Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-251/2021 05.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin müqavilədə göstərilən sahədən əskik olması ilə baglı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 21, 126 saylı mənzil (Yeni qaydalarla: Az 1007, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 79, M14, m3) üçün artıq ödənilmiş 9.180 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə xx xxxxxx 2006cı il tarixdə 84 nömrəli müqavilə imzalayaraq, ünvan 1 ünvanında 16 mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 148,9 kv.m. olan 126 saylı mənzil qarşılığında hər kv.m. üçün 450 ABŞ dolları olmaq şərti ilə ümumilikdə 67.000 ABŞ dolları ödəmişdir. Cavabdeh MTK tərəfindən verilmiş kassa mədaxil orderi qəbzlərinin surəti bunu təsdiq edir. İmzalanmış müqavilə və tam ödənişin nəticəsində ona maliyyə arayışı təqdim edilmiş və mənzil onun mülkiyyətinə verilmişdir. Müraciətinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 21, mənzil 26 (Yeni qaydalarla: Az 1007, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yüsifbəyli küçəsi, 79, M14, m3) üçün ona verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Texniki pasporta əsasən mənzilin ümumi sahəsi 128,5 kv.m. təşkil edir. Bununla da məlum olmuşdur ki, Cavabdeh MTK ona mənzil satarkən real sahəsindən 20,4 kv.m. artıq sahə qeyd edərək, hər kv.m. üçün 450 ABŞ dolları olmaqla ümumilikdə 9.180 ABŞ dolları həcmində artıq ödəniş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Cavabdeh MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin aparıcı eksperti X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 10/1003 nömrəli ekspert rəyini müdafiə etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, habelə məhkəmə ekspertinin ekspert rəyi ilə bağlı izahını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 84 saylı müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, X.Şuşinski küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 2 blok, 13 mərtəbə, ümumi sahəsi 148,9 kv.m. olan 3 otaqlı, 126 saylı mənzili həmin müqavilənin 3.1-ci bəndinə uyğun olaraq hər kv.m. 450 ABŞ dolları, ümumi dəyəri 67.000 ABŞ dolları məbləğində pul müqabilində inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada aralarında razılaşdırılmış şərtlər daxilində həmin mənzilin dəyərini (qiymətini) cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq 67.000 ABŞ dolları məbləğində pulu cavabdehə ödəmiş və bundan sonra mənzili təhvil almışdır. Bundan sonra aidiyyəti sənədləşmə işləri aparılmış və nəticədə xx.xx.2019-cu il tarixdə iddiaçının həmin mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu halı təsdiq edən reyestrdən çıxarışda qeyd edilən mənzilin 128,50 kv.m. sahədə olduğu göstərilmişdir. Məsələyə aydınlıq gətirilməsi üçün iddiaçı cavabdehə məktubla müraciət etmiş və cavab məktubunda cavabdeh iddiaçıya onunla bağlanmış müqavilədə mənzilin ümumi tikinti sahəsinin göstərildiyi, mənzilə dair tərtib edilmiş texniki pasportda isə mənzilin ümumi yaşayış sahəsinin qeyd olunduğu bildirilmişdir. İddiaçı da mənzilin müqavilədə göstərilən sahəsi ilə çıxarışda göstərilən sahəsi arasında 20,4 kv.m. ölçüdə fərqin yarandığını iddia edir və mənzilin 1 kv.m. sahəsini müqavilədə göstərilən məbləğdə qiymətləndirməklə sahə fərqinin dəyərini təşkil edən 9.180 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Mülki iş üzrə təyin edilmiş məhkəmə-texniki tikinti ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş ekspert rəyinə əsasən mübahisəli mənzilin faktiki sahəsi 136,37 kv.m. təşkil edir və onun müqavilədə göstərilən 148,9 kv.m. sahədə olması qeyrimümkündür, müqavilədə göstərilən 148,9 kv.m. sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportda göstərilən mənzilin sahəsi arasındakı yaranmış fərq, mənzilin sahəsi hesablanarkən faktiki sahəsi müqavilədə göstəriləndən az təşkil etdiyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı xx xxxxxx 2012-ci il tarixli, 2-ci və 3.8-ci bəndində göstərilənlərə balkon üçün nəzərdə tutulan 0,3 əmsal, lociya üçün 0,5 əmsal tətbiq olunmaqla hesablanmış və bu da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı xx xxxxxx 2012-ci il tarixli, 2-ci və 3,8-ci bəndinin tələblərinə uyğundur. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə ilk növbədə qeyd edir ki, təşkilati hüquqi formasından, habelə müqaviləni və ya müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq, tərəflər arasında xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Həmin müqaviləyə əsasən cavabdeh (podratçı) mənzili inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin ümumi dəyərini təşkil edən 67.000 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşlər. Məhkəmə, bu müqavilənin aidiyyəti bəndlərinə istinadən vurğulayır ki, müqavilənin predmetini təşkil edən mənzilin qiyməti ümumi şəkildə deyil, məhz həmin mənzilin sahəsi əsas götürülməklə müəyyən edilmişdir. Başqa sözlə, meyar qismində mənzilin 1 kv.m. sahəsinin dəyəri əsas götürülmüş və belə bir sahə üçün cavabdeh tərəfindən 450 ABŞ dolları məbləğində qiymət müəyyən edilmişdir. Müqavilənin 1.1-ci bəndində mənzilin ümumi sahəsinin 148,9 kv.m. olduğu göstərilmiş, lakin bu sahənin hesablanması qaydası (mənzilin daxilində divardan divara, divarlarının və arakəsmələrinin yerləşdiyi sahələr nəzərə alınmaqla və ya alınmamaqla və sair) dəqiq qeyd edilməmiş, ümumi tikinti sahəsi əsas götürülmüşdür (cavabdeh iddiaçıya ünvanladığı məktubdada məhz bu mövqeydən çıxış etmişdir). Müqavilənin 3-cü bəndindən də belə nəticəyə gəlmək olur ki, cavabdeh iddiaçıya məhz 148,9 kv.m. ölçüdə sahə təhvil vermişdir. Eyni zamanda, müqavilə üzrə iddiaçının (sifarişçinin) üzərinə mənzilin sahəsini ölçməklə təhvil alması barədə vəzifə (öhdəlik) qoyulmamışdır. Bu baxımdan iddiaçı (sifarişçi) mənzilin ümumi sahəsini 148,9 kv. m. kimi qəbul etmişdir. Lakin mənzil təhvil alındıqdan sonra həmin mənzil mülkiyyət olaraq dövlət qeydiyyatına alınan, habelə iddiaçının bu mənzilə münasibətdə mülkiyyət hüququ tanınan zaman aparılmış ölçmə nəticəsində mənzilin 128,50 kv.m. ölçüdə olduğu müəyyən edilmiş və məhz bu ölçüdə sahəyə dair nəticə etibarı ilə çıxarış verilmişdir. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, yüksəkmərtəbəli binaların tikintisi sahəsində ixtisaslaşan və hər bir kv.m. sahənin dəyərini müəyyən edən cavabdeh mənzilin ümumi sahəsinin 148,9 kv.m. olmadığından məlumatlı olmağa borclu idi. Bu da cavabdehin (podratçının) bu qüsuru bilərəkdən gizlətməsi gənaətinə gəlməyə əsas verir və Mülki Məcəllənin 775-ci maddəsinin tələbləri baxımından cavabdehə (podratçıya) iddiaçı (sifarişçi) ilə aralarında bağlanmış müqavilənin 1.1-ci maddəsi üzrə əldə edilmiş razılaşmaya istinad etməsini hüquqi baxımdan istisna edir. Belə ki, cavabdeh mənzilin hər hansı hissəsi ilə bağlı güzəşt etməmiş və ödənişi məhz müqavilənin 1.1-ci bəndində göstərilmiş ölçüyə uyğun qəbul etmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı onun istifadə və sahibliyinə verilməmiş, habelə mülkiyyət hüququ tanınmamış sahə üçün də ödəniş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı məktubda ümumi tikinti sahəsinin satılması barədə mövqeyi ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh faktiki olaraq divarsız vəziyyətdə düz sahənin satdığını və sahənin divarların altında qalan sahə hesabına azaldığını iddia edir. Burdan da belə nəticəyə gəlmək olur ki, cavabdeh ümumi olan divarın sahəsini (eyni arakəsmənin sahəsini) bir neçə sifarişçiyə satır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh qeyd edilən podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya müqavilə üzrə müəyyən edilmiş sahədə mənzil təhvil verməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təhvil verilməmiş sahənin dəyərini iddiaçıya qaytarmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mənzilin dəyəri onun ümumi sahəsinin 148,9 kv.m. deyil, 128,50 kv.m olması əsas götürülməklə hesablanmalı idi. Bu baxımdan cavabdeh tərəfindən iddiaçıya 67.000 ABŞ dolları deyil, (128,50 x 450 = 57.825) ABŞ dolları məbləğində ödəniş edilməli idi. Bununla belə, cavabdeh iddiaçıya (67.000-57.825=9.175) 9.175 ABŞ dolları məbləğində ziyan vurmuşdur ki, bu ziyan məbləğini də ona ödəməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1003 nömrəli ekspert rəyində faktiki sahənin 136,37 kv.m. olduğu göstərilməsinə baxmayaraq, məhkəmə məhz 128,50 kv.m. ölçünün əsas götürülməsini məqsədəmüvafiq hesab edir (məhkəmə eksperti tərəfindən həmçinin, 2012-ci ilin normativ sənədlərinə istinadən hesablama aparılmışdır ki, bu qaydada da 2006-cı ildə bağlanmış müqaviləyə şamil edilə bilməz). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il tarixli müqavilə üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 9.175 ABŞ dolları məbləğində pul, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumun əvəzi Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il tarixli müqavilə üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 9.175 (doqquz min bir yüz yetmiş beş) ABŞ dolları məbləğində pul, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumun əvəzi Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-251/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-251/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver