Məhkəmə qərarları › İş №2(001)-2698/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2698/2022

29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2698/2022 29.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X13 oğlunun katibliyi, ilk iddia üzrə İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından oğlulmuş 11 mart 2009-cu il təvəllüdlü X9 və 12 oktyabr 2010-cu il təvəllüdlü X7 adlı uşaqlarının saxlanmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(001)-6698/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər ay hər uşağa görə 125 manat olmaqla ümumilikdə 250 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ilk iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, əvvəlki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə alimentlə uşaqların maddi tələblatlarını ödəmək mümkün deyildir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Vəkil ilk iddianı qəbul etmədiklərini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh 20 sentyabr 2018-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmlaqla evlənmişdir. Həmin nikahdan 16 avqust 2019-cu il təvəllüdlü Məryəm adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. Cavabdeh fəhlə işləyir, qazancının bir hissəsini aliment olaraq İddiaçı ödəyir, digər hissəsi ilə isə hazırki ailəsini, uşağını saxlayır. Həmçinin, Cavabdeh vərəm xəstəliyindən əziyyət çəkir, tez-tez səhhətində problemlər yaranır. Əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş məbləğdə alimenti ödəməyə Cavabdeh maddi imkanı çatmır. Buna görə də, onlar hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(001)- 6698/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh 11 mart 2009-cu il təvəllüdlü oğlu X9 və 12 oktyabr 2010-cu il təvəllüdlü qızı X1 üçün tutulan alimentin miqdarı artırılaraq uşaqların hər birinə hər ay sabit pul şəklində 154 manat olmaqla cəmi 308 manat alimentin tutulub İddiaçı ödənilməsi qərara alınmışdır. - nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh 20 sentyabr 2018-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 16 avqust 2019-cu il təvəllüdlü X6 adlı uşaqları vardır. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, ilk iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Eyni zamanda, həmin Məcəllənin 75.1-ci maddəsinin məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı, habelə digər xərclərin mövcudluğunu, həmçinin Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin məbləği hər uşağa görə 160 manat sabit pul məbləğində müəyyən olunmalı, beləliklə, ilk iddia qismən təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 aprel 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı ilə nikahdan sonra digər şəxslə rəsmi nikaha daxil olması, həmin şəxsdən uşağının olması onun İddiaçı ilə birgə nikahdan olan uşaqlarının saxlanması üçün aliment öhdəliyinin yüngülləşdirilməsinə, yəni alimentin azaldılmasına əsas ola bilməz. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, Ailə Məcəlləsinin: - 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. - 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - 58.4-cü maddəsinə əsasən, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. - 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından olan uşaqların saxlanması üçün əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının azaldılasına heç bir əsas mövcud olmadığından, qarşılıqlı iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk iddiası qismən təmin edilsin. 11 mart 2009-cu il təvəllüdlü X9 və 12 oktyabr 2010-cu il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(001)-6698/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar