Məhkəmə qərarları › İş №2(001)-2543/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2543/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2543/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəyə müraciət edərək xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, HP PAVİLİON X360 RİESLİNG 14-markalı kompüter üçün 2181.90 (iki min yüz səksən bir manat, 90 qəpik) manat ödənilməmiş hissə, 1090.95 (min doxsan manat, 95 qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 markalı kompüter üçün 939 (doqquz yüz otuz doqquz) manat ödənilməmiş hissə, 469.50 (dörd yüz altmış doqquz manat, 50 qəpik) manat cərimə, ümumilikdə 4681.35 manat borc, 66.82 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən HP PAVİLİON X360 RİESLİNG 14- markalı kompüter, APPLE MACBOOK AİR 13 markalı kompüter almış və nəticədə 4681.35 (dörd min altı yüz səksən bir manat, 35 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2977.02 (iki min doqquz yüz yetmiş yeddi manat, 02 qəpik) manat (18 ay x 165.39 manat + 0 manat ilkin ödəniş) olan HP PAVİLİON X360 RİESLİNG 14- markalı kompüter üçün ümumilikdə, 3272.85 (üç min iki yüz yetmiş iki manat, 85 qəpik) manat olmaqla ondan, 2181.90 (iki min yüz səksən bir manat, 90 qəpik ) manat ödənilməmiş hissə, güzəşt olunaraq 1090.95 (min doxsan manat, 95 qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4624.08 (dörd min altı yüz iyirmi dörd manat, 08 qəpik) manat (24 ay x 192.67 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 markalı kompüter üçün ümumilikdə, 1408.50 (min dörd yüz səkkiz manat, 50 qəpik) manat olmaqla ondan, 939 (doqquz yüz otuz doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 469.50 (dörd yüz altmış doqquz manat, 50 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4480.20 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, HP PAVİLİON X360 RİESLİNG 14-markalı kompüter üçün 2181.90 (iki min yüz səksən bir manat, 90 qəpik) manat ödənilməmiş hissə, 1090.95 (min doxsan manat, 95 qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 markalı kompüter üçün 939 (doqquz yüz otuz doqquz) manat ödənilməmiş hissə, 469.50 (dörd yüz altmış doqquz manat, 50 qəpik) manat cərimə, ümumilikdə 4681.35 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, 12 ilə yaxındır o, həmin mağazanın müştərisidir. Maddi imkanı olmadığı üçün yaxınlaşaraq biraz aşağı məbləğdə ödəniş etməyini xahiş etmiş, lakin razı olmamışlar. Onun bu qədər ödəniş etməyi nəzərə alınmadan yüksən məbləğdə cərimə hesablanmışdır. Hesab edir ki, əsas borca görə hesablanmış cərimə həddindən çoxdur. Ona görə də cərimənin silinməsini xahiş edir. Məhkəmə tərəfləri izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 2977.02 (iki min doqquz yüz yetmiş yeddi manat, 02 qəpik) manat (18 ay x 165.39 manat + 0 manat ilkin ödəniş) olan HP PAVİLİON X360 RİESLİNG 14- markalı kompüter üçün ümumilikdə, 3272.85 (üç min iki yüz yetmiş iki manat, 85 qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 4624.08 (dörd min altı yüz iyirmi dörd manat, 08 qəpik) manat (24 ay x 192.67 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 markalı kompüter üçün ümumilikdə, 1408.50 (min dörd yüz səkkiz manat, 50 qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həmin tarixə xx.xx.2024-ci il tarixli müqavilə üzrə 2181.9 manat əsas, 1090,95 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 939 manat əsas, 469,5 manat cərimə olmaqla, ümumilikdə 4681,35 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh müqavilələrə əsasən "xxxx" MMCdən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 2181.9 manat əsas və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 939 manat əsas borc Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2024-ci il tarixli müqavilə üzrə hesablanmış 1090,95 manat məbləğində dəbbə pulu azaldılaraq 150 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə hesablanmış 469,5 manat məbləğində dəbbə pulu azaldılaraq 50 manat olmaqla, ümumilikdə 200 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 66,82 manat məbləğində pul vəsaitinin 53,20 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2181,90 manat ödənilməmiş hissə, 150 manat dəbbə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 939 manat ödənilməmiş hissə, 50 manat dəbbə borcu olmaqla, ümumilikdə 3320,90 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 53,20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar