Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2656/2024 16.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 48000 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrionə dair işlətr üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı X2 02 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh 02 sentyabr 2023-cü ildə saat 03 radələrində Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 4,4-cü kilometrində idarə etdiyi Mercedes Benz E240 minik markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı uolun orta zolağı ilə rayon istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə ollunmasından ayırmamalı, yol şəraitini nəsərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirərək avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, qarşıda eyni zolaqda dayanmış heyvanın sağ tərəfindən keçmək məqsədi ilə sağa manevr edərək idarəetməni itirib avtomobili yoldan çıxararaq, torpaqlıqda aşıb bir neçə dəfə fırlanaraq yoldan 14-metr kənarda sürücü X5 tərəfindən dayandırılmış, ona məxsus MAN TGX 18.440 4X2 LLS-U yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Cavabdeh ehtiyatsızlıqdan MAN TGX 18.440 4X2 LLS-U yük markalı avtomobilin sürücüsü X1 uzun müddətə pozulmasına səbəb olan sol almacıq-əng sümüklərinin qəlpəli sınıqları, sol gözün konyuktiva qişası altında qansızma ilə müşayət olunan sol göz yuvası nahiyyəsinin şişkinliyi və qançırı və sol yanaq nahiyyəsinin şişkinlik halında əzilməsi xəsarətlərini yetirərək, sağlamlığına az ağır zərər vurmasına səbəb olmuş, özü dərəcəsi təyin olunmayan sağlamığa zərər vurmayan xəsarət almış, idarə etdiyi avtomobil və MAN TGX 18.440 4X2 LLS-U yük markalı avtomobil əzilərək sahiblərinə maddi ziyan dəymişdir. Həmin Qərardan göründüyü kimi cinayət məsuliyyətindən azad edilən sürücü Cavabdeh "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozduğuna görə qeyd edilən yol-nəqliyyat hadisəsi baş vermişdir.Bu səbəbdən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Bu fakt iddia ərizəmə əlavə edilən TP seriyalı ******* saylı X7, Yol Hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarla da təsdiq edilir. Həmin qərarla ona dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki iddia ərizəsi ilə müraciət etmədiyindən ona dəymiş maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunub. Belə ki, sürücü Cavabdeh təqsiri nəticəsində baş vermiş qeyd edilən avto-qza hadisəsindən sonra ona məxsus MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı avtomobillə 07 Sentyabr 2023-cü il tarixdə baxış keçirilmiş və mütəxəssis Rəyi alınmışdır. Həmin rəydən aydın olur ki, yük avtomobilinə dəymiş maddi ziyanın ümumi dəyəri 23410.0 (iyirmi üç min dörd yüz on) manat təşkil edir.Baş vermiş hadisə ilə bağlı təqsirli tərəfin sığortası tərəfindən avtomobilinə dəymiş maddi ziyana görə cəmi beş min manat pul ödənilmişdir. Bundan başqa, əzilib yararsız hala düşmüş avtomobil 02 sentyabr 2023-cü il tarixdən dayanacaqdadır, istifadə edilmir halbuki bu avtomobilin işləməməsi onun kimi sahibkara hər gün 200(iki yüz) manat ziyan vurur. Nəticədə keçən beş ay müddət ərzində sürücü Cavabdeh təqsirli hərəkətləri nəticəsində ona 30.000(otuz min) manat ziyan dəymişdir. Qeyd edilən maddi ziyanın ödənilməsi ilə bağlı müraciətlər etməyinə baxmayaraq, Cavabdeh, atası və əmisi ilə görüşləri olmuş, lakin Nihad və atası ziyanın ödənilməsi ilə əlaqədar onunla barışıq sazişinə gəlməmişlər. Odur ki, avtomobilə dəymiş 18.000 manat və onun yükdaşıma biznesi fəaliyyətinə vurulmuş 30.000 manat maddi ziyanın təqsirli şəxs Cavabdeh alınaraq ona verilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, avtomobilinə dəymiş zərəri sığorta şirkəti müəyyən edib. Həmin vaxt avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. Dəymiş ziyan avtomobilin yeni olması və ehtiyat hissələrinin dəyəri nəzərə alınaraq 23000 manat qiymətləndirilmiş, sığorta 5000 manat məbləği qarşılamışdır. Həmin nəqliyyat vasitəsi ilə gündəlik yükdaşımalar həyata keçirilirdi. Nəqliyyat vasitəsi yararsız hala düşdüyündən, daşımaların aparılmadığı hər gün gündəlik minimum 200 manatdan zərərə uğramışdır. Özü daşımaların həyata keçirilməsi üzrə sahibkar kimi fəaliyyət göstərir. Nəqliyyat vasitəsi özünün olsa da, hadisə zamanı avtomobil sürücü tərəfindən idarə olunub. Hadisənın baş verdiyi sentyabr ayından avtomobil işləmir. Hətta dəyəri 50000-55000 manat olan avtomobili təxminən 12000 manata satmalı olmuşdur. Qarşı tərəflə danışığa cəhd edilsə də, cavabdehin atası narahat edilmək istəmədiyini bildirmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımki qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hadisəni atasının maşınını etibarnamə əsasında idarə edərkən, qarşısına çıxan itdən yayınaraq idarəetməni itirərək törətmişdir. Bildiyi qədəri ilə atası ilə iddiaçı arasında barışıq olub. Vurulan avtomobili hadisədən sonra görməmişdir. Maşın sığortalandığından 5000 manat sığorta şirkəti ödəmişdir. Tələb edilən məbləğlə razı deyil. Hazırda tələbə olduğundan, ödəmək imkanı da yoxdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. 02.09.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. X6 E240 minik markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən Cavabdeh təqsirli bilinmiş və barəsində İXM-nin 327.1-ci maddəsi ilə intizam tənbehi tətbiq edilmişdir.
6. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə iddiaçıya 5000 manat dəyərində sığorta məbləği ödənişi edilmişdir.
7. 07.09.2023-cü il tarixli Şirvan Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilən RƏY AKT-dan görünür ki, MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əzilib sıradan çıxmış hissələr üzrə 20 610 manat, işçilik xərci isə 2800 manat olmaqla ümumilikdə 23 410 manat maddi ziyan dəymişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 9/3693 №-li xx.xx.2024-cü il tarixli EKSPERT RƏYİNDƏN görünür ki, MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təxminən 22 360 manat, o cümlədən, dəyişilməli hissələrin qiyməti – 19 560 manat, təmir-bərpa işlərinin qiyməti 2 800 manat müəyyən edilir. İddiaçı və cavadeh tərəfindən ekspert rəyi mübahisələndirilməmişdir.
9. Tərəflərə mübahisənin məhkəmədən kənar həlli istiqamətində təkliflər irəli sürülsə də, nəticədə razılıq əldə olunmamışdır.
10. Tərəflərin izahatları ilə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, “MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. Bundan əlavə nəqliyyat vasitəsi zədəli vəziyyətdə iddiaçı tərəfindən artıq satılmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
11. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
12. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddia tələbi iki hissədən ibarətdir. Tələbin birinci hissəsi iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuş real zərərin əvəzinin ödənilməsi, ikinci hissə isə həmin hadisə nəticəsində əldən çıxmış fayda qismində zərərin tutulmasından ibarətdir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
15. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
16. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
17. - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
18. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
19. -1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər;
20. -1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun;
21. -1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
22. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
23. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
24. Odur ki, Cavabdeh delikt törətməsi, bunun nəticəsində MAN TGX 18.440 4X2 LLS-U yük markalı 77BM399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsi məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd edilmişdir ki, sürücü Cavabdeh barəsində hadisə ilə bağlı AR İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilərək TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarla kifayətlənilməlidir.
25. Nəqliyyat vasitəsinə dəymiş real zərərlə bağlı isə məhkəmə tərtib edilən hesabatlarla kifayətlənməmiş və əmtəəşünaslıq ekspertizası keçirmişdir. Daha mötəbər sübut kimi qəbul edilən ekspert rəyi ilə isə nəqliyyat vasitəsinə 22 360 manat zərər dəydiyi müəyyən edilmişdir. Odur ki, sığorta şirkəti tərəfindən ödənilən 5000 manat nəzərə alındıqda iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş real zərərə görə ödənilməli olan məbləğ 17 360 (22 360 – 5000 = 17 360) manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
26. Məhkəmə tələbin əldən çıxmış fayda qismində iddiaçıya zərər vurulması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmiş və tələbini formal mülahizələrlə əsaslandırmışdır. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tətbiq edilən prosessual normalar:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
30. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
32. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17360 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyinə görə iddiaçıya aid edilməlidir.
34. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat vəsait də Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
35. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 17 360 (on yeddi min üç yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat vəsait Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev