Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2676/2021 31.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Accessbank QSC-nin Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Accessbank QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Accessbank QSC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh3 AccessBank QSC ilə bağladığı 04.07.2018-ci il tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 AccessBank QSC ilə bağladığı 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.06.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 885,08 manat ödəmiş, onun 4114,92 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 11.12.2020-ci il tarixə 213 gün üçün hesablanmış faiz borcu 587,53 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 11.12.2020-ci il tarixə 213 gün üçün hesablanmış cərimə 876,47 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin a yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bağladıqları zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxanda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. AccessBank QSC-nin 31.08.2021-ci il tarixdə Cavabdeh3 məxsus hesabdan çıxarışına əsasən Cavabdeh3 tərəfindən 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 23.12.2020-ci il tarixdə 100 manat, 21.01.2021-ci il tarixdə 100 manat ödəniş edilmiş, iddiaçı həmin məbləği borcalanın 11.12.2020-ci il tarixdən sonrakı dövr üçün yaranan faiz borcuna silmişdir. Ona görə də Cavabdeh3 ilə AccessBank QSC arasında bağlanmış 10.10.2019cu il tarixli 009R********** saylı kredit razılaşmasının ləğv edilməsinə, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə 009R********** saylı kredit razılaşması üzrə əsas borca görə 4114,92 manat, faiz borcuna görə 587,53 manat, cəriməyə görə 876,47 manat olmaqla cəmi 5578,92 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, AccessBank QSC ilə 04.07.2018-ci il tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən bank ona 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə o, AccessBank QSC ilə bağladığı 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 bank qarşısında ona zamin durmuşlar. O, öhdəliklərini bir müddət icra etdikdən sonra maddi imkanı pisləşdiyindən ödənişləri apara bilməmişdir. 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 23.12.2020-ci il tarixdə 100 manat, 21.01.2021-ci il tarixdə 100 manat ödəniş etsə də, bank tələb etdiyi borcdan həmin məbləği silməmişdir. Hazırda o, bankın kredit razılaşmasının ləğv edilməsi tələbi ilə razıdır. Həmin müqavilə üzrə düzgün hesablanan əsas və faiz borcunu hissə-hissə banka qaytaracaqdır. İddia ərizəsinin qalan hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, həyat yoldaşı Cavabdeh3 AccessBank QSC ilə bağladığı 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. O, Cavabdeh1 ilə birlikdə Cavabdeh3 zamin durmuşlar. Hazırda maddi imkanları olmadığından düzgün hesablanan əsas və faiz borcunu banka hissə-hissə qaytaracaqlar. Mülki iş üzrə 29.04.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 AccessBank QSC ilə bağladığı 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması əsasında bank Cavabdeh3 24 ay müddətinə qaytarmaq, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit vermişdir. Həmin kreditə o, zamin durmuşdur. O, hər dəfə Yeganədən borcunu ödəməsi ilə maraqlanmış, sonuncu ona borcunu ödəməsini bildirmişdir. Hesab edir ki, bank ona Yeganənin borcunu ödəmədiyini deməli idi. Belə ki, o, Yeganəyə təsir edib borcun ödənilməsini tələb edərdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanmış 04.07.2018-ci il tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 100000 ABŞ dolları kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.3-cü bəndindən müəyyən olunur ki, bu müqavilə və kedit razılıaşmaları əsasında istənilən məbləğ 04.07.2028-ci il tarixdən gec olmayaraq verilməlidir. Kredit müqaviləsinin 3.1-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hər qaytarılmalı kredit üçün kredit borcunu, faizləri, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanmış 04.07.2018-ci il tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 5000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. AccessBank QSC-nin 10.10.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 5000 manatı Cavabdeh3 vermişdir. AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanmış 04.07.2018-ci il tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh3 12.11.2019-cu il tarixdən 24.10.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 5000 manat, faiz borcuna görə 1308,38 manat olmaqla cəmi 6308,38 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş planından daha sonra müəyyən olunur ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 ödəniş planı ilə tanış olaraq razı olduqlarını imzaları ilə təsdiq etmişlər. Borcverən AccessBank QSC, zamin Cavabdeh1 arasında bağlanmış 04.07.2018-ci il tarixli 009S**********02 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borcalan Cavabdeh3 məbləği 100000 ABŞ dolları, müddəti 120 ay olan 04.07.2018-ci il tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcverən AccessBank QSC, zamin Cavabdeh2 arasında bağlanmış 04.07.2018-ci il tarixli 009S**********03 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh3 məbləği 100000 ABŞ dolları, müddəti 120 ay olan 04.07.2018-ci il tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqavilələrinin 4.1-ci bəndlərindən müəyyən olunur ki, zaminlik müqavilələri imzalandığı gündən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qəvvədədir. AccessBank QSC-nin 04.02.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh3 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 11.12.2020-ci il tarixə əsas borca görə 4114,92 manat, faiz borcuna görə 587,53 manat, cərimə borcuna görə 876,47 manat olmaqla cəmi 5578,92 manat borcu vardır. Gecikmə günlərinin sayı 213 gün təşkil edir. AccessBank QSC-nin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xəbərdarlıqlardan müəyyən olunur ki, bank birgə borclulara borc qaytarılmadığı halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.07.2021-ci il tarixli 9/3728 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh3 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 11.12.2020-ci tarixə (iddia tələbinin tarixi) banka olan əsas borcu 4122,26 manat, faiz borcu 613,74 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, ekspertiza zamanı hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh3 tərəfindən 11.12.2020-ci il tarixdən sonra 200 manat ödəniş edilmiş, lakin banka olan borc məbləği 11.12.2020-ci il tarixədək hesablandığından 200 manat ödəniş nəzərə alınmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. AccessBank QSC-nin 31.08.2021-ci il tarixdə Cavabdeh3 məxsus hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh3 tərəfindən 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 23.12.2020-ci il tarixdə 100 manat, 21.01.2021-ci il tarixdə 100 manat ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borc verənə əsas borca görə 4114,92 manat, faiz borcuna görə 387,53 manat borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit razılaşmasının ləğv edilməsinə, kredit müqaviləsi birgə borclulardan müştərək qaydada əsas borca görə 4114,92 manat, faiz borcuna görə 387,53 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 17.02.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 30 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanmış 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 10.10.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə müştərək qaydada əsas borca görə 4114,92 manat, faiz borcuna görə 387,53 manat, cəriməyə görə 30 manat olmaqla cəmi 4532,45 manat borc, dövlət rüsumuna görə 30 manat AccessBank QSC-nin xeyrinə tutulsun. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 150 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2676/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2676/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver