Məhkəmə qərarları › İş №2(001)-2517/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2517/2022

11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2517/2022 11.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 01 noyabr 2007-ci il təvəllüdlü X2 və 21 iyun 2009-cu il təvəllüdlü X3 adlı uşaqlarının saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2013-cü il tarixli, 2(001)-5019/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, təyin olunmuş alimentin miqdarı ilə uşaqların hazırki tələbatlarını ödəmək mümkün deyildir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin yaşayış ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş poçt vasitəsi ilə, habelə, mobil telefonuna sms vasitəsi ilə göndərilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2013-cü il tarixli, 2(001)-5019/2013 saylı qətnaməsinə əsasən, 01 noyabr 2007-ci il təvəllüdlü X2 və 21 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Eyni zamanda, həmin Məcəllənin 75.1-ci maddəsinin məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı, habelə digər xərclərin mövcudluğunu, həmçinin Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin məbləği hər uşağa görə 150 manat sabit pul məbləğində müəyyən olunmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 aprel 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan çox olduqda 30 manat + iddia qiymətinin 1000 manatdan yuxarı hissəsinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 1200 manat (hazırki qətnamə ilə müəyyən edilmiş alimentin cəmi ilə əvvəlki qətnamədəki alimentin cəmi arasındakı fərqin 12 aya hasil) olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, ödənilməli 32 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 noyabr 2007-ci il təvəllüdlü X2 və 21 iyun 2009-cu il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar