Məhkəmə qərarları › İş №2(001)-2688/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2688/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2688/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiacı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü il 16 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" İKB ASC-nin Mxd filialından illik 25%-lə 60 ay müddətinə 45000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 46.04 kv.m. ümumi, 30.14 kv.m. yaşayış sahədən İbarət 64 nömrəli mənzili 16 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecİkdirİlən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021 yanvarın 22-dək Cavabdeh2 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 25453.77 ABŞ dolları əsas, 37274.22 ABŞ dolları faiz, 3323.68 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 66051.67 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetiııə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Qeyd olunanlara əsasən iddiaçı xahiş etmişdir ki, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 25453.77 ABŞ dolları əsas, 37274.22 ABŞ dolları faiz, 3323.68 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.12.2019-cu il tarixdən 22.01.2021-ci il tarixədək gecikdirilnıiş vaxt üçün illik 5 faizlə hesablanmış 1490.7 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 67542.37 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qismən - əsas borc hissəsində qəbul edir, tələbin faiz və cərimə hissəsində qanunsuz və əsassız olmasını hesab edir. Tələbin əsassızlığını iş üzrə iki dəfə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri də təsdiq edir. Cavabdeh2 heç vaxt borcunun mövcudluğunu inkar etməyib və ödənilməsindən boyun qaçırmayıb. Lakin ondan asılı olmayan səbəblərə görə hal-hazırda borcun tam olaraq ödənilməsi mümkün deyil. Bank ədalətsiz mövqe tutub və vətəndaşa doğru hər hansı addım atmaq istəmir və onsuz da çətin durumda olan vətəndaşı artıq hesablanmış faizlərlə boğur. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.12.2014-cü il tarixli, 6-G-1-0-2428-14 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən, sonuncuya istehlak məqsədilə 60 ay müddətinə, illik 25% ödəmək şərtilə 45000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 16.12.2014-cü il tarixli, 6-G-1-0-2438-14 saylı İpoteka müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən 46,04 kv.m. ümumi, 30,14 kv.m. yaşayış sahəsindən ibarət olan 64 nömrəli 2 otaqlı mənzil kredit müqaviləsinə əsasən 45000 ABŞ dolları məbləğində verilən kredit vəsaitinin və ona hesablanmış faizlərin, habelə qanunvericilikdə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilmiş və mənzil 70.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin 2593 saylı arayışından görünür ki, Cavabdeh1 2010-cu ildən, Cavabdeh3 isə 2012-ci ildən ünvan 1, mənzil 64 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 22.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh2 banka 25453,77 ABŞ dolları əsas, 44730,73 ABŞ dolları faiz, 3323,68 ABŞ dolları cərimə, 1490,70 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla, cəmi 73508,18 ABŞ dolları borcu mövcuddur. İş materiallarında olan 21.06.2021-ci il tarixli, 09/3272 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Cavabdeh2 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: müqavilə müddətinin sonuna, yəni 16.12.2019-cu il tarixə əsas borc üzrə - 28.276,69 ABŞ dolları, faiz borcu üzrə - 37.042,48 ABŞ dolları. ... Hazırkı tədqiqatla kredit müqaviləsi üzrə hesablamalar 16.12.2019-cu il tarixə hesablandığından, sonradan ödənilən 4.304,38 ABŞ dolları məbləğində kredit ödənişi nəzərə alınmadı. Bundan başqa bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 16.08.2016-cı il tarixdən sonra kredit ödənişləri bank tərəfindən gecikdirilmiş faiz və əsas borc məbləğindən silinmişdir. Bank tərəfindən faiz hesabından çıxarış təqdim edilməmişdir. Yəni ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə bankın təqdim etdiyi çıxarış məlumatlarına əsasən 16.08.2016-cı il tarixdən sonra bank tərəfindən müqavilə üzrə faiz hesablanmaması müəyyən edilir. ... faizlərin dayandırılması məhkəmə tərəfindən nəzərə alınmaqla, Cavabdeh2 banka olan borcu müqavilə müddətinin sonuna, yəni 16.12.2019-cu il tarixə ümumilikdə 35.837,75 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 28.276,83 ABŞ dolları, faiz borcu üzrə - 7.560,92 ABŞ dolları”. 21.06.2021-ci il tarixli, 09/3272 saylı ekspert rəyi tərəflərə 29.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında elan edilmiş və İddiaçı ASC-nin nümayəndəsi X4 rəyə münasibətdə qeyd etmişdir ki, bank tərəfindən faizlərin hesablanmasının dayandırılması qənaətinə ekspertin nəyə əsasən gəlməsi rəyin məzmunundan aydın deyil, rəy ziddiyyətli və qeyri-obyektivdir. Ekspertin məhkəmə iclasına dəvət edilərək dindirilməsi zəruridir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin vəsatəti təmin edilmiş və 10.08.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən eskpert X3 məhkəməyə bildirmişdir ki, mülki işin materiallarında faizlərin dayandırılmasına dair hər hansı sənəd olmasa da, qanunvericiliyin ona verdiyi imkanlardan istifadə edərək, məhkəmə tərəfindən qərardadda qoyulmuş suallardan əlavə məlumat vermək qərarına gəlmişdir. Belə ki, məhkəmə faizlərin dayandırılması barədə qənaətə gəldiyi təqdirdə, rəyin nəticəsinin ikinci hissəsinə müraciət edə bilər. Həmin məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəməyə şifahi vəsatətlə müraciət edərək, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(001)-2688/2021 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin başqa ekspertinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 16.12.2014-cü il tarixli, 6-G-1-0-2428-14 nömrəli Kredit müqaviləsi üzrə (aparılmış ödənişlər nəzərə alınmaqla) müqavilə müddətinin sonuna (16.12.2019-cu il) və rəy verilən tarixə banka olan kredit borcu (əsas və faiz) nə qədər təşkil edir? İş materiallarında olan 30.09.2021-ci il tarixli, 09/6094 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Cavabdeh2 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: Müqavilə müddətinin sonuna – yəni 16.12.2019-cu il tarixə: - əsas borc üzrə - 28.247,30 ABŞ dolları; - faiz borcu üzrə - 37.067,87 ABŞ dolları. Rəyin tərtib olunma tarixinə - yəni, 30.09.2021-ci il tarixdə: - əsas borc üzrə - 23.942,92 ABŞ dolları; - faiz borcu üzrə - 37.067,87 ABŞ dolları”. Bundan başqa bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 16.08.2016-cı il tarixdən sonra kredit ödənişləri bank tərəfindən gecikdirilmiş faiz və əsas borc məbləğindən silinmişdir. Bank tərəfindən faiz hesabından çıxarış təqdim edilməmişdir. Yəni ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə bankın təqdim etdiyi çıxarış məlumatlarına əsasən 16.08.2016-cı il tarixdən sonra bank tərəfindən müqavilə üzrə faiz hesablanmaması müəyyən edilir. ... faizlərin dayandırılması məhkəmə tərəfindən nəzərə alınmaqla, Cavabdeh2 banka olan borcu müqavilə müddətinin sonuna, yəni 16.12.2019-cu il tarixə ümumilikdə 35.837,75 ABŞ dolları məbləğində müəyyən olunur: Müqavilə müddətinin sonuna – yəni 16.12.2019-cu il tarixə: - əsas borc üzrə - 28.276,69 ABŞ dolları; - faiz borcu üzrə - 5.358,48 ABŞ dolları. Rəyin tərtib olunma tarixinə - yəni, 30.09.2021-ci il tarixdə: - əsas borc üzrə - 23.972,31 ABŞ dolları; - faiz borcu üzrə - 5.358,48 ABŞ dolları”. Göründüyü kimi, rəyin əsaslandırılması birinci rəydən ikincisinə sözbəsöz köçürülsə də, yenidən iki fərqli nəticə verilmiş, ekspertin nəyə əsasən faizlərin hesablanmasının dayandırılması nəticəsinə gəlməsi yenə də rəydən aydın deyil, lakin bu dəfə “faizlərin dayandırılması məhkəmə tərəfindən nəzərə alınmaqla” hesablanmış faiz məbləğləri daha az göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu mаddəsinə əsasən, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdаоlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Müki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “ ... kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. ... Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir”. 06.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 46,04 kv.m. ümumi, 30,14 kv.m. yaşayış sahəsindən ibarət olan 64 nömrəli 2 otaqlı mənzilin ipoteka müqaviləsində 70.000 manat məbləğində qiymətləndirilməsi ilə razı deyil, həmin məbləğ mənzilin real dəyərindən çox aşağıdır. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınaraq, ipoteka predmetinə dair qiymətləndiricinin rəyi alınmışdır. İş materiallarında olan 08.06.2021-ci il tarixli, UNİ/04-218/21 saylı rəydə göstərilmişdir ki, ünvan 1, mənzil 64 ünvanında yerləşən daşınmaz əmlakın 08.06.2021-ci il tarixə ilkin satış (likvid) dəyəri 89550 manat təşkil edir. Məhkəmə iddia tələbinin 3323,68 ABŞ dolları cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas və faiz borcunu cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə 382,06 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hisssədə təmin edilə bilməz. Belə ki, iddiaçı qeyd olunan tələbi irəli sürərkən, fərdi yaşayış evinin gələcək, hal-hazırda bəlli olmayan mülkiyyətçisinin hüquqlarını öz üzərinə götürmüş olur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 23.942,92 ABŞ dolları əsas, 37.067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.12.2019-cu il tarixdən 22.01.2021-ci il tarixədək gecikdirilnıiş vaxt üçün illik 5 faizlə hesablanmış 1197,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 62590 ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalı; tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 64 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməli, mənzil açıq hərracdan satılmalı və mənzilin ilkin satış qiyməti 89550 manat müəyyən edilməli; satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği İddiaçı ASC-yə ödənilməli və həmin vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləq Cavabdeh2 ümumi qaydada tutulmalı; ünvan 1, mənzil 64 ünvanında yerləşən daşınmaz əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzil boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 92,67% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 27,80 manat hissəsi, ipoteka predmeti olan əmlaka tutma yönəldiməsi üçün ödənilmiş 10 manat məbləğində pulun 9,27 manat hissəsi və 20 manat xidmət haqqının 18,53 manat hissəsi, cəmi 55,60 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ASCyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 23.942,92 ABŞ dolları əsas, 37.067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.12.2019-cu il tarixdən 22.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1197,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 62590 (altmış iki min beş yüz doxsan) ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş məhkəmə xərclərinin 55,60 (əlli beş manat altmış qəpik) manat hissəsi tutulsun. Tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 64 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilsin, mənzil açıq hərracdan satılsın və mənzilin ilkin satış qiyməti 89550 (səksən doqquz min beş yüz əlli) manat müəyyən edilsin. Satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği İddiaçı ASC-yə ödənilsin və həmin vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləq Cavabdeh2 ümumi qaydada tutulsun. ünvan 1, mənzil 64 ünvanında yerləşən daşınmaz əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 (biq) ay sonra mənzil boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş məhkəmə xərclərinin 4,40 manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh2 tutularaq - 200 (iki yüz) manat məbləğində pul "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab № AZN: AZ15GUNA********************, Bank: Günay Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22); 200 (iki yüz) manat məbləğində pul isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar