Məhkəmə qərarları › İş №2(001)-251/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-251/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-251/2024 28.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı instagram sosial şəbəkə vasitəsi ilə həkim kosmetoloq Cavabdeh elanını görmüşdür. Elanda üz nahiyyəsində olan kapilyarların foto lazer vasitəsilə tamamilə aradan qaldırıla biləcəyi vəd olunmuşdur. Elanda həkim kosmetoloq kimi göstərilən Cavabdeh əlaqə vasitələri göstərilmişdir. İddiaçı həmin telefon nömrəsi ilə əlaqə saxlamış və Cavabdeh ilə danışdıqdan sonra sonuncu onu xx.xx.2023-cü il tarixdə saat 15:30 üçün Ambossade-de-la Bequete klinikasına dəvət etmişdir. Bununla bağlı iddiaçı sosial şəbəkələr vasitəsilə danışıqlar apardığını və danışıqlarının məzmununu məhkəməyə təqdim edəcəkdir. İddiaçı həkimin təyin etdiyi vaxt klinikaya cavabdehin qəbuluna getmişdir. Cavabdeh iddiaçının hər hansısa xəstəlikləinin olub-olmamasını soruşmadan, hansısa müayinələr aparmadan üz nahiyyədə movcud olan kapiliyarların foto lazer vasitəsi ilə yandırılması işini icra etmiş, üzünün burun nahiyyəsində və yanaqlarında aktiv şəkildə lazer aparatı ilə yandırma işlərini görmüşdür. Cavabdeh etdiyi foto lazer işlərinin nəticəsində üzündə yanıqlar, qızartı, şişkinlik əmələ gəlmişdir. Mövcud olan allergiya xəstəliyi isə özünü kəskin şəkildə biruzə vermişdir. Bir neçə gün keçəndən sonra iddiaçının üzünün burun nahiyyəsində çapıqlar əmələ gəlmişdir. İddiaçı cavabdehə lazerin tədbiqi nəticəsində əmələ gəlmiş fəsadların olmasını bildirsə də, həm cavabdeh həm də ki, klinika buna görə məsuliyyət daşımaqdan boyun qaçırırlar. Hadisəylə bağlı iddiaçı Yasamal rayonunun 27-ci Polis bölməsinə müraciət etmiş, müraciətinə baxılan zaman məlum olmuşdur ki, Cavabdeh barəsində 11 nəfər şəxs şikayət etmişdir. Buna əsasən cinayət işi başlanılıb, baxılması üçün Yasamal rayon prokurorluğuna göndərilmişdir. Hal-hazırda iş prokurorluq orqanında müstəntik Tural Yaqubovun icraatındadır. Bu işlə bağlı iddiaçı ekspertiza müayinələrindən keçmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının üzündə çapıqlar əmələ gəlmiş və bunun tamamilə aradan qaldırılması qeyri-mümkündür. İddiaçı ömrünün son gününədək bu çapıqları üzündə gəzdirməli olacaqdır. Hər dəfə güzgüyə baxdıqda iddiaçı əsəb, stres, psixoloji sarsıntı keçirir. İddiaçının zahiri görnüşündə, üzündə bərpası mümkün olmayan izlər əmələ gəlmişdir. Hazırda iddiaçının üzündə müxtəlif müayinələr və müalicələr aparılmasına ehtiyac vardı. Cavabdehin tibbi səhvinin üzündən iddiaçı gənc yaşından bu çapıqları üzündə gəzdirmək məcburiyyətindədir. Nə qədər müalicələr aparmış olsa da üzünün əvvəlki vəziyyətə qaytarılması mümkünsüzdür. Bu çapıqlarla o cəmiyyət arasında çıxdıqda psixoloji gərginlik, mənəvi sarsıntı, mənəvi istirab keçirir. Ona görə də Cavabdeh sağlamlığa dəymiş zərərə görə 7000 manatın, mənəvi zərərə görə 3000 manatın, cəmi 10000 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Mülki iş üzrə xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, keçən ilin mart ayında o, cavabdeh Səadət Fərzəliyevaya intagram hesabında üzündəki kapilyarların yanıdırılması ilə bağlı yazışmış, cavabdeh tarixi dəqiq xatırlamadığı gündə saat 16:30-da ona Ambassadi klinikasında gün təyin etmişdir. Cavabdeh əvvəllər də başqa klinikada işləmiş, 2-3 il əvvəl ona başqa bir prosedur, üz dərisinə fraksional, yəni üz dərisini yandırıb soyulması prosedurunu etmişdir. Sonuncu dəfə getdiyi aparat isə kapilyarların götürülməsi ilə bağlıdır. Belə ki, onun üzündə damar çox olduğundan, dərisi ağ olduğundan üz rəngi qırmızı göründüyü üçün diskomfort yaşamışdır. Cavabdeh ona aşağıda heç kimə yaxınlaşmamasını dediyindən o, klinikada birbaşa cavabdehə yaxınlaşmış və Səadət Fərzəliyeva ona proseduru etmiş, həmin vaxt ondan səhhətində hər hansı bir narahatçılığın olmasını soruşmamışdır. Prosedurdan sonra o, ödənişi kimə etməsini soruşmuş, Səadət Fərzəliyeva bu klinikada qeyri-rəsmi işlədiyindən ödənişin ona edilməsini deyib 100 manat istəmiş, o da, həmin məbləği cavabdehin özünə ödəmişdir. Aşağıda resepşində də ondan heç nə soruşulmamış, gözləmə otağında oturub gözləmiş, cavabdeh özü gəlib onu yuxarı çıxarıb proseduru etmişdir. Axşam evə gələndən sonra onun üzündə şişmələr yaranmış, səhər yuxudan duranda isə üzündə suluqlar əmələ gəlmiş, sonradan o, üzünə infeksiya salınmasını bilmişdir. O, X8 getmiş, orada ona həm dərisinin yandırılması, həm də infeksiya salınması deyilmişdir. Ona yazılan resepti o, məhkəməyə təqdim etmişdir. Bir müddət müalicə aldıqdan sonra yaraların izinin qalmasını görmüşdür. Bundan sonra o, cavabdehə zəng edib üzünün mövcud vəziyətini demişdir. Səadət ona heç yerə getməyin lazım olmadığını, Türkiyədən qayıtdıqdan sonra baxacağını demişdir. Həmin vaxt onun üzünə ödem yığılmış, gözü yığılmış, üzünün vəziyyəti daha da ağırlaşmışdır. Lakin o, cavabdehə inanmayıb həkimə getmiş, həkim ona müalicə yazaraq yaralarının çox dərin olmasını, müalicə etdirsədə yerinin qalacağını demişdir. Hazırda da o, həkimə gedir, ona dərisinin deformasiyaya uğraması deyilmişdir. Cavabdehin ondan qaçmasını görüb polisə müraciət etmiş, polisdə cavabdeh izahatında onun pul iddiasında olmasını, guya ona bir il əvvəl də prosedur etməsini, onun cavabdehdən pul istəməsini yazaraq ona böhtan atmışdır. Əgər o, pul istəsəydi bir il əvvəl də istiyərdi. O, cavabdehə ikinci dəfə müraciət etmiş, birinci dəfə cavabdehdən heç bir tələbi olmamışdır. Sonuncu dəfə cavabdeh onun üzünü bu hala salmışdır. Cavabdehlə instagramda olan yazışmalarını o, skrenşot edib saxlasa da, cavabdeh onunla olan bütün yazışmaları silmişdir. Cavabdeh əgər günahkar deyilsə, niyə yazışmaları silmişdir. O, bütün yazışmaları saxlamış və məhkəməyə təqdim etmişdir. Prokurorluğa müraciət etsə də, orada da cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etməyi qərara almışdır. İlk dəfə o, polisə müraciət edərkən ekspertizadan keçmiş, daha sonra iki dəfə məhkəmədə işə baxılarkən ekspertizadan keçmiş, müvafiq rəylər alınmışdır. Ekspertizadan keçərkən üzündəki fəsadları göstərmiş, orada da toxumada zədə olmasını, yəni müalicə etdirsə də, geçməyəcəyi deyilmişdir. Bu işə baxılarkən o, kosmetoloqlarla danışmış, araşdırma aparmış, öyrənmişdir ki, cavabdehin ondan əvvəl 5 nəfər zərərçəkmişi olmuş, onlar da bununla bağlı hüquqmühafizə orqanlarına çağırılmışlar. Bu məlumatı ona deyən şəxs adının gizli qalmasını xahiş etmişdir. Cavabdeh hətta bir xanımın burun nahiyyəsini fleks aparatı ilə yandırmışdır. O, kosmetoloqlara getdiyi üçün hər dəfə ondan burun nahiyyəsində yaranmış çapığın səbəbi soruşulanda Səadət Fərzəliyevanın etməsi deyərkən ona bu qadının ondan əvvəl 5 pasienti olması, hamısında da eyni fəsadların olması deyilir. Hazırda o, çapığa görə fraksional müalicə alır, lakin nəticəsi yoxdur. İddia ərizəsində tələb etdiyi 7000 manat maddi ziyanı o, vəkili ilə birlikdə hesablamışdır. Əslində o, iddia ərizəsində mənəvi zərəri qoymaq istəmiş, lakin vəkili maddi ziyanı da yazmışdır. Əslində cavabdeh ona daha çox mənəvi zərər vurmuşdur. Cavabdeh onun üzünü bərbad vəziyyətə salmışdır. Üzü sağalsaydı o, məhkəməyə müraciət etməz, nə məhkəmənin, nə də, özünün vaxtını alardı. Onun burnunun kənarında olan çapıqlar sağalmamışdır. Sonuncu prosedurdan əvvəl də o, bir dəfə Səadətin yanına fotono laserə getmiş, amma Səadətdən sonra burnuna görə hazırda dermotoloq yanına gedir. O, kapilyardan əvvəl Səadətin yanında olmuş, 2-3 il əvvəl Səadət Fərzəliyevanın yanında fotona laser etdirmiş, ondan sonra heç kimə müraciət etməmiş, Səadət Fərzəliyevanın yanında olmasını telefonundakı yazışmaları ilə sübut edə bilər. Səadət onu Ambassade klinikasına dəvət etmiş, həmin tarixdə də onun üzündə çapıqları yaranmışdır. Onda həmin tarixdə Səadətlə telefon danışıqları da vardır. Burnunun üstündə olan kapilyarlar prosedurdan sonra suluqlanmış, sonra da çapıqlar əmələ gəlmişdir. Dəri zöhrəviyə müraciət edəndən sonra müalicəni dayadırmışdır. Belə ki, ona dərisində deformasiya olduğundan, dərinin özünə gəlməsi üçün müalicəni dayandırmaq lazım olması bildirmişdir. Hazırda onda problem burnunun üstündə yaranmış çapıqlardır. Bakıda müraciət etmədiyi həkim qalmamışdır. İranlı Mahmud həkimə, Aynur adlı həkimə, Epimis Səadətin iş yoldaşı olan həkimə müraciət etmişdir. Onda özündə əvvəldən alergiya olmuşdur. O, bunu ekspertə bildirmiş, ekspert ona kosmetoloji prosedurdan sonra yaranmasını demişdir. Səadət Fərzəliyeva ona kapilyar prosedurunu etməli deyildi, əvvəlcə araşdırmalı idi. Qəbuluna getdiyi dermotoloq həkim ona ümumiyyətlə həmin aparatla kapilyarın yandırılmadığını demiş, həmin aparat onun dərisini yandırmışdır. Burnunun üstündə kapilyar damarlar olur, onda hazırda yenə də burnunun üstündə kapilyar damarlar vardır. O, hansı klinikaya getsə də, orada onun istəyindən asılı olmayaraq, qeydiyyat aparılır. Cavabdeh Ambassade klinikasında rəsmi işləmədiyindən qeydiyyatı aparılmayıb, cavabdeh xanım Epimisdə rəsmi qaydada işləyir. Cavabdeh onu Epimisə çağırmamış, o, Ambassadedə əlavə iş yeri kimi işləyir. O, Səadət Fərzəliyevanın qəbulunda olandan 3 ay sonra Aynur xanımın yanında olmuş, lakin Aynur ona heç bir prosedur etməmişdir, çünki onun burnuana əl vurulası deyil. Bundan sonra o, İranlı Mahmud həkimin yanına getmiş, o da, gözləmək lazım olduğunu demişdir. Daha sonra Gülşən xanımın yanına getmiş, o da, onun üzündə çapığa görə müalicə aparır. Dərinin deformasiya olunması sonuncu ekspert rəyində də göstərilmişdir. Səadət Fərzəliyeva onunla instagramdakı olan bütün yazışmaları silmişdir. Əgər cavabdeh ona 3 il əvvəl proseduru etmişdisə, niyə indi yazır ki, o, etmişdirsə gəlin həll edək. Axı prosedurun üstündən bu qədər müddət keçmişdir. Cavabdeh prokurorluqda verdiyi ifadəsində qeyd etmişdir ki, o Ambassade klinikasını tanımır. Onda niyə onu Ambassade klinikasına gəlməsini instagramda yazmışdır. Ona ödəniş barədə heç bir qəbz verilməmişdir. Cavabdeh Ambassade adını silsə də, o, sckrenşotlarda saxlamışdır, Fərzliyeva soyadı Səadət xanımın qızlıq soyadıdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh vəkili və nümayəndəsi Vəkil işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, Cavabdeh heç vaxt iddiaçının iddia etdiyi X17 Beauty klinikasında işləməmişdir. Təxminən 2-3 il əvvəl cavabdeh iddiaçıya fraksion kosmetoloji prosedurunu tətbiq etmişdir. Həmin prosedurdan 15 gün sonra iddiaçının üzündə 2 dəfə plazmaterapiya icra etmiş, iddiaçının ödənişini ona geri qaytarmış, icra etdiyi prosedurları da hədiyyə etmişdir. Lakin, daha sonra iddiaçıya heç bir kosmetoloji prosedur həyata keçirməmişdir. Buna baxmayaraq iddiaçı cavabdehdən əl çəkməmiş onu dəfələrlə təhdid etmiş və pul tələb etmişdir. İddiaçı iddia etdiyi faktlarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, İddiaçı şikayəti ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Digər mühüm məqam ondan ibarətdir ki, 624/KES nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, müəyyən olunmuşdur ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onda aprılmış kosmetoloji prosedurlardan sonra burun və yanaqlarda kontakt dermatitin yarandığı və bundan sonra üz nahiyəsində dəridə ləkələrin əmələ gəldiyi müəyyən edilmişdir ki, bu hal da kosmetoloji prosedurlardan sonra 1-3% hallarda müşahidə edilə bilər. Qeyd olunan ləkələrlə əlaqədar müalicəyə ehtiyac yoxdur. Müəyyən müddət keçdikdən sonra bərpa olunacaqdır. Ekspert rəyindən göründüyü kimi İddiaçı iddiası əsassızdır. Onu da əlavə edir ki, X17 Beaute MMC tərəfındən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, Həsənova X5 De La Beaute MMC-də heç vaxt işləməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış iş yerinə dair arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixindən etibarən X12 MMC-də kosmetoloq kimi çalışır. İddiaçı iddiası əsassız olmaqla yanaşı, heç bir hüquqi əhəmiyyətə malik deyildir. Ona görə də iddiaçı X2 cavabdeh X4 qarşı maddi ziyanın ödanilmasi tələbinə dair iddiasını rədd edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, hazırda iddiaçı xanımın burun nahiyyəsində çox xırda nöqtə şəklində nəsə var ki, iddiaçı iddia edir ki, guya cavabdehin apardığı prosedurdan sonra yaranmışdır. Amma bunu təsdiq edən mülki iş materiallarında nə ekspert rəyi var, nə də iddiaçının özünün bir sübutu yoxdur. O, iddiaçıya ilk dəfədən demişdir ki, əgər iddiaçıda alergik dermatit varsa, bu adından da göründüyü kimi alergik prosesdir. Alergiya da ya müalicə ilə keçir, ya da zamanla keçir. Birinci ekspert rəyində də öz əksini tapmışdır ki, iddiaçı xanımda alergik dermatit var və ehtimal olunur ki, kosmetoloji prosesdurlardan sonra yaranıb. Həmin ekspert rəyində də yazılıb ki, onun müalicəyə ehtiyyac yoxdur və zamanla keçəcəkdir. Yəni səbəbli əlaqə yalnız burdadır, kosmetoloji prosedur və alergiya, sonradan isə keçəcək yazmışdılar. Növbəti ekspert yazıb ki, artıq alergik dermatit yoxdur və xanımın üzündə konkret kosmetoloji prosedurla səbəbli əlaqə, nəticə yoxdur. Yəni ekspert rəyində yazılmayıb ki, xanımın üzündəki xırda çapıq kosmetoloji prosedur nəticəsində əmələ gəlmişdir. Bundan başqa iddiaçı xanım deyir ki, cavabdehlə yazışıbdır. Bu dəqiqə instagramda kiminlə istəsək yazışa bilərik, bu o demək deyil ki, onun yanında olmuşdur. İddiaçı savadlı xanımdır, şikayət etməyi, yazıb pozmağı bacarır. Lakin Səadət həkimin yanında olması ilə bağlı qəbzi, sənədi yoxdur. İddiaçı özü bildirdi ki, 2-3 il əvvəl Səadət həkim ona fraksional lazer proseduru etmişdir. Bunu həkim özü də etiraf edir və deyir ki, iddiaçıda heç bir problem olmamış, sadəcə olaraq narazılığı olmuşdur. Buna görə də cavabdeh iddiaçının ondan narazı qalmasını istəməmiş, ona yenidən pulsuz kosmetoloji prosedur etmiş, hətta iddiaçının pulunu da geri qaytarmışdır. İddiaçı xanım iddia edir ki, cavabdeh Ambasadedə işləmişdir, lakin məhkəməyə təqdim etdikləri sənəddən müəyyən olunur ki, cavabdehin Ambassade ilə heç bir əlaqəsi yoxdur. İş materiallarında olan sənəddən müəyyən olunur ki, cavabdeh Epimes klinikasında əmək müqaviləsi ilə işləyir. Fraksional lazer proseduru ilə bağlı onun topladığı məlumata görə fraksional lazer özü prosedur olaraq fotolazerlə eyni məna verir. Sızanaq, çapıq, yanıq ləkələrinə qarşı olan prosedurdur. İddiaçı özü də, cavabdeh də deyir ki, iddiaçı burnundakı problemlərə görə onun yanına gəlmiş və müəyyən yaxşılaşdırma edilmiş, bəziləri getmiş, bəziləri isə qalmışdır. İddiaçı xanım nəyə görə 3 il əvvəl fraksional lazer etdirmişdi, çünki onda problem olmamış, alergik dermatit sonradan yaranmışdır. Cavabdehin mövqeyi odur ki, üzündə qüsuru olmayan, üzü ideal vəziyyətdə olan qadın həkimə getmir. İddiaçı xanımın yaşı elə də çox deyil, üzünə qulluğa görə kosmetoloqa getsin. İddiaçı sırf üzündəki çapıqlara görə həkimə getmiş və yaxşılaşma da olmuşdur. Hesab edir ki, iş materiallarında heç bir sübut yoxdur ki, iddiaçının üzündə olan xırda qüsur sırf tibbi müdaxilə nəticəsində olmuşdur. İddiaçı özü də qeyd etdi ki, su çiçəyindən ola bilər, anadan gəlmə də ola bilər. İddiaçı birinci ekspertiza rəyində başqa nahiyyələrini göstərirdi, ekspert rəyi ürəyincə olmadığına görə əlavə ekspertizaya göndərilməsini xahiş etmiş, indi isə başqa nahiyyəsini göstərir. Bu düzgün və ədalətli deyildir. Cavabdeh iddiaçıdan xidmətə görə nə qədər vəsait aldığını xatırlamır, amma həmin vəsait iddiaçıya geri qaytarılmış, həmçinin əlavə pulsuz prosedur da edilmişdir ki, iddiaçı narazı qalmasın. Fraksional lazer proseduru o vaxt aparılır ki, üzdə qüsur var, üzündə qüsuru olmayan adam bu prosedurdan istifadə etmir. Cavabdehin dediyinə görə iddiaçının üzündə kapilyar damarlarla bağlı prosedur aparılmayıb, burun nahiyəsi sümükdür, orada kapilyar olmur. İddiaçıda kassa mədaxil orderi olmalı idi. Kosmetoloji prosedura görə müraciət edən müştəri üçün sənəd tərtib olunmur. Bu barədə də dəqiq məlumat da verə bilmir. Xidmət sahəsində tarix adətən qəbzlə təsdiq olunur. İddiaçı xanım desəydi ki, ona xəstəlik tarixindən çıxarış və ya arayış verilsin, ona təqdim olunardı. Lakin tərəflər öz aralarında bu formada razılaşdıqlarına görə proses də bu formada getmişdir. İddiaçı orada 3 il əvvəl olmuş, 3 il əvvəlin sənədini bu gün cavabdeh təqdim edə bilmir, bəlkə də Epimisə vaxtında müraciət etsəydi, sənəd ola bilərdi. 3 il əvvəl iddiaçıya qəbz verilmiş, həmin qəbzi cavabdeh məhkəməyə təqdim edə bilmir, çünki heç bir müəssisədə 3 il müddət keçəndən sonra qəbzlər saxlanılmır. Qəbzdə ancaq ödənilmiş məbləğ göstərilir, hansı xidmət aparılması qeyd olunmur. İnstagramdakı yazışmalar cavabdehlə aparılmamış, cavabdeh orada işləməyibsə, nəyə görə iddiaçını Ambassadeyə dəvət etməli idi. Cavabdehin Epimis klinikasında işləməsinə dair əmək müqaviləsi vardır. İddiaçının təqdim etdiyi yazışmalar köhnə tarixin yazışmalarıdır. Səadət xanım ***-***-**-** nömrəsi ilə işləyir. O, Cavabdeh soyadı məsələsini araşdırmış, Səadət xanımın qız vaxtı soyadı Fərzəliyeva olmuş, lakin ailə həyatı qurandan sonra soyadı Həsənova olmuşdur. Tərəflərin telefondakı yazışmalarına gəldikdə isə bu yazışmaları düzəltmək çox asandır. Kosmetoloqun yanına getdikdə sənəd məsələsinə gəldikdə isə, onu deyə bilər ki, stomotoloqun yanına gedəndə də sənəd alınmır. Orada hər bir müştəriyə xəstəlik tarixçəsi tərtib olunmur. Çünki bununla bağlı məcburiyyət yoxdur. Müştəri özü istədiyi halda təqdim olunur. Klinikanın özü də bu barədə qeydiyyat aparmır. 2023-cü ilin mart ayında cavabdeh tərəfindən iddiaçıya xidmət göstərilməmişdir. Cavabdeh tərəfindən prosedur iddiaçıya 2-3 il əvvəl olunmuşdur. Lazer xidmətinin göstərilməsi üçün lisenziya veriləndən sonra Səhiyyə Nazirliyinin müvafiq qurumu tərəfindən bu sahəyə nəzarət olunur. İlk öncə iddiaçı sübut etməlidir ki, iddia ərizəsində qeyd olunduğu kimi 2023-cü ilin mart ayında həkim kosmetoloq Cavabdeh yanında olmuşdur. Hal-hazırda iddiaçı bunu sübut edə bilmir. İddiaçı müəyyən yazışmalar təqdim edir, anoloji yazışmalara oxşar yazışmalar o, da təqdim etmişdir. Birinci növbədə həkimin yanında olmalıdır, həkim ona prosedur etməlidir. Bu prosedurun nəticəsində də həkimin qüsuru olmalıdır. Bu qüsur nəticəsində də ziyan, zərər olmalıdır. İddiaçı sübut edə bilmir ki, cavabdehin yanında olmuşdur. Digər məsələlərdən biri isə iddiaçının üzündəki problemin olub-olmamasıdır. Ekspert rəylərindən məlum olur ki, cavabdehin üzündə problem yoxdur. Alergik dermatit olmuşdur. Ekspert də qeyd etmişdir ki, onsuzda bu olan məsələdir, bilinmir harda necə olub, zamanla keçəcək və buna görə də hər hansı məbləğ müalicə müəyyən etmək qeyri-mümkündür. Bu alergik dermatit idi sağaldı keçdi. Sonradan iddiaçı ekspert rəyi ilə tanış olur. Bu dəfə də iddiaçı deyir ki, onun üzündə çapıq var. Əlavə ekspertiza ilə müəyyən olunmuşdur ki, xırda çapığı var. Amma o xırda iki çapığın harada, necə yaranması onlara məlum deyildir. İddiaçı izahatında dəfələrlə qeyd etmişdir ki, onun kompleksi var, kosmetoloqlara gedir və üzündə narahatçılıq var. Yəni iddiaçı kosmetoloji prosedurlara meyilli şəxsdir, bəlli bir yaşa da gəlib çatmış, bu yaşa qədər də nə qədər kosmetoloqlar yanında olmuşdur. Haradan bilmək olar ki, hansı həkim edib, bəlkə su çiçəyindən qalan izlərdir. İddiaçı cavabdehə müraciət edərkən onda problemlər olmuş, bu vaxta qədər sağalmayıbsa cavabdehin nə günahı var. Niyə cavan qız kosmetoloqa gedir, niyə cavan qız qeyd edilən prosedurları edir. Ona görə ki, onun qüsuru götürülsün. Ekspert rəyləri ilə qüsurun olması, qüsura görə xərcin çəkilməsi və sırf hansı prosedurun olması ilə bağlı yekun fikir yoxdur və olmayacaqdır. İş üzrə 3 dəfə ekspertiza keçirilmiş, birinci və ikinci ekspert rəyləri bir birinə oxşayır. Üçüncü rəydə isə çapıq olması qeyd olunmuşdur. İddia tələbi qanuni və əsaslı olması ilə yanaşı, həm də ədalətli olmalıdır. Bir daha qeyd edir ki, cavabdeh iddiaçının iddia etdiyi X13 klinikasında heç vaxt işləməmiş, o, Epimis klinikasında işləyir. İddiaçının təqdim etdiyi yazışmalar öz ziyanınadır. İddiaçı yazışmaları düz-əmməli də tərtib etməmişdir. Yazışmanın sonu belə bitir “Həkim narahatdır, qalsın”. İddiaçı da yazır “ok”. Yəni iddiaçının özünün təqdim etdiyi sübutda iddiası sübut olunmur. Başqa yazıda yazılıb ki, “Səadət xanım yazır: yanımızda olmusunuz? Bəli bir dəfə olmuşam”. “Bəli bir dəfə olmuşam” o deməkdir ki, iddiaçı birincini etiraf edir, ikincini sonda həkim narahatdır, gəlmir. İddiaçının sübutlarının heç bir hüquqi əhəmiyyəti, mötəbərliyi yoxdur. İddiaçı maddi ziyan tələb edir. Maddi ziyan necə formalaşır, iddiaçıya harada maddi ziyan dəyməsi ilə bağlı bir dənə də olsun məhkəməyə qəbz təqdim olunmamışdır. İddia tam olaraq sübutsuz, əlaqəsiz bir iddiadır. Bu iş cinayət hüququna bənzəyir. Yəni ki, ittihamla hadisə arasında səbəbli əlaqə olmalıdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 41. İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İİ. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İİİ. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 3.Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 12. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Praktik tibb və ya əczaçılıq faliyyəti ilə məşğul olmaq hüququnun təsdiq edən AH № 03800 nömrəli Sertifikasiya Şəhadətnaməsinin surətindən müəyyən olunu ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində dermatovenerologiya ixtisası üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. xx.xx.2005-ci il tarixli AB-İ 084612 nömrəli diplomun surətindən müəyyən olunur ki, X3 1998-ci il tarixdə N.Nərimanov adına Azərbacan Tibb Universitetinə daxil olmuş, 2004cü il tarixdə Azərbaycan Tibbi Universitetini müalicə işi ixtisası üzrə tam kursu bitirmiş, Dövlət imtahan komissiyasının xx.xx.2004-cü il tarixli qərarı ilə ona həkim ixtisası verilmişdir. Elektron sistemdən gəlir məlumatlarının çıxarışından müəyyən olunur ki, Cavabdeh X12 MMC-də kosmetoloq vəzifəsində işləməklə aylıq əmək haqqı 350 manat təşkil edir. Yasamal rayon prokurorunun böyük köməkçisi T.Yaqubovun xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, İddiaçı şikayəti ilə bağlı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki instagram sosial şəbəkəsi vasitəsi ilə Səadət Fərzəliyeva adlı həkimlə danışaraq xx.xx.2023-cü il tarixdə Ş.Mehdiyev küçəsi ev 1054 ünvanında yerləşən Ambasade klinikasında kapiliyarların yandırılması prosedurunu icra etmişdir. Prosedurdan sonra üzündə qızartı, yanıq, göz altında şişkinlik, o cümlədən infeksiya yaranmışdır. Bunula bağlı klinikaya müraciət etmiş Whatsapp tətbiqi vasitəsi ilə klinikaya müraciət etdikdə Səadət adlı həkimin həmin kilinikada çalışmadığını bildirmişlər. Səadət xanım İnstagram vasitəsi ilə yazdığı mesajları silsə də, o, həmin mesajları saxlamış, prosedur zamanı ona hər hansı çek və rəsmi sənəd təqdim edilməmiş, prosedur üçün 100 manat ödəniş etmişdir Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı təxminən 2-3 il əvvəl Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsində adını xatırlamadığı klinikada fraksion lazer kosmetoloji prosedurunu tətbiq etmiş, həmin prosedurun müqabilində 80 manat ödəniş etmişdir. Fraksion lazer kosmetoloji proseduru üzün yandırılaraq soyulması prosedurunun daha təkmilləşmiş formasıdır və dərinin cavanlaşmasına xidmət edir. Həmin proseduru icra etdiyi günün axşamı İddiaçı telefonla zəng edərək üzünün yandığını demiş və bununla bağlı etiraz etməyə başlamış, o, xanıma üzündə yanma əlamətlərinin olmasının bu prosedurda təbii halı olmasını izah etmiş və olmasının normal olduğu üçün onu sakitləşdirməyə çalışmışdır. Təxminən 1 həftə sonra xanımın üzü sağalmış və o, yeniden qeyri-etik formada müraciət edərək üzündə həssaslıq yarandığını, kapillyar damarların çıxdığını demişdir. Təxminən 15 gün sonra o, xanımın üzündə 2 dəfə plazmaterapiya icra etmiş, xanımın 80 manatını da özünə qaytarmış, icra etdiyi prosedurları da hədiyyə etmişdir. Lakin xanım yenə onun etdiyi prosedurlardan narazı qalmış, üzünün həssaslaşdığını, günəşin altına çıxa bilmədiyini, həmçinin, günəşvannası qəbul edə bilmədiyini bildirmiş, ondan 2000 manat təzminat istəyərək əks təqdirdə hüquqmühafizə orqanlarına və müqavilə ilə işlədiyi digər estetik klinikalara şikayət edəcəyi barədə hədələməyə başlamışdır. İddiaçı bu hərəkətləri işgüzar nüfuzuna xələl gətirmişdir. Sosial şəbəkədə Bakı şəhərində tanınmış həkim dermatoloq olduğundan o, xanımın bu hərəkətlərinin qarşısını almaq üçün ona həmin prosedurun qiyməti olan 80 manat qaytarmış, digər 2 proseduru da hədiyyə etmişdir. Buna baxmayaraq İddiaçı həmin vaxtdan etibarən ondan əl çəkməmiş 2000 manat pul tələb etmiş, barəsində böhtan xarakterli şikayətlər etmişdir. O, xx.xx.2023-cü il tarixdə İddiaçı heç bir tibbi və ya kosmetoloji prosedur tətbiq etməmiş, çoxdan üzündəki kapillyar damarların yandırılması ilə bağlı müraciət etmiş, lakin onun şəxsiyyatinin ziddiyyətli olduğunu bildiyindən ona həmin proseduru icra etməmiş, keçmişdə icra etdiyi prosedurla bağlı onun üzündəki yaralar isə təxminən iki il yarım öncə sağalmışdır. O, X17 Beaute klinikasında işləmir, ümumiyyətlə orada işləməmişdir. xx.xx.2023-cü ildə İddiaçı tətbiq olunan prosedurun kim tərəfindən icra olunduğunu bilmir. Ekspert rəyində göstərilən fəsadın yaranması hər hansı bir kosmetik manipuliyasiya nəticəsində mümkündür və təbiidir. Lakin həmin sonuncu proseduru o, icra etməmiş və həmin fəsadın onunla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq sonuncu onunla intiriqa apardığı, ondan 2000 manat pul tələb etdiyi üçün barəsində qərəzli şikayətlər etmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı İddiaçı barəsində təyin olunmuş məhkəmə-tibbi ekspertizasının 147 saylı rəyi ilə İddiaçı mütəxəssis müayinəsinə əsasən, onun üz nahiyyəsində kontakt allerqik dermantitin olduğu müəyyən edilmişdir ki, bu da ona aparılmış kosmetoloji prosedurların fəsadı kimi qiymətləndirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli tövsiyyə vərəqəsindən müəyyən olunur ki, həkim İlahə Məmmədova tərəfindən üzündəki fəsadlarla bağlı İddiaçı müalicəvi resept yazmışdır. X17 Beaute MMC-nin xx.xx.2023-cü il tarixli № M-16 saylı məktubundan müəyyən olunur ki, Həsənova X5 De La Beaute MMC-də heç vaxt işləməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elaektron İnformasiya Sistemi üzrə iş yerinə dair xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən, X9 MMC-də kosmetoloq vəzifəsində işləyir. Azərbaycan Respublikası Səhiyyə Nairliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli № 624/KEŞ nöməli rəyindən müəyyən olunur ki, Yasamal RPİ 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Nəsimi Seyidzadənin xx.xx.2023cü il tarixli qərarı əsasında Komisyon Ekspertizalar şöbəsində İddiaçı həkim işinə dair məhkəmə-tibbi müayinəsi keçirilmiş və bu haqda xx.xx.2023-cü il tarixli 147/KEŞ saylı rəy tərtib edilmişdir. Ekspertiza qarşısında qoyulmuş suallar: l. Vət. İddiaçı üz nahiyələrində nə kimi xəsarətləri vardır? 2. Əgər vardırsa üz nahiyəsində yaranmış deformasiyalar (sol gözünün altında şişmə, dəridə çapıcıların yaranması) və infeksiyanın (suluğ) səbəbini, yaranma müddəti və əmələ gəlmə mexanizminin, lokalizasiyası, dəridəki çapıcıların 2023cü ilin mart ayının 10-dan (yəni prosedurdan) sonra həkim kosmetoloq tərəfındən göstərilmiş xidmətə qədər olub-olmasını və ağırlıq dərəcəsi nədir? 3. Vət. İddiaçı üz nahiyəsində olan deformasiyalar həkim kosmetoloqun məsləhəti ilə həmin kapilyarların yərlərinə vurulmuş xüsusi krem (maz) və dərmanlar ilə əlaqəlidirmi? Məhkəmə-tibbi müayinə: xx.xx.2023-cü il tarixdə İddiaçı Komisyon şöbədə məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Deməsinə görə, xx.xx.2023-cü il tarixdə Estetik Mərkəzə müraciət etmiş və orada üz nahiyəsində kapilyarların yandırılması proseduru icra edilmişdir. Bundan sonra üz nahiyəsindəki səpgilər, suluqlar yaranmışdır. Bununla əlaqadar X8 müraciət etmiş və müalicələr qəbul etmişdir. Bundan sonra səpkilər nisbətən azalmağa başlamışdır. 1. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. 2. Məhkəmə-tibbi müayinəsi zamanı hal-hazırda şikayətləri sol gözaltı şişkinlikdən, üz, çənə, burun ətrafı və üstündə olan səpkilərdən, allergik reaksiyalardandır. Mütəxəssis müayinəsinə göndərildi. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin İ nömrəli Dəri-Zöhrəvi dispanserində İddiaçı adına tərtib edilmiş tibbi arayışdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə dispanserdə tibbi müayinədən keçdi. Diaqnoz: L-23. Kontakt allergik dermatit. Əmələ gəlmə səbəbi kosmetoloji prosedurların fəsadı kimi qiymətləndirilə bilər. Nəticə: 1-3. İddiaçı mütəxəssis müayinəsinə əsasən, onun üz nahiyəsində kontakt allergik dermatitin olduğu müəyyən edilmişdir ki, bu da ona aparılmış kosmetoloji prosedurların fəsadı kimi qiymətləndirilir. Kosmetik manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. Məhkəmə-tibbi müayinə: xx.xx.2023-cü il tarixdə İddiaçı Komisyon şöbədə məhkəmətibbi müayinəsi keçirilmişdir. Deməsinə görə, xx.xx.2023-cü il tarixdə Estetik Mərkəzə müraciət etmiş və orada üz nahiyəsində kapilyarların yandırılması proseduru icra edilmişdir. Bundan sonra üz nahiyəsindəki səpgilər, suluqlar yaranmışdır. Bununla əlaqədar X8 müraciət etmiş və müalicələr qəbul etmişdir. Bundan sonra səpkilər nisbətən azalmağa başlamışdır. İ. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. 2. Məhkəmə-tibbi müayinəsi zamam hal-hazırda şikayətləri sol gözaltı şişnlikdən, üz, çənə, burun ətrafi və üstündə olan səpkilərdən, allergik reaksiyalardandır. Mütəxəssis müayinəsinə göndərildi. İddiaçı xx.xx.2023-cü il tarixdə X14 plastik cərrahı Rəşad Babayevin müayinəsində olmuşdur. Müayinə zaman aşkar olundu ki, kosmetoloji prosedurlardan sonra burun va yanaqlarda kontakt dermotit baş vermiş v bundan sonra dəridə ləkələr əmələ gəlmişdir. Qeyd olunur ki, bu hal kosmetoloji prosedurlardan sonra 1- 3% hallarda müşahidə edilə bilər. Ləkələr üçün müalicəyə ehtiyac yoxdur. Müəyyən müddət sonra bərpa olunacaqdır. Rəydən daha sonra müəyyə olunur ki, İddiaçı üz nahiyəsində prosedurlar zamanı qeyd edilən Estetik Mərkəzədə müvafiq tibbi sənədlər tərtib edilməli olduğu halda, tərtib etməmişlər. Bu səbəbdən də Mərkəzdə hansı prosedurun icra edilməsi haqqında konkret fikir söylənilməsi mümkün olmadı. Bu səbəbdən də “Mərkəz” də hansı prosedurun icra edilməsi haqqında konkret fikir söylənilməsi mümkün olmamışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda kosmetoloji prosedurlardan sonra burun və yanaqlarda kontakt dermatitin yarandığı və bundan sonra üz nahiyəsində dəridə ləkələrin əmələ gəldiyi müəyyən edilmişdir ki, bu hal da kosmetoloji prosedurlardan sonra 1-3% hallarda müşahidə edilə bilər. Qeyd olunan ləkələrlə əlaqədar müalicəyə ehtiyac yoxdur. Müəyyən müddət keçdikdən sonra bərpa olunacaqdır. Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikasının Səhiyyə Nairliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli № 894/KEŞ nöməli rəyindən müəyyən olunur ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda hal-hazırda hər iki burun qanadlarının proyeksiyasına uyğun nahiyələrin bayır səthində çapıq toxumaların olduğu müəyyən edilmişdir. Həmin nahiyələrdə tibbi və ya kosmetoloji prosedurlarla əlaqədar hər hansı bir tibbi sənəd mövcud olmadığından bunun yaranma səbəbləri haqqında fikir söylənilməsi mümkün olmadı. İddiaçı qeyd olunan çapıq izləri korreksiyaedici müdaxilələrlə estetik olaraq xarici görünüşü azaldıla bilər. İddiaçı müayinəsi zamanı onda hal-hazırda üz nahiyəsində allergik dermatit xəstəliyinin əlamətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, həkim kosmetoloq olan cavabdeh iddiaçıya kosmetoloji xidmətlər göstərsə də, müvafiq tibbi sənədlər tərtib etməli olduğu halda hər hansı bir sənəd tərtib etmədiyindən iddiaçıya nə vaxt, hansı kosmetoloji prosedurları icra etməsini, istehlakçının səhhətinə vurulan zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirmək vəzifəsini icra etməmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh tərəfindən ona göstərilən xidmətin X17 Beaute MMC-də icra edilməsini iddia etsə də, cavabdeh heç vaxt həmin klinikada işləməmiş, cavabdeh ilk dəfə Yasamal rayon prokurorluğunda verdiyi izahatında isə iddiaçıya adını xatırlamadığı klinikada xidmət göstərməsini bildirmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçıda aparılmış kosmetoloji prosedurlar fəsadla nəticələnmiş, iddiaçının məhkəmə-tibbi müayinəsi zamanı onda hal-hazırda hər iki burun qanadlarının proyeksiyasına uyğun nahiyələrin bayır səthində çapıq toxumaların olduğu müəyyən edilmiş, həmin nahiyələrdə tibbi və ya kosmetoloji prosedurlarla əlaqədar hər hansı bir tibbi sənəd mövcud olmadığından çapıqların yaranma səbəblərini müəyyən etmək mümkün olamamışdır. Cavabdeh iddia tələbinə qarşı etirazında iddiaçının üz nahiyəsində çapıqların əvvəlcədən mövcud olmasını bildirsə də, göstərdiyi xidmət zamanı istehlakçının mövcud və keçirmiş xəstəlikləri, kosmetoloji müdaxilələri barədə bilgilər, yəni anamnez toplaması barədə sənəd tərtib etmədiyindən, etirazında istinad etdiyi halları da sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli tövsiyyə vərəqəsindən, iddiaçının məhkəməyə təqdim etdiyi yazışmalardan isə iddiaçının üzündəki fəsadların 2023-cü ilin mart ayından əvvəl yaranması müəyyən olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh iş yerindən kənarda iddiaçıya kosmetoloji xidmət göstərdiyindən, göstərilən xidmətlərlə bağlı heç bir sənəd tərtib etməməklə öz xidmətinin baş verə biləcəyi fəsadlarını əvvəlcədən gizlətmək üçün şərait yaratdığından, məhkəmə araşdırması zamanı cavabdeh zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyindən, iddiaçı isə vurulmuş maddi ziyanın məbləğini müəyyən edilməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi maddi ziyan tələbinə görə 7000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə təmin edilə bilməz. Məhkəmə sağlamlığına ziyan vurulmuş iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi Koinq Almaniyaya qarşı işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X1rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə cavabdehin göstərdiyi xidmət nəticəsində pozulmuş sağlamlığının bərpası üçün hüquqmühafizə orqanına, məhkəməyə müraciət etmək məcburiyyətində qalan iddiaçının stres, əsəb, narahatlıq, məyusluq hissləri keçirməsini istisna etmədiyindən iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab edir. Məhkəmə mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətlərin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını nəzərə alıb, cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 500 manatın tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbini bu hissədə təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh mənəvi ziyana görə 500 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar