Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2490/2022 20.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi (atası) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kommunal xidmətlərlə bağlı yaranmış borclara görə 1.005 manat məbləğində pulun, su sərfiyyatı ilə bağlı 6 ay ərzində ondan tutulmuş xərcin əvəzi olaraq 150 manat məbləğində pulun, cəmi 1.155 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi (atası) X3 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh kommunal xidmətlərdən istifadə ilə bağlı su sərfiyyatına görə 741 manat, elektrik enerjisinə görə 115 manat, su sərfiyyatı ilə bağlı 6 ay ərzində ondan tutulmuş xərcin əvəzi olaraq 150 manat, cəmi 1.006 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (atası) X3 iddianı müdafiə edərək, bildirmişdir ki, aralarında bağlanmış 16 iyul 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən 22/24 saylı evin, 94 saylı mənzilini iddiaçıya satmış və iddiaçının həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mənzilin alqı-satqısı zamanı cavabdeh mənzilə dair hər hansı kommunal borcun olmadığını bildirmiş, lakin mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra daxil olmuş bildirişlərdən sudan istifadəyə görə 741 manat, elektrik enerjisindən istifadəyə görə isə 115 manat borcun olduğu məlum olmuşdur. Həmçinin cavabdehə aid şəxslərin bugünədək mənzildən pasport qeydiyyatından çıxmamaqları səbəbindən onlara görə hər ay bir nəfər üçün 5 manat, cəmi 25 manat məbləğində su pulu ödənilir və 6 ay ərzində artıq 150 manat məbləğində pul ödənilmişdir. Halbuki, razılaşdıqları kimi bu şəxslər pasport qeydiyyatından çıxsalar idi, onlara görə hər hansı məbləğdə su pulu ödənilməzdi. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş edir. Eyni zamanda, İddiaçı nümayəndəsi (atası) X3 Cavabdeh məhkəmə iclaslarına gəlməməsi səbəbindən işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi (atası) X2 işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən 22/24 saylı evin, 94 saylı mənzili Cavabdeh mülkiyyətində olmuşdur. Aralarında bağlanmış 16 iyul 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı qeyd edilən mənzili cavabdeh İddiaçı satmışdır. Müqavilənin 10-cu bəndinə əsasən tərəflər razılaşmışdılar ki, mənzil iddiaçının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektirik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsini cavabdehin üzərinə düşür. Həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı mənzilin alqı-satqısınadək istifadə edilmiş suya görə 741 manat, elektrik enerjisinə görə isə 115 manat məbləğində borcun olduğunu, lakin bu barədə ona cavabdeh tərəfindən hər hansı məlumat verilmədiyini, həmin pulun iddiaçı tərəfindən ödənildiyini, habelə cavabdehə aid şəxslərin mənzildə pasport qeydiyyatında qalması səbəbindən hər ay 25 manat, 6 ay ərzində isə 150 manat məbləğində pul ödədiyini bildirir və bu məbləğlərin cavabdehdən tutulmasını tələb edir. "xxxx" ASC-nin Binəqədi rayon sukanal İdarəsinin Hesab fakturasına əsasən qeyd edilən mənzil üzrə xx.xx.2021-ci il tarixə istifadə edilmiş və axıdılmış çirkli suya görə 741,51 manat məbləğində borc yaranmışdır. "xxxx" ASC-nin abunə haqqında məlumatına əsasən isə mənzil üzrə istifadə edilmiş elektrik enerjisinə görə 115 manat məbləğində borc yaranmışdır. X12, X10, X5, X7, X4 həmin mənzildə pasport qeydiyyatındadır. Bu şəxslər iddiaçının ailə üzvləri, habelə ona aid olan şəxslər deyil. İddiaçı məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh daşınmaz əmlakın alqı-satqı müqaviləsi (10-cu bənd) üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, mülkiyyətində olan mənzili iddiaçının sahibliyinə verilənədək kommunal xidmətlər, o cümlədən istifadə olunmuş elektrik enerjisi və axıdılmış su və çirkli suya görə yaranmış borcları ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2021-ci il tarixədək yaranmış kommunal xidmətlərdən istifadə ilə bağlı su sərfiyyatına görə 741 manat, elektrik enerjisinə görə 115 manat, su sərfiyyatı ilə bağlı 6 ay (2021-ci ilin sentyabr - 2022-ci ilin fevral ayları) ərzində ondan tutulmuş xərcin əvəzi olaraq 150 manat, cəmi 1.006 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kommunal xidmətlərdən istifadə ilə bağlı su sərfiyyatına görə 741 manat, elektrik enerjisinə görə 115 manat, su sərfiyyatı ilə bağlı 6 ay (2021-ci ilin sentyabr - 2022-ci ilin fevral ayları) ərzində ondan tutulmuş xərcin əvəzi olaraq 150 manat, cəmi 1.006 manat məbləğində pul İddiaçı verilməlidir. İddianın qiyməti nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30,06 manat məbləğində müəyyən edilməli və İddiaçı məcburi köçkün olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kommunal xidmətlərdən istifadə ilə bağlı su sərfiyyatına görə 741 (yeddi yüz qırx bir) manat, elektrik enerjisinə görə 115 (bir yüz on beş) manat, su sərfiyyatı ilə bağlı 6 ay (2021-ci ilin sentyabr - 2022-ci ilin fevral ayları) ərzində ondan tutulmuş xərcin əvəzi olaraq 150 (bir yüz əlli) manat, cəmi 1.006 (bir min altı) manat məbləğində pul İddiaçı verilsin. İddiaçı ödəməkdən azad edildiyi 30,06 (otuz manat, altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-2490/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-2490/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver