Məhkəmə qərarları › İş №2(001)-2629/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2629/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2629/2021 01.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 3194,93 manat məbləğində əsas borcu və 420,05 manat faiz borcu olmaqla, ümumilikdə 3614,98 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bank ilə borcalan Cavabdeh1 arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli, 103804-351052/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 4500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh2 arasında 16 noyabr 2018-ci il tarixli, 103804-351052/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 10 iyul 2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3194,93 manat əsas borcu və 420,05 manat faiz borcu olmaqla, ümumilikdə 3614,98 manat məbləğində kredit borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh tərəfindən banka müəyyən ödənişlər edilmişdir. Odur ki, iddia tələbini azaldaraq, cavabdehlərdən 1673,24 manat əsas borc və 662,56 manat faiz borcu olmaqla, cəmi 2335,8 manat və 30 manat məbləğində dövət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli 103804-351052/3 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank borcalana şəxsi istehlak məqsədləri üçün, 36 ay müddətinə, aylıq ödəniş 185,2 manat, illik 27 % dərəcəsi olmaqla 4500 manat kredit verməyi, borcalan isə verilmiş krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və qaytarmağı barədə öhdəlik götürmüşdür. İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın 16 npoyabr 2018-ci il tarixli 103804-351052/3 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. İddiaçı ASC tərəfindən verilən 16 noyabr 2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 4500 manat kredit verilmişdir İddiaçı ASC tərəfindən borclu Cavabdeh1 və zamin Cavabdeh2 ünvanlanan 27.01.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borcunu 03.02.2020-ci il tarixinədək icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. İddiaçı ASC-nin 10.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2nun kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 3194,93 manat əsas və 420,05 manat faiz borcu olmaqla, ümumilikdə 3614,98 manat məbləğində borcu vardır və kredit müqaviləsi üzrə 165 gün təşkil edir. 17.07.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanan 16 noyabr 2018-ci il tarixli, 103804-351052/3 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank borcalana 36 ay müddətinə 4500 manat məbləğində kredit vermişdir. Ödəniş qrafikinə əsasən cavabdeh 27 dekabr 2018-ci il tarixdən etibarən hər ay 185,2 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalanın kreditor qarşısında öz öhdəliklərini icra etməsi üçün borclu ilə birgə məsuliyyət daşıyacağı barədə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək cavabdehdən kredit müaviləsi üzrə 1673,24 manat əsas, 662,56 manat faiz borcu olmaqla, cəmi 2335,8 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddiaçının nümayəndəsi kredit müqaviləsi üzrə hesabdan çıxarış təqdim edərək iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən borclu tərəfindən mütəmadi ödənişlərin edildiyini bildirmişdir.Cavabdeh tərəfindən sonuncu ödəniş 16 iyun 2021-ci il tarixdə 200 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Belə ki, borcalan qrafik üzrə ödənişlərini həyata keçirmiş olsaydı, qətnamə qəbul edilən tarixə əsas və fazi borcu üzrə cəmi 866 manat borcu qalmış olardı. Lakin təqdim edilmiş maliyyə arayışından görünür ki, borcalan mütəmadi olaraq ödənişləri həyata keçirmiş olsa da, 01.07.2021-ci il tarixə 2335.8 manat borcu qalmışdır. Bununla da təsdiq olunur ki, borcalan müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Cavabdehin müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Borcalanın işin məhkəmədə olduğu vaxt ərzində ödəniş etməsi onun öhdəliyini lazimi qaydada icra etmiş olmasına dəlalət etmir. Belə ki, borcalan kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri müqavilədə nəzərə tutulduğu qaydada həyata keçirməmişdir. Bu baxımdan kreditorun öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququ yaranmışdır. Nəticə etibarı ilə borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 oğlu zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 16 noyabr 2018-ci il tarixli, 103804-351052/3 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1673,24 (bir min altı yüz yetmiş üç manat, iyirmi dörd) manat əsas borc və 662,56 (altı yüz altmış iki manat, əlli altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2335,8 (iki min üç yüz otuz beş manat, səksən qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 16 noyabr 2018-ci il tarixli, 103804-351052/3 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1673,24 (bir min altı yüz yetmiş üç manat, iyirmi dörd) manat əsas borc və 662,56 (altı yüz altmış iki manat, əlli altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2335,8 (iki min üç yüz otuz beş manat, səksən qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar