Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2631/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı reqress qaydada pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı reqress qaydada pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 iddiə ərizəsini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 345000 ABŞ dolları kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq, bankla borcalan arasında xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə görə, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 607-609-cu məhəllə, Bəsti Bağırova küçəsi, ev 15, mənzil 6 bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bunu Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarış da təsdiq edir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri icra etməmiş və banka olan borcunu ödəməmişdir. Məsələ ilə əlaqədar tərəfə pretenziya məktubları göndərilmiş və qarşı tərəf hər hansı ödəniş həyata keçirmədiyindən notariat orqanına müraciət edilmiş və müvafiq qaydada xx.xx.2020-ci il tarixdə notarisun icra qeydi təqdim edilmişdir. İş üzrə Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və əmlaklar qiymətləndirildikdən sonra, hərracın keçirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmişdir. Açıq hərrac zamanı alıcı olmadığı üçün "xxxx" MMC-nin hərracın yekunları barədə 49/11 saylı xx xxxxxx 2020-ci il tarixli protokoluna əsasən Yasamal rayonu, 607-609-cu məhəllə, Bəsti Bağırova küçəsi, ev 15, mənzil 6 382500 manat məbləğinə xxxx" ASC-yə borc əvəzinə mülkiyyətinə verilmişdir. Bununla bağlı "xxxx" ASC ilə "xxxx" MMC arasında xx xxxxxx 2020-cı ıl tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx' ASC Yasamal rayonu, 607-609-cu məhəllə, Bəsti Bağırova küçəsi, ev 15, mənzil 6 üzərində mülkiyyət hüquqlarını rəsmi reyestrdə qeydiyyatdan keçirmişdir. Hazırda həmin əmlak tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-yə məxsusdur. "xxxx" MMC tərəfindən daxil olmuş məktuba əsasən, hərracın keçirilməsi ilə əlaqədar 9562.5 manat xərc "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Bundan əlavə "xxxx" ASC tərəfindən 4893.9 manat sadələşdirilmiş vergi ödənilmişdir. Bununla da "xxxx" ASC tərəfindən əlavə olaraq, 14456.40 manat pul mələğində əlavə xərci yaranmışdır. "xxxx" MMC tərəfindən daxil olmuş məktuba əsasən, ipoteka predmetinin satışından əldə olunan məbləğdən, Bankın borcu çıxıldıqdan sonra, 73075.44 manat pul məbləği Binəqədi rayon icra və probasiya Şöbəsinin depozit hesabına ödənilməlidir Bu məbləğ, icra şöbəsinin təqdim etdiyi hesablara əsasən, tam həcmdə ödənilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi tam həcmdə təmin edilir. Həmin Qanunun 5-ci maddəsinə görə, ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Həmin Qanunun 38.2-ci maddəsinə müvafiq olaraq, ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti hu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 46.2-ci maddəsinə müvafiq olaraq, ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14456,40 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 14456,40 (on dörd min dörd yüz əlli altı manat qırx qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2631/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2631/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver