Məhkəmə qərarları › İş №2(001)-2664/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2664/2021

30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2664/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1913/2020 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən ölkə üzrə yaşayış minimumuna uyğun olaraq 170 manat məbləğində alimentin tutulması qət edilmiş, hal-hazırda yaşayış minimumu qalxaraq 175 manat müəyyən edilmişdir. Aldığı aliment ona uşağını saxlamağı üçün kifayət etmir və ona görə də, o, yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 izahatında məhkəməyə bildirdi ki, qardaşı əlildir, bir əli yoxdur, hər hansı gəliri mövcud deyil və uşağına aliment kimi yalnız dövlətdən əlilliyə görə aldığı 130 manatı verə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1913/2020 saylı qətnaməsindən məlumatı olsa da, ondan şikayət verməmiş və hal-hazırda cavabehdən 170 manat məbləğində aliment tutulur. O, heç 170 manatı da ödəyə bilmir. Aliment yenidən qaldırılsa da, həmin məbləğdə alimentin ödənilməsi mümkün olmayacaq. Qardaşı uşağı üçün mütəmadi olaraq bazarlıq edir və bütün ehtiyaclarını ödəyir. İddiaçı Cavabdeh əlilliyi ilə bağlı məsələyə münasibətdə məhkəməyə bildirdi ki, əlillik barədə arayış qanunun tələbləri pozulmaqla alınmış, Cavabdeh əmək qabiliyyəti var, o, taksi fəaliyyəti ilə məşğuldur. Eyni zamanda iddiaçı məhkəməyə Cavabdeh aid Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sürücülüyə Yararlı Olmaq barədə Tibbi Arayışın surətini məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X4r. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1913/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ikinci qrup əlildir və 130 manat məbləğində müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sürücülüyə Yararlı Olmaq barədə Tibbi Arayışdan görünür ki, Cavabdeh maksimal çəkisi 3500 kiloqramdan, oturacaq yerləri sürücünün yeri ilə birlikdə doqquzdan artıq olmamaqla (işə qəbul olmaq və olmamaqla), eyni zamanda maksimal çəkisi 3500 kiloqramdan artıq olan avtomobili idarə etməyə yararlıdır (“B” və “C” kateqoriyaları). İş materiallarında olan “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh hal-hazırda B1, B kateqoriyalı, xx.xx.2023-cü il tarixədək etibarlı olan sürücülük vəsiqəsi var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə cavabdehin nümayəndəsinin qardaşının əlil olması və müavinət olaraq aldığı 130 manatdan başqa gəlirinin olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, valideynin az gəlir əldə etməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1913/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1913/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar