Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2690/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 28.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4207,72 manat əsas borc, 33,29 manat faiz borcu olmaqla, ümumilikdə 4241,01 manat əsas borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 28.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən illik 25 % dərəcəsi ilə 18 ay müddətin 5000 manat kredit götürmüşdür. Borcun təminatı kimi Cavabdeh2 ilə 28.12.2019-cu il tarixli zainlik müqaviləsi bağlanmışdır. Lakin borclu müavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 10.02.2021-ci ilədək Cavabdeh1 banka 28.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4207,72 manat əsas, 33,29 mnaat faiz borcu olamaqla, ümumilikdə 4241,01 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borc ödəməkdən yayınır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi X3 06.04.2021-ci il taixində məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, Banka həqiqətən borcu vardır. Biznes ilə məşğul olmaq üçün bankdan pul götürsələr də, pandemiya ilə əlaqədar olaraq iş qurmaq mümkün olmamış. İşləməmişlər. Mağaza neçə ay bağlı olmuşdur. Ona bankdan məlumat verilmişdir ki, ödəniş qrafikində dəyişilik olacağı təqdirdə əlavə faiz hesablanacaq. Mağazanın fəaliyyət göstərməsi üçün kredit götürsələr də. Heç kim pandemiyanın olacağından qabaqcadan xəbərdar olmamışdır. Pandemiyadan sonra ödəyəcəyi barədə məlumat vermişdir. O, hər ay ödəniş edir. Hətta 400 manat məbləğində ödəniş edir ki, kredit məbləği tez bağlansın. Bu ay isə ödəniş etməmişdir. Sonuncu dəfə isə 04.03.2021-ci il tarixində ödəniş etmişdir. Aylıq qrafikə qaldıqda 381 manat pul ödəməli idi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən 03 fevral 2021-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, “xxxx” X1 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Kredit verən bank “xxxx” ASC ilə kredit alan Cavabdeh1 oğlu arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli, 23-MZ-1-0-2147-19 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kreditor borcalana 18 ay müddətinə , illik 25 % dərəcəsi ilə, aylıq ödəniş 381,95 manat olmaqla, 5000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləi kreditora ödənilməsinə dair pul öhdəliyi götürmüşdür. Kredit verən bank “xxxx” ASC ilə kredit alan Cavabdeh1 oğlu və Cavabdeh2 arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli, 23-MZ-1-0-2147-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Osmanov X2 Zaur Arif oğlu ilə bank arasında ağlanmış 28 dekabr 2019-cu il tarixli, 23-MZ-1-0-2147-19 saylı krediti müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. “xxxx” ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 oğluna 28 dekabr 2019-cu il tarixli, 23-MZ-1-0-2147-19 saylı kredit müqaviləsi üzrə 10 fevral 2021-ci il tarixinə 4207,72 manat əsas borc, 33,29 manat faiz borcu olmaqla, ümumilikdə 4241,01 manat borc hesablanmışdır. “xxxx” ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 oğluna 28 dekabr 2019-cu il tarixli, 23-MZ-1-0-2147-19 saylı kredit müqaviləsi üzrə 05 aprel 2021ci il tarixinə 3912,86 manat əsas borc, 82,72 manat faiz borcu və 16,08 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4011,06 manat borc hesablanmışdır. “xxxx” ASC-nin cavabdehlərə ünvanlanan 21 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh1 oğluna və Cavabdeh2 28 dekabr 2019-cu il tarixli, 23-MZ-1-0-2147-19 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. 11 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı “xxxx” ASC ilə kredit alan Cavabdeh1 oğlu arasında bağlanan 28 dekabr 2019-cu il tarixli, 23-MZ-1-0-2147-19 saylı kredit müqaviləsi ilə bank müştəriyə 18 ay müddətinə , illik 25 % dərəcəsi ilə, aylıq ödəniş 381,95 manat olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı ilə cavabdeh – zamin Cavabdeh2 və borc alan Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən isə zamin borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Cavabdehin müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə iddiada tələb olunan əsas borca münasibətdə qeyd edir ki, əsas borc bank tərəfindən məhkəməyə təqdim edilən 05.04.2021-ci il tarixə olan maliyyə arayışına uyğun olaraq faktiki borcun əsasında müəyyən edilməlidir. Belə ki, maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə 04.03.2021-ci il tarixində ödənilmiş məbləğdən(400 manat) 294,86 manat əsas borca silinmişdir. Belə olduğu təqdirdə iddia əsas borca münasibətdə qismən təmin edilməli, 28 dekabr 2019-cu il tarixli, 23-MZ-1-0- 2147-19 saylı kredt müqaviləsi üzrə 3912,86 manat əsas borc müəyyən edilməli, sonuncu maliyyə arayışına əsasən faiz məbləğinin 82,72 manata, cərimə borcunun isə 16,08 manat olduğu göstərilsə də, iddia tələbi artırılmamış və məhkəmə tələbə bağlı olduğundan faiz borcu iddia ərizəsində tələb edildiyi kimi 33,29 manat məbləğində müəyyən edilməli və həmin məbləğlər cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı “xxxx” ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanan 28 dekabr 2019-cu il tarixli, 23-MZ-1-0-2147-19 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3912,86 manat, faiz borcu üzrə 33,29 manat olmaqla, ümumilikdə 3946,15 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. “xxxx” ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanan 28 dekabr 2019-cu il tarixli, 23-MZ-1-0-2147-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3912,86 (üç min doqquz yüz on iki manat, səksən altı qəpik) manat, faiz borcu üzrə 33,29 (otuz üç manat, iyirmi doqquz qəpik) manat olmaqla, ümumilikdə 3946,15 (üç min doqquz yüz qırx altı manat, on beş qəpik) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2690/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2690/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver