Məhkəmə qərarları › İş №2(001)-2671/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2671/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2671/2021 01.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh X3 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdeh X3 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 417 manat əsas borc; 62,55 manat cərimə borcu, 20 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs “X8” ilə X4 arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 932 manat dəyərində nisyə aldığı malın ödəniş cədvəlinə uyğun olaraq 9 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə fiziki şəxs “X8” arasında imzalanan faktorinq müqaviləsinə əsasən, borclu X3 qarşı olan 732 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, sonuncu dəfə 14.11.2020-ci il tarixdə ödəniş etdikdən sonra 417 manat əsas, 62,55 manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - cavabdeh X4 ilə fiziki şəxs “X8” arasında bağlanmış 18.03.2020-ci il tarixli LTM000070 nömrəli müqavilədən, ona əlavə edilmiş ödəniş cədvəlindən və digər sənədlərdən görünür ki, cavabdeh X4 200 manat ilkin ödəniş edərək, 932 manat dəyərində dolab almış, almasını imzası ilə təsdiq etmiş və 18.04.2020-ci il tarixdən 18.12.2020-ci il tarixədək hər ay 81.33 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - 24.07.2019-cu il tarixli R-93/19 saylı müqavilədən görünür ki, İddiaçı QSC ilə fiziki şəxs X7 arasında Faktorinq müqaviləsi bağlanmışdır. - 18.12.2020-ci il tarixdə İddiaçı QSC tərəfindən cavabdehə xəbərdarlıq göndərilmiş və ona müqavilənin şərtlərini pozaraq müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi bildirilmişdir. 3 (üç) gün ərzində yaranmış borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. - maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, cavabdeh bu günə qədər ödənilməmiş ümumi borcu əsas və cərimə borcu ilə birlikdə 479,55 manat təşkil edir. Göründüyü kimi, bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödəniş etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 567, 600 və 601.1-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsinə gəldikdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən birtərəfli şəkildə təyin olunmuş cərimə pulu iddiaçının tələb etdiyi məbləğdə deyil, 20 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 417 manat əsas borc və 20 manat cərimə pulu olmaqla, cəmi 437 manat tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 417 manat əsas borc, 20 manat cərimə olmaqla, cəmi 437 (dörd yüz otuz yeddi) manat və 20.40 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar