Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-27/2023 21.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh MAP MMC-yə qarşı qanunsuz tikilinin sökülməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh MAP MMC-yə qarşı qanunsuz tikilinin sökülməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, ünvan 1 ünvanında iddiaçının şəxsi mülkiyyətində sənəd üzrə üç sotdan artıq, faktiki isə beş sot ölçüdə hasara alınmamış vəziyyətdə torpaq sahəsi vardır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazisi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2010-cu il tarixli seriya MA 00075741 saylı çıxarışa əsasən əmlak hüquqları qeydə alınmış, torpağa dair plan ölçü verilmiş və yaşayış məntəqəsinin torpaqları təyinatı üzrə rəsmiləşdirilmişdir. Torpaq sahəsində hazırlanmış lahiyə-smeta sənədləri əsasında yaşayış evi tikilməsi nəzərdə tutulmuş müvafiq sənədləşmələr edilmişdir. Uzun müddət istifadəsində olan torpaq sahəsində iddiaçı müxtəlif növ ağaclar əkərək becərmişdir. Toraq sahəsi yaşayış evi tikilməsi məqsədilə alınmış, müxtəlif razılaşmalar alınaraq tikiləcək evin lahiyəsi tərtib olunmuşdur. Lakin iddiaçının torpaq sahəsi cavabdeh MAP MMC-nin səlahiyyətlərinin əraziyə göndərdiyi şəxslər tərəfindən müdaxiləyə məruz qalmış, hasarı sökülərək ərazidəki on beş illik ağacları çıxarılmış, faktiki olaraq torpaq dağıdalaraq orada çoxmənzilli yaşayış binasının inşasına başlanılmışdır. İddiaçının torpaq sahəsi, ona aid olan ərazinin hasarında saxlanılan giriş qapısının qıfılı sındırılaraq açarları dəyişdirilmiş, tikintidə işləyən usta və fəhlələrin istifadəsinə verilmişdir. İddiaçının torpaq sahəsində 2 ədəd findıq, 3 ədəd karalyok, 1 ədəd əzgil, 1 ədəd zoğal, 3 ədəd nar, 4 ədəd gilas və 2 ədəd heyva ağacları məhv edilərək çıxarılmış, hasarı sökülərək fundament qazılaraq çoxmərtəbəli yaşayış binasının inşasına başlamışdır. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10/2885 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı 0,031 ha torpaq sahəsinin 51,0 kv.m hissəsində digər şəxslər tərəfindən inşa olunmuş 11 mərtəbəli yaşayış binasının tikintialtı sahəsinin bir hissəsi yerləşir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan torpaq sahəsi zəbt edilmiş 51 kv.m hissəsində qanunsuz olaraq inşa edilmiş 11 mərtəbəli bina cavabdeh tərəfindən öz hesabına sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməli, cavabdeh və torpaq sahəsinə aidiyyəti olmayan digər şəxslər torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi tam ölçüdə, yəni 0,031 ha ölçüsündə iddiaçıya qaytarılmalıdır. Məhkəməyə təqdim olunan Daşınmaz əmlakın qiymətləndirilməsi barədə UNİ/İ 79-629/22 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanındakı 0,031 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixinə 1 kv.metrinin ədalətli bazar dəyəri 1500 manat, 1 sotunun ədalətli bazar dəyəri 150000 manat, ümumi sahəsinin ədalətli bazar dəyəri 465000 manat təşkil edir. Artıq neçə illərdir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etmiş, həmin hissədə özbaşına tikili tikmiş, iddiaçının torpaq sahəsinin qalan hisəssinə isə iddiaçını demək olar ki, buraxmır. Hətta məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə ekspertlər tərəfindən əraziyə baxış keçirilməsi zamanı belə cavabdehin işçiləri iddiaçının və ekspertlərin içəri girmələrinə icazə verməsəydilər, onlar iddiaçının torpaq sahəsinə daxil ola bilməyəcəkdilər. Belə ki, torpaq sahəsinin giriş qapısı cavabdeh tərəfindən içəridən bağlı saxlanılır və qapı cavabdeh tərəfindən açılmadığı təqdirdə torpaq sahəsinə girib-çıxmaq da mümkün olmur. Bu səbəbdən, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Digər tərəfdən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsində özbaşına tikili tikməsi nəticəsində iddiaçı torpaq sahəsində inşasını planlaşdırdığı fərdi yaşayış evini inşa edə bilmir. Beləliklə, iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsindən heç bir məqsəd üçün istifadə edə bilmir. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən iddiaçıya əvvəla torpaq sahənin real bazar dəyəri həddində, yəni 465000 manat məbləğində, digər tərəfdən isə həmin ünvanda ayrıca götürülmüş fərdi yaşayış evinin real bazar dəyəri məbləğində real zərər vurulmuşdur. Həmin ərazidə hündürlüyü 12 metr olan üç mərtəbəli fərdi yaşayış evinin hazırda real bazar dəyəri təqribən 1 500 000 manat təşkil edir. İddiaçı cavabdehin ona məxsus torpaq sahəsinin bir hissəsində özbaşına tikili tikməsi nəticəsində iddiaçı xüsusi mülkiyyətində olan torpaq səhəsində inşa etdikdən sonra mülkiyyət hüququ ilə sahib ola biləcəyi dəyəri ******* manat olan fərdi yaşayış evindən də məhrum olmuşdur. İddiaçı hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş real zərər tam məbləğdə cavabdehdən tutularaq ona ödənilməlidir. Mülki işdə olan xx.xx.2022-ci il tarixli 10/2885 saylı ekspert rəyi ilə iddiaçının torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş 11 mərtəbəli yaşayış binasının söküləcəyi təqdirdə çoxmərtəbəli yaşayış binasına ziyan vurulacağı müəyyən edilir. Torpaq sahəsinin mülkiyyətçisi olaraq iddiaçı bir daha qeyd edir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə özbaşına tutulmuş, zəbt edilmiş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi, orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Cavabdeh tərəfindən inşa edilmiş 11 mərtəbəli yaşayış binası iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində qanunsuz olaraq inşa edildiyindən həmin yaşayış binası qüvvədə olan qanunvericiliyin tələbləri baxımından özbaşına tikinti sayılır. Bu səbəbdən həmin bina birmənalı olaraq sökülməlidir. Digər tərəfdən həmin 11 mərtəbəli yaşayış binasının iddiaçının torpaq sahəsinin bir hissəsinin üzərinə düşən hissəsinin, yəni hər mərtəbəsinin iddiaçının torpaq sahəsinin bir hissəsinin üzərinə düşən hissəsinin tərkib hissələri olduğu yaşayış və ya qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsinə dair cavabdeh tərəfindən verilmiş bütün sənədlər, aparılmış bütün rəsmiləşdirmələr, əgər ayrı-ayrı vətəndaşlar həmin hissələrin tərkib hissələri olduğu yaşayış və ya qeyri-yaşayış sahələrinə dair çıxarışlar alıblarsa belə, həmin çıxarışlar da etibarsız sənədlərdir, etibarsız rəsmiləşdirmələrdir. Ona görə də, ünvan 2 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan 0,031 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına, cavabdeh tərəfindən tikintialtı sahəsinin bir hissəsinin idiaçıya məxsus torpaq sahəsinin 51,0 kv.m hissəsində inşa edilməklə tikilmiş 11 mərtəbəli özbaşına tikilinin (çoxmərtəbəli yaşayış binasının) cavabdehin hesabına sökülməsinə, binanın söküntü hissələrinin iddiaçının torpaq sahəsindən cavabdehin hesabına çıxarılmasına, torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilərək iddiaçıya təhvil verilməsinə, yaxud torpaq sahəsinin ədalətli bazar dəyərini təşkil edən 465000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsinə, torpaq sahəsinin ətrafına çəkdirdiyi hasarının cavabdeh tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzində 6467 manatın, torpaq sahəsində mövcud olmuş 2 ədəd fındıq, 3 ədəd karalyok, 1 ədəd əzgil, 1 ədəd zoğal, 3 ədəd nar, 4 ədəd gilas və 2 ədəd heyva ağaclarının məhv edilməsi ilə vurulmuş ziyanın əvəzində 5000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsində yaşayış və ya qeyri-yaşayış binası inşa edə bilməyəcəyinə görə vurulmuş zərərin əvəzində ******* manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı bir dəfə danışmaq üçün cavabdehin ofisinə yaxınlaşanda ona qarşı hörmətsizlik edilmişdir. Hətta ekspertizanın keçirilməsi üçün baxış zamanı yuxarıdan onlara daş atılmışdır. İndi iddiaçı cavabdeh tərəfindən ona mənzil verilməsi əvəzinə torpağın pulunun ödənilməsi təklifi ilə razılaşa bilər. İşdə olan müstəqil ekspertin rəyindən müəyyən olunur ki, qalan torpaq sahəsində bina tikmək mümkün deyildir. İddia ərizəsində 2 ədəd fındıq ağacı, 3 ədəd xurma ağacı, 1 ədəd əzgil ağacı, 1 ədəd zoğal ağacı, 3 ədəd nar ağacı, 4 ədəd gilas ağacı və 2 ədəd heyva ağacı olmaqla 16 ədəd ağac qeyd olunub. Ağaclar bütün torpaq sahəsində əkilmiş, zəbt olunmuş 51 kv.m torpaq sahəsində ağaclarda olmuşdur. Torpaq sahəsini hazırda təyinatı üzrə istifadə etmək mümkün deyildir. Orda yaşayış və ya qeyri-yaşayış sahəsi tikilə bilməz. Belə olan halda torpaq sahəsinin iddiaçının adında formal olaraq qalmasının mənası yoxdur, torpaq sahəsi faktiki olaraq MMC-nin sayılır. İddiaçı torpaq sahəsinin zəbt olunmayan hissəsinə indi girib-çıxa bilir, lakin torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulmuşdu. Ekspertin iştirakı ilə yerli baxış zamanı qapı içəridən açılmadığından iddiaçının torpaq sahəsinə içəri girmək mümkün deyildi. Torpaq sahəsində hasar var və qapı içəridən açılır. Həmin gün cavabdehin işçiləri qapını iddiaçı tələb etdikdən sonra açmışlar. Yerli baxış zamanı iddiaçı hasarın hardan söküldüyünü, hasarın şəklini ekspertə göstərmişdir. Cavabdehin təqdim etdiyi foto şəkillər isə hasar söküldükdən sonra çəkilmişdir. İddia ərizəsinin ilk hissəsi təmin edilərsə iddiaçı bununla razılaşar, lakin zəbt olunmuş 51 kv.m. başqa şəxaləri yaşayış sahələri yerləşir. Bu səbəbdən alternativ tələblər də irəli sürülmüşdür. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh MAP MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, cavabdeh əvvəl iddiaçının mülkiyyətində olan torpaq sahəsinə girmədiyini fikirləşsə də, sonradan iddiaçıya məxsus 51 kv.m. torpaq sahəsinə girdikləri müəyyən edilmişdir. Ona görə də onlar əvvəllər iddiaçıya bütöv torpaq əvəzində sahəsi 150 kv.m. olan 4 otaqlı mənzil və ya zəbt olunmuş 51 kv.m. torpaq əvəzində sahəsi 70 kv.m olan mənzil təklif etmişlər. Lakin iddiaçı cavabdeh tərəflə danışıqlar aparmaqdan yayınmışdır. İddiaçı iddia tələbinin həcmini artırdığından cavabdeh iddia tələbində göstərilən məbləğlərlə razı deyildir. Cavabdeh tərəfindən torpaq sahəsinin 51 kv.m. hissəsi zəbt olunmuş, torpağın qalan hissəsindən təyinatı üzrə istifadə edilməsinin mümkün olmaması barədə rəy olmadan cavabdehdən torpağın tam dəyərini tələb edə bilməz, yalnız torpaq sahəsinin 51 kv.m hissəsinin dəyərini tələb edilə bilər. Dövlətdə torpağın qiyməti 1 kv.m. üçün 900 manat təşkil edir. 51 kv.m. zəbt olunmuş torpaq sahəsinə görə 51000 manat cavabdeh iddiaçıya verə bilər. Torpaq sahəsi zəbt olunmubsa kompensasiya verməli olduqları onlara məlumdur. Torpaq sahəsində hasar və ağaclar olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən tikintidən əvvəlki vəziyyətlə bağlı məhkəməyə fotoşəkillər təqdim olunmuşdur. Həmin fotoşəkillərdən görünür ki, orda hasar olmamış, ağaclar isə indi də ordadır. Cavabdeh ümumiyyətlə iddianı qəbul etmir, lakin ekspert rəyində göstərilir ki, torpaq sahəsinin 51 kv.m hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Məhkəmə tikinti texniki ekspertizası tərəfindən 3 ay fərqlə verilmiş 2 rəy vardır. Ekspert rəyinin biri iyul ayında, digəri isə oktyabr ayında verilmişdir. Rəylərdən birində torpağın dəyəri 210000 manat, digər rəydə isə 325000 manat göstərilmişdir. Həmin ərazidə torpağın 1 sotunun qiyməti 50000-55000 manat arasındadır, ikinci rəydə isə torpağın yerləşdiyi ərazi kimi Varovski kimi göstərilərək torpağın dəyəri 325000 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunan ərazı Varovski deyil, tamam başqa bir ərazinin qiymətləndirilməsi ilə qiymətlər dəyərləndirilmişdir. Bura Xutor deyilən ərazidir, ətrafı 2 tərəfi hündür mərtəbəli binalardır, bir tərəfində böyük yarım ötürücü stansiya vardır. Həmin torpaqda indi iddiaçıya tikinti tikməyə icazə verilə bilməz, həmin sahədən binanın həyətyanı sahəsi olaraq istifadə edilə bilər. Torpaq sahəsinin yerləşmə yerinə görə 1 sotun qiyməti 50000-55000 manat təşkil edir. İddiaçı 10 il əvvəl 40000 manata alıdığı torpağa görə cavabdehdən indi tələb etdiyi məbləğ böyük məbləğdir. İkinci ekspert rəyində məbləğ tikintiyə görə kvadratı 1500 manatdan hesablanmışdır. Amma torpağa görə qiymət fərqli hesablanır. Hazırda cavabdehin inşa etdiyi binada mənzilərin 1 kv.m. 1700 manat təşkil edir, əvvəllər isə 1200 manat olmuşdur. Cavabdehin inşa etdiyi bina istismara verilmiş, binada yaşayış vardır. İddiaçı cavabdehlə razılığa gəlmək üçün bir dəfə də olsun görüşə gəlməmişdir. Danışıqların aparılmasına iddiaçının vəkili manelər yaradır. Torpaq sahəsində qapı yoxdur, açıq ərazidir, həmin sahədə ağaclar olmamış, cavabdeh tərəfindən bir dənə də olsun ağac çıxarılmamışdır. Ərazidə 2 ədəd xurma və 1 ədəd heyva ağacı vardır. Torpaq mübahisəli olduğundan Ekologiya Nazirliyinin əməkdaşları tikinti işlərinin aparılmasına nəzarət edirdilər. Torpaq sahəsinin ətrafı 6 metrlik açıq sahədir, sərbəst giriş-çıxış mümkündür. 2019-cu ildə çəkilmiş fotoşəkillərdən hasarın olması görünmür. Ekspert 4 il sonra orda hasar olmasını necə müəyyən edə bilər. Hasar iddiaçı tərəfindən də tikilməmiş, hasar əvvəldən o ərazidə mövcud olmuş hasardır, bir tərəfi yol tərəfindəndir Hasarın başındakı dəmirdən görünür ki, orda setka olubmuş, hər hansı bir hasar olmamışdır. Fotoşəkillərdən iddiaçının setkanı bağladı turba aydın görünür. Həmin ərazidə əvvəllər daşdan, dəmirdən ibarət qarajlar olmuş, əgər iddiaçının hasarı olsaydı onun birləşmə yeri də olardı, hasar deyil setka olub. Ona görə də iddia ərizəsini qismən qəbul edərək 51 kv.m. torpaq sahəsinə görə 20% əlavə də nəzərə alınmaqla 51000-52000 manat kompensasiyanın cavabdeh tərəfindən iddiaçıya verilməsinə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 83.
1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.
2. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsindən imtina edilməsinə o şərtlə yol verilə bilər ki, belə imtina başqa şəxslərin hüquq və mənafelərinə toxunmasın və ətraf təbii mühitə zərər vurmasın. Maddə 84.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 2.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.
6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Maddə 96.
1. Torpağın bazar qiyməti torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır.
2. Xüsusi mülkiyyətdə olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər tərəflərin razılığı ilə bazar məzənnəsi nəzərə alınmaqla müəyyənləşdirilir. Maddə 101.
1. Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. Torpaq sahələri geri alınarkən qeyd olunan xərclərlə yanaşı, habelə torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödənilməlidir.
2. Vurulmuş zərəri, o cümlədən əldən çıxmış gəliri, geri alınan torpaq sahələrini əldə etmiş hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilən qaydada ödəyirlər.
3. Zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Maddə 111. 1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; 3.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Maddə 112. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixdə verilmiş seriya MA ******* saylı çıxarışdan müəyyən olunur ki, kateqoriyası yaşayış məntəqələrinin torpaq sahəsi, məqsədli istifadə növü fərdi yaşayış olan ünvan 1 ünvanında yerləşən 0,031 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 257 nömrəli reyestr kitabının 23907 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq və Torpaq Məsələləri MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli seriya MA ******* saylı çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyətində olan 0,0310 ha torpaq sahəsinə kənar müdaxilə olunaraq 25 kv.m. hissəsində yüksəkmərtəbəli bina inşa olunur. İddiaçı mülkiyyətində olan 0,0310 ha torpaq sahəsinin perimetri üzrə yerləşən hündürlüyü 3 metr (10-11 mişar hündürlükdə) olmaqla iki qat daş kubik materialından istifadə edilərək inşa edilən hasarın şimal-qərb (və yaxud cənub-şərq) istiqamətdə müdaxilə olunan hissədə sökülmüş qalıqlarının olduğu müşahidə olunur və faktiki əraziyə giriş hissəsində hasar saxlanılmaqla orada qapı qoyulmuş və ərazi bundan istifadə edərək mühafizəli vəziyyətə salınmışdır. Vurulmuş ziyanın dəyəri 6466,237 manat təşkil edir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2736 saylı məktubundan müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 nömrəli və xx.xx.2019-cu il tarixıi 358 nömrəli sərəncamları ilə MAP MMC-nə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 3223-cü məhəllədə 0,1567 hektar torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş və həmin əraziyə bitişik 0,0895 hektar torpaq sahəsi abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədi ilə MMC-nin istifadəsinə verilmişdir. İnşası nəzərdə tutulmuş yaşayış binasının şəhərsalma əsaslandırılması qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yuxarıda göstərilən ünvanda yaşayış binasının tikintisinə xx.xx.2020-ci il tarixli 38 nömrəli icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamından müəyyən olunur ki, MAP MMC-nin xx.xx.2017-ci il tarixli 15 saylı müraciəti nəzərə alınaraq Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 3223-cü məhəllədə yerləşən icarə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamından müəyyən olunur ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 3223-cü məhəllədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0,1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icarə əsasında MAP MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2885 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********93 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin texniki pasportuna əsasən, torpaq sahəsinin 51,0 kv.metr hissəsində digər şəxslər tərəfindən inşa olunan 11 mərtəbəli yaşayış binasının tikintialtı sahəsinin bir hissəsinin yerləşdiyi müəyyən edilmişdir. Tədqiq olunan sahədə faktiki olaraq 11 mərtəbəli yaşayış binasının inşası ilə əlaqədar tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, X1 mülkiyyətində olan torpaq sahəsinin 51,0 kv.metr hissəsində həmin 11 mərtəbəli yaşayış binasının tikintialtı sahəsinin bir hissəsinin yerləşdiyini nəzərə alaraq, söküləcəyi halda çoxmərtəbəli yaşayış binasına ziyan vurulacağı müəyyən edilir. Rəyin tədqiqat hissəsindən müəyyən olunur ki, baxış zamanı tədqiq olunan torpaq sahəsi ilə MAP MMC tərəfindən çoxmərtəbəli yaşayış binasının inşa edildiyi torpaq sahələri faktiki olaraq yanaşı sahələrdə yerləşir. Həmin torpaq sahəsinin bir hissəsində 11 mərtəbəli yaşayış binası inşa edilmiş, digər sahəsi isə boş torpaq sahəsindən ibarətdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Uniprice MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,031 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixinə 1 kv.metrinin ədalətli bazar dəyəri 1500 manat, 1 sotunun ədalətli bazar dəyəri 150 000 manat, ümumi sahəsinin (0,031 ha) bazar dəyəri 465 000 manat təşkil edir. Az-Ekspertiza MMC-nin mütəxəssis rəyindən müəyyən olunur ki, aparılmış araşdırma və təhlillərə əsasən, ünvan 2 ünvanda yerləşən 0,031 ha torpaq sahəsinin 0,51 kv.m. hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2885 saylı ekspert rəyi ilə MAP MMC tərəfindən inşa edilmiş 11 mərtəbəli yaşayış binasının tikintialtı sahəsinin bir hissəsinin (0,51 kv.m.) yerləşdiyini nəzərə alaraq yerdə qalan digər sahədə (torpaq sahəsinin qalan hissəsində 310 kv.m.- 0,51 kv.m.) hündürlüyü 12 metrə qədər olan fərdi yaşayış binasının tikintisi mümkün olsaydı bu binanın satış qiyməti nə qədər olardı sualları ilə bağlı aparılan tədqiqat zamanı mütəxəsis Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq bu torpaq sahəsində hündürlüyü 12 metrə qədər fərdi və digər binanın tikintisinin aparılmasının mümkün olmadığını müəyyən etmişdir. Bundan əlavə təhlükəsizlik, təbii araşdırma və s. digər səbəblər tikintinin aparılmasını qadağan edir. Beləliklə yuxarıda göstərilən X2 məxsus torpaq sahəsində hündürlüyü 12 metrə qədər fərdi yaşayış binasının tikintisi mümkün deyildir. Ərazinin ümumi sahəsi sənədlərdən (layihə) göründüyü kimi 208 kv.m.-dir. Həmin ərazidə 1 mərtəbəsi yeraltı zirzəmi olmaqla 2 mərtəbə yaşayış və mansarddan ibarət olan bina tikmək olardı. Deməli ümumi sahəsi 832,0 kv.m.-dan ibarət olan fərdi yaşayış və ya qeyri-yaşayış binası tikmək mümkün deyildir. Torpaq sahəsində fərdi yaşayış evi inşa etmək mümkün olsaydı bu gün üçün real bazar qiyməti təmirsiz halda 1 kv.m. üçün 1000 manat müəyyənləşdirilir. Deməli 832,0 kv.m. x 1000 manat = 832000 manat, həmin torpaq sahəsində qeyri-yaşayış binası tikildiyi halda 1 kv.m. (təmirsiz) üçün real bazar qiyməti 2000 manat olacaqdır. Deməli 832,0 kv.m. x 2000 = ******* manat müəyyənləşdirilir. Nəzərə almaq lazımdır ki, nəzərdə tutulmuş binanın 1 kv.m.-nə çəkilmiş xərc (təmirsiz) 300 manat təşkil edir. Ümumi olaraq istər yaşayış evinə, istərsə də, qeyri-yaşayış binasının tikintisinə çəkilmiş xərc 832,0 kv.m. x 300 manat = 249600 manat müəyyənləşdirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/994 saylı rəyindən müəyyən olunur ki, iş materiallarında olan məlumatlardan istifadə edilməklə ümumilikdə 7 ədəd ağacın bazar qiyməti ilə ümimi dəyəri nəzəri qaydada təxminən 140 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/877 saylı rəyinin tədqiqat hissəsindən müəyyən olunur ki, baxış zamanı torpaq sahəsinin ümumi sahəsini 0,031 ha olduğu torpaq sahəsinin üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən küçə ilə əhatə olunduğu, torpaq sahəsinin sərhəddi boyunca mişar daşından inşa edilmiş hasar tikintisinin 25,5 metr hissəsinin söküldüyü, torpaq sahəsinin 51,0 kv. metr hissəsində hündürmərtəbəli yaşayış binasının inşa edildiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 210200 manat (67800x3,1 sot) məbləğində müəyyən edilir. ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin zəbt olunmayan hissəsində bir mərtəbəsi yeraltı zirzəmi olmaqla 2 mərtəbə yaşayış və mansarddan ibarət, ümumi sahəsi 832 kv.m. olan yaşayış və ya qeyri-yaşayış binasının inşa edilməsinin mümkün olub-olmaması müvafiq qrumlar tərəfindən ararılan müayinə işlərindən və tərtib ediləcək layihə sənədlərindən sonra müəyyən oluna bilər. ünvan 2 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş hasar tikilisinin sökülən hissəsinə çəkilmiş xərclərin dəyəri təqribən 1855 manat məbləğində olduğu müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5908 saylı rəyindən müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 325000 manat (105000 x3,1 sot) məbləğində müəyyən edilir. ünvan 2 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş hasar tikilisinin sökülən hissəsinə çəkilmiş xərclərin dəyəri təqribən 1855 manat məbləğində olduğu müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6100 saylı rəyindən müəyyən olunur ki, 6-cı sual üzrə 7 adda ağacların ümumilikdə orta bazar qiymətinin nəzəri qaydada təxminən 495 manat, 7-ci sual üzrə 7 adda ağacların ümumilikdə orta bazar qiyməti nəzəri qaydada təxminən 210 manat olması müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1.törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2.əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3.törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4.zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə çoxmərtəbəli yaşayış binasının inşası üçün cavabdehə ayrılan torpaq sahəsi faktiki olaraq yanaşı sahələrdə yerləşirlər. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0,031 ha torpaq sahəsinin 51 kv.m. hissəsi, cavabdeh tərəfindən zəbt edilməsi nəticəsində, sonuncunun inşa etdiyi çoxmərtəbəli yaşayış binasının tikintialtı sahəsinin bir hissəsini təşkil edir və 51 kv.m. sahədə inşa edilən tikili söküləcəyi halda çoxmərtəbəli yaşayış binasına ziyan vurulacaqdır. Məhkəmə tədiqatı ilə eyni zamanda müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt edərkən sonuncunun hasarının bir hissəsini sökmüş, torpaq sahəsində olan ağacları çıxarmışdır. Məhkəmə iclasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 51 kv.m. hissəsinin cavabdeh tərəfindən zəbt edilməsini etiraf edən cavabdehin nümayəndəsi iddiaçının həmin sahədə hasarının olmadığını, meyvə ağaclarının cavabdeh tərəfindən çıxarılmadığını etirazında qeyd etsə də, bu halı təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt edə biləcəyi barədə iddiaçının əvvəlcədən məlumatının olması istisna edildiyindən həmin sahədə hasarın və ağacların olub-olmaması halını sübut etmək vəzifəsi də cavabdehə aiddir. Bundan başqa məhkəməyə təqdim edilən fotoşəkillər, mütəxəssis və ekspert rəyləri ilə 2010-cu ildən etibarən iddiaçının mülkiyyətində olan torpaq sahəsində müxtəlif növ ağacların becərilməsi, torpaq sahəsinin hasara alınması, iddiaçıya məxsus hasarın cavabdehə ayrılan torpaq sahəsinə tərəf istiqamətdə bir hissəsinin sökülməsi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş iddia tələblərindən görünür ki, mülkiyyətində olan torpaq sahəsinin 51 kv.m. hissəsinin zəbt olunmasını, həmin hissədə inşa olunan tikilinin söküləcəyi halda çoxmərtəbəli yaşayış binasına və həmin yaşayış binasında yaşayan sakinlərə ziyan vurulmasını bilən iddiaçı cavabdehə qarşı alternativ tələblər də irəli sürmüş, lakin torpaq sahəsinin zəbt edən cavabdeh öz qanunsuz hərəkətlərinin nəticələrinin aradan qaldırılması, tərəflər arasında olan mübahisənin həlli ilə bağlı real təkliflər irəli sürməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 2023cü ilin oktyabr ayına orta bazar dəyərinin təqribən 325 000 manat, cavabdeh tərəfindən sökülən hasar tikilisinin sökülən hissəsinə çəkilmiş xərcin təqribən 1855 manat, iddiaçı tərəfindən tələb olunan 16 ədəd müxtəlif meyvə ağac növlərinin dəyərinin təqribən 495 manat olması öz təsdiqini tapmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının xüsusi mülkiyyətində olan və cavabdeh tərəfindən zəbt edilən torpaq sahəsinin 51 kv.m. hissəsində inşa olunan tikilinin söküləcəyi halda çoxmərtəbəli yaşayış binasına və həmin yaşayış binasında yaşayan sakinlərə ziyan vurulacağından, hal-hazırda torpaq sahəsinin zəbt olunmayan hissəsindən iddiaçının istifadəsinə cavabdeh tərəfindən manelər yaradılmasa da, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində çoxmərtəbəli yaşayış binası inşa etməsi nəticəsində iddiaçının öz torpaq sahəsindən təyinatı üzrə istifadə etməsi mümkün olmadığından, cavabdehin hərəkətlərinə görə iddiaçıya vurulmuş maddi ziyan üçün 325 000 manat, hasarın sökülmüş hissəsi üçün 1855 manat, 16 ədəd müxtəlif növlü meyvə ağacları üçün 495 manat olmaqla cəmi 327350 manat kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutlulması pozulmuş hüquqa görə ədalətli əvəzdir. Belə ki, iddiaçı da xüsusi mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadə edib, gəlir əldə etmək hüququna malik idi və bu hüquq iddiaçının torpaq sahəsinin bir hissəsini zəbt etməsi nəticəsində qazanc əldə edən cavabdehin hüquqa zidd əməli nəticəsində pozulmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq subyektləri mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edib, həyata keçirdiklərindən, onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan müqavilələr bağlamaqda, həmin müqavilələrin şərtlərini müəyyən etməkdə sərbəst olduqlarından torpaq sahəsinin zəbt olunmayan hissəsi üzərində sərəncam vermək hüququ da iddiaçının özünə məxsusdur. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən sonra iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2022-ci il tarixdə ərizə verərkən rüsumun kəsirini ödəmədiyindən, məhkəmə hesab edir ki, bütün məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Belə ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.6.-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. MAP MMC-dən maddi ziyana görə 327350 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 327380 manat İddiaçı xeyrinə tutulsun. MAP MMC-dən dövlət rüsumunun kəsirinə görə 70 manat, ekspertiza tədqiqatının dəyərinə görə 450 manat olmaqla cəmi 520 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova