Məhkəmə qərarları › İş №2(001)-270/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-270/2025

09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-270/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: Maddi ziyanın ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 25050 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh Oktay qızı ilə aralarında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. 2017-ci ildə Cavabdeh Oktay qızı birgə nikah dövründə aldıqları bütün əşyaları öz aralarında bölmüşlər və ona aid olan əşyaları özü ilə yaşadığı ünvana aparmışdır. Birgə nikah dövründə əldə edilmiş mənzil icra sənədinə əsasən hərraca çıxarılmış və hərrac keçirilərkən cavabdeh mənzillə bağlı müəyyən edilmiş məbləği ödəyərək mənzili əldə etmişdir. Ona məxsus əşyalar da həmin mənzilə yerləşdirilmişdir və cavabdeh aralarında bölünmüş əşyalardan əlavə olaraq başqa əşyaları (Avropa istehsalı 5 ədəd qapı (hər birinin dəyəri 350 manat) - 1750 manat; 1 ədəd kondisioner (“Beko” markalı 35-40 kv.m) - 500 manat; 1 ədəd kondisioner (“Elit” markalı 35-40 kv.m) - 350 manat; 2 ədəd dəmir məhəccər - 200 manat; 1 ədəd 100lt “Ariston”-150 manat; 4 ədəd xalça (xarici ölkə istehsalı) ölçüləri 2,5m x 1,2m=1200 manat, 2,5 x 1,2=1200 manat, 3m x 2m=2500 manat və 3m x 4m=3500 manat, cəmi 8400 manat; 1 ədəd “Gepas” markalı ətçəkən maşın - 180 manat; 1 ədəd toster-150 manat; 1 ədəd mikser 80 manat; 1 ədəd mini tozsoran - 150 manat; 1 dəst dekorlu pərdə naxışlı organzatüllü qara sadə qollu 6 x 3 hündürlüyü - 1200 manat; 1 dəst dekorlu pərdə naxışlı orqanzatüllü qızılı sadə qollu 6 x 3 m hündürlüyü -1200 manat; 1 dəst süfrə qara-qırmızı naxışlı safetkalar ilə naxışlı - 800 manat; 6 ədəd süfrə dəsti (Türkiyə istehsalı) - 1200 manat; 4 dəst pastel - 600 manat; 1 ədəd 3 mərtəbəli çemodan tipli qaşıq, bıçaq, çəngəl dəsti - 1200 manat; 1 komplekt 12 nəfərlik “Karaca” boşqab dəsti - 1500 manat; 1 komplekt 12 nəfərlik “Karaca” çay dəsti - 1500 mantat; 1 komplekt 12 nəfərlik qrafin - bokal dəsti - 1500 manat; 4 ədəd quru meyvə qabı - 200 manat; 2 ədəd böyük meyvə qabı - 100 manat; 4 ədəd salat qabı - 40 manat; 6 ədəd dərin salfet qabı - 80 manat; 12 ədəd qara salfet qabı - 500 manat; 12 ədəd ağ salfetka qabı - 500 manat; 4 ədəd gümüşü salfetka qabı - 40 manat; 6 ədəd qədəh - 60 manat; 1ədəd kətan tül pərdə - 120 manat olmaqla cəmi 25.025 manat) da götürüb aparmışdır. Belə ki, cavabeh istənilən vaxt mənzilə gəlibgetmişdir. Cavabdeh ona məxsus olan qeyd edilmiş əşyaları onun məlumatı olmadan aparmış, tələb etməsinə baxmayaraq geri qaytarmamışdır. Nəticədə qeyd edilən əmlaklardan məhrum edilmişdir. Cavabdehin əşyaları qaytarmaması nəticəsində o 25.025 manat məbləğində maddi zərərə məruz qalmışdır. Bu səbəbdən də mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, nikah pozulduqdan sonra razılığa gələrək birgə nikah dövründə aldıqları bütün əşyaları öz aralarında bölmüşlər. Lakin cavabdeh razılaşmaya əməl etməyərək ona məxsus əşyaları özü ilə aparmışdır. Bu səbəbdən də həmin əşyaların dəyərini cavabdehdən tələb edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

b) Mülki işin materialları:

6. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 372 nömrəli ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-(001)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 6935 manat pul məbləğinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-6679/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-(001)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1752/2024 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-6679/2023 saylı qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunan hissəsində ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4521/2024 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-(001)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – mübahisələndirilən (iddia tələbinin təmin edilmiş – cavabdeh İddiaçı 6935 manat pul məbləği tutularaq iddiaçı Cavabdeh ödənilsin) hissəsinin ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

11. İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00163 saylı arayışdan görünür ki, xx.xx.2024cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Lakin İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq iştirak etməmişlər.

c)Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

12. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası MPM-nin:

17. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir

ç) Məhkəmənin mövqeyi:

23. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

24. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 25050 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, nikah pozulduqdan sonra razılığa gələrək birgə nikah dövründə aldıqları bütün əşyaları öz aralarında bölmüşlər. Lakin cavabdeh razılaşmaya əməl etməyərək ona məxsus əşyaları özü ilə aparmışdır. Bu səbəbdən də həmin əşyaların dəyərini cavabdehdən tələb edir.

25. Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri əsassızdır.

26. Belə ki, iddiaçı öz iddiasını əsaslandıra bilməmiş, cavabdeh tərəfindən ona maddi ziyan dəyməsini sübuta yetirə bilməmiş, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

27. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 25050 manat məbləğində dəymiş ziyanın cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də iddiasının əsasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçı qeyd edilən əmlakların ona məxsus olması, onların dəyəri, cavabdeh tərəfindən aparıldığını (aparılmışdırsa nə vaxt, hansı şəraitdə) əsaslandıra bilməmişdir.

28. Bundan başqa müəyyən edilmişdir Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-45/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4521/2024 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir (iddia müddətinin ötürülməsi əsası ilə). Qeyd edilən qətnamədən görünür ki, həmin iş üzrə iddiaçı Cavabdehin ona məxsus əmlaklara zərər vurduğunu, bəzilərini özü ilə apardığını, bunun nəticəsində ona maddi zərər dəydiyini qeyd etmişdir.

29. Hazırda isə İddiaçı analoji iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus əmlaklara zərər vurduğunu, bəzilərini özü ilə apardığını, bunun nəticəsində ona maddi ziyan dəydiyini qeyd etmişdir. Hətta iş materiallarından görünür ki, hazırkı iş üşrə iddiaçının dəyərini tələb etdiyi əmlakların bəziləri (pərdələr, “Beko” markalı kondisioner, “Gepas” markalı ətçəkən maşın və s.) əvvəlki qətnamədə qeyd edilmişdir.

30. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır.

31. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər.

32. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi, tutarlı bir sübut təqdim etməmişdir.

33. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X1 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)

34. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X1 Məhkəməsi oxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.

35. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

36. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-nin 14.1ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

37. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

38. Beləliklə, məhkəmə hesab edir ki, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi əsassız olduğundan iddaçı İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

39. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar