Məhkəmə qərarları › İş №2(001)-2661/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2661/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2661/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********87786 İphone 15 pro max markalı telefon, Apple adapter, Vinil şəffaf üçün 4168 manat ödənilməmiş hissə, 2084 manat dəbbə, ümumilikdə 6252 manat borc, 82.52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********87786 İphone 15 pro max markalı telefon, Apple adapter, Vinil şəffaf almış və nəticədə 6252 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4712.99 manat (18 ay x 245.2 manat + 299.39 manat ilkin ödəniş) olan İmei kod **********87786 İphone 15 pro max markalı telefon, Apple adapter, Vinil şəffaf üçün ümumilikdə, 6252 manat olmaqla ondan, 4168 manat ödənilməmiş hissə, 2084 manat dəbbə borcu təşkil edir. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 544.99 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarş tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya yönəldilə bilər. Tərəflərin izahatları və iddiaya münasibətləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iclasın iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №10737241 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 4712.99 manat olan İmei kod **********87786 İphone 15 pro max markalı telefon, Apple adapter, Vinil şəffaf Cavabdehnın istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 245.2 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 08 yanvar 2024-cü il, sonuncu ödəniş tarixi 01 yanvar 2026cı il müəyyən edilmişdir.

6. 24 iyun 2024-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №10737241 saylı saylı müqaviləyə əsasən İmei kod **********87786 İphone 15 pro max markalı telefonu, Apple adapteri, Vinil şəffafı qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

7. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir;

8. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 82.52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 24 iyun 2024-ci il tarixli, №10737241 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, nəticədə "xxxx" MMC müqavilə üzrə əşyaları cavabdehə nisyə satmış, cavabdeh isə həmin əşyaları qəbul etmiş, hər bir müqavilədə nəzərdə tutulmuş ödəniş şərtlərini pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

10. Hazırda iddiaçı müqavilə üzrə yaranmış 4168 manat əsas, 2084 manat cərimə olmaqla 6252 manat məbləğində borcun tutulmasını xahiş edir.

11. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir.

12. İddiaçı tərəfindən 82.52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

16. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;

21. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

22. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

23. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

24. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur.

25. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

26. Müqavilə üzrə tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 2084 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.

27. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.

28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

29. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

30. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən müqavilə üzrə hesablanmış dəbbə pulunun məbləği azaldılaraq, 200 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:

32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

36. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 24 iyun 2024-ci il tarixli, №10737241 saylı müqavilə üzrə əsas borca görə 4168 manat, cərimə borcuna görə 200 manat, ümumilikdə 4368 manat məbləğində pul vəsaiti və 82.52 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

37. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 24 iyun 2024-ci il tarixli, №10737241 saylı müqavilə üzrə əsas borca görə 4168 manat, cərimə borcuna görə 200 manat, ümumilikdə 4368 (dörd min üç yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti və 82.52 manat (səksən iki manat, əlli iki qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar