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-6741/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(001)-10821/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməklə 18 iyul 2004-cü il tarixdə doğulmuş X1 və 15 aprel 2007-ci il tarixdə doğulmuş X3 18 yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
15. Hazırda iddiaçı Baki şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6741/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində müəyyən edilməsini tələb edir.
16. Cavabdeh isə iddiaya etiraz ünvanlayaraq, həmçinin məhkəmə iclasında iştirak edərək, iddianın rədd edilməsini xahiş edir. Hazırda işsiz olması səbəbindən, ikinvci dəfə ailə qurması səbəbindən artırılacaq aliment məbləğini ödəmək imkanının olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
17. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə uşağın və tərəflərin mənafeyi baxımından məhz müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyü baxımından qiymət verilməlidir.
18. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
19. Birləşmiş Millətlər Təşkilatının X2 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:
21. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;
22. 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar;
23. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;
24. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
25. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
27. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
28. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
29. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
30. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
31. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
32. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
33. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
34. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin artırıldığı 2019-cu ildən uşaqların tələbatlarının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşaq üçün 193 manat olmaqla, 386 manat məbləğində müəyyən edilməlidir.
35. Cavabdehin etirazına münasibətdə məhkəmə bildirir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir.
36. Həmçinin nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatmasına bir neçə ay qalmışdır. Yəni cavabdehin etirazının faktiki mahiyyəti, onun tərəfindən bir neçə ay cəmi 66 manat miqdarında alimentin ödənilməsidir. Nəzərə alınsa ki, bir neçə aydan sonra, hətta qətnamənin qanuni qüvvəyə minməsindən sonra daha qısa müddətdə cavabdehin aliment öhdəliyi yarı-yarıya azalacaqdır, belə olan halda cavabdehin artırılması tələb olunan miqdarda aliment ödəməyə imkanının olmaması barədə etirazı əsaslı və inandırıcı deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda iddianın təmin edilməsi həm iddiaçının mənafeyinə, həm yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə, həm cavabdehin mənafeyinə, həm də prosessual qənaət prinsipinə uyğundur.
37. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Tətbiq edilən prosessual normalar:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
41. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
43. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
45. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir.
46. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:
47. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6741/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
48. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6741/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev