Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2536/2022 25.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (əvvəlki adı "xxxx" İKB) ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank sonuncuya illik 26 faiz dərəcəsi hesablanmaqla 13 ay müddətinə ödəmək şərti ilə 12740 ABŞ dolları məbləğində kredit vermişdir. Bununla bağlı həmin tarixdə Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin, kredit müqaviləsindən irəli gələn öhdəliklər Cavabdeh1 tərəfindən icra edilmədiyindən bank tərəfindən məhkəməyə təqdim olunmuş 09 sentyabr 2016-cı il tarixli maliyyə arayışına əsasən, onun banka 4945,08 ABŞ dolları məbləğində əsas, 1850,83 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 6795,91 ABŞ dolları məbləğində borcu yaranmışdır. "xxxx" İKB Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada yuxarıda göstərilən məbləğdə borcun, habelə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli, 2(001)-16592/2016 saylı məhkəmə əmrinə əsasən ərizə təmin edilmişdir. Bundan sonra Cavabdeh1 və Cavabdeh2 məhkəmə əmrinə etirazla məhkəməyə müraciət edərək işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişlər, məhkəmənin 11 mart 2022-ci il tarixli qərardadına əsasən, məhkəmə əmri ləğv edilmiş, materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 22 aprel 2022-ci il tarixli maliyyə arayışını məhkəməyə təqdim edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etdiyini bildirib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək iddia tələbində göstərilən məbləği birdəfəlik ödəmək imkanının olmadığını, ancaq əsas borcu ödəyə biləcəyini bildirdi. Digər Cavabdeh2 məhkəmənin hazırlıq iclasında iştirak etmiş, iddianı qəbul etmədiyini bildirmiş, lakin məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit və faiz borcunu vaxtında ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 müqaviləyə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzəriinə götürdüyünə görə məhkəmə hesab edir ki, onlara münasibətdə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin faktiki halları ilə müəyyən edilir ki, iddia tələbində əsas borcun məbləği 4945,08 ABŞ dolları göstərildiyi halda, 22 aprel 2022-ci il tarixli maliyyə arayışında əsas borc 2770,35 ABŞ dolları göstərilmişdir. Habelə, iddia tələbində faiz borcunun məbləği 1850,83 ABŞ dolları göstərildiyi halda, sonuncu maliyyə arayışında faiz borcu 3008,88 ABŞ dolları, cəmirə borcu 1495 ABŞ dolları, gecikdirilmiş faiz borcu isə 989,05 ABŞ dolları kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə 22 aprel 2022-ci il tarixli maliyyə arayışında göstərilən məbləğə uyğun olaraq 2770,35 ABŞ dolları, faiz brocuna münasibətdə isə iddia tələbində göstərilən məbləğə uyğun olaraq 1850,83 ABŞ dolları miqdarında təmin edilməlidir. Belə olan halda tələbdən kənara çıxma halı mövcud olmayacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2770,35 ABŞ dolları məbləğində əsas, 1850,83 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 4621,18 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyinə görə məhkəmə hesab edir ki, İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2770,35 ABŞ dolları məbləğində əsas, 1850,83 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 4621,18 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2536/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2536/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver