Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2596/2021 31.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 iddiaçıdan xx.xx.2019-cu il tarixli 352 saylı müqaviləyə əsasən 892 manatlıq dəyərində məişət avadanlığı əldə etmişdir. Müqavilə üzrə cavabdeh 100 manat ilkin ödəniş etmiş və 12 ay ərzində hər ay iddiaçıya 66 manat ödəməyi öz öhdəliyinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdeh öhdəliyinin icra edilməsinə zamin kimi Cavabdeh1 durmuş, lakin bu cavabdehlə müstəqil zaminlik müqaviləsi bağlanmamış, xx.xx.2019-cu il tarixli 352 saylı müqavilənin arxasında Cavabdeh1 borcu hər ay ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri icra etməmiş, iddiaçı tərəfindən borcun ödənilməsinə dair müraciətləri cavabsız qoymuş və nəticədə 100 manat cərimə olmaqla cəmi 892 manat borcları qalmışdır. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borca görə 792 manat, cəriməyə görə 100 manat, vəkilə ödənilmiş 111 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 1033 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Kreditor İddiaçı və borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 352 saylı kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcalana kredit yolu ilə 892 manat məbləğində məişət avadanlığı verməyi, borcalan isə 100 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay müddətinə aylıq ödənişi 66 manat olmaqla kreditora verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən daha sonra müəyyən olunur ki, bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflərin bu müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin tam icra edilməsinə qədər qüvvədədir, borcalan tərəfindən borc məbləğinin ödənilməsi müddətləri pozulduqda borcalan kreditora 100 manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə aparılan qeyddən müəyyən olunur ki, Cavabdeh1 anası Cavabdeh2 zamin durduğunu və hər ay ödəməyi öz üzərinə götürdüyünü qeyd etmişdir. İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixli 352 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 892 manat borclarının olmasını, 3 gün müddətində öhdəlik icra edilmədiyi halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Expressbank ASC-nin xx.xx.2021-ci il tarixli 5877 saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, İddiaçı hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili X1 111 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər faktiki olaraq nisyə alqı-satqı müqaviləsi bağladıqları halda həmin müqaviləni kredit müqaviləsi adlandırmışlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 352 saylı müqavilədən irəli gələn öhdəliyini icra etməməsi nəticəsində əsas borca görə 792 manat borcu yaranmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh2 öhdəliklərini icra etməməsi nəticəsində yaranan 792 manat borcu ondan İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçı tərəfindən tələb olunan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə Cavabdeh2 10 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə İddiaçı Cavabdeh1 qarşı tələbi ilə bağlı qeyd edir ki, iddiaçı bu cavabdehinə qarşı iddia tələbində istinad etdiyi hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Malki Məcəlləsinin 460.1.-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1.-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi İddiaçı Cavabdeh1lə əsas öhdəliyin icrasının təmin edilməsi üçün hər hansı bir təminat üsulu barədə müqavilə bağlamadığı halda bu cavabdehdən əsas öhdəliyin icrasını tələb etməklə əsassız tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini bu hisədə də əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 əsas borca görə 792 manat, cəriməyə görə 10 manat, hüquqi xidmətə görə 111 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 943 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2596/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2596/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver