Məhkəmə qərarları › İş №2(001)-2704/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2704/2021

22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2704/2021 22.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehlər Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 qarşı Binəqədi qəsəbə Bələdiyyəsinin 20.03.2004-cü il tarixli qərarı ilə onlara alqı-satqı yolu ilə ayrılmış torpaq sahələrinin bazar dəyəri üzrə 55000 manat ziyanın Binəqədi qəsəbə Bələdiyyəsindən tutulmasına, həmin torpaq sahələrini yararlı hala salmaq, görülmüş torpaqdoldurma işləri üçün onlar tərəfindən çəkilmiş 10000 manat xərcin torpaq sahələrini qanunsuz zəbt edən cavabdehlərdən onların xeyrinə tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 qarşı Binəqədi qəsəbə Bələdiyyəsinin 20.03.2004-cü il tarixli qərarı ilə onlara alqı-satqı yolu ilə ayrılmış torpaq sahələrinin bazar dəyəri üzrə 55000 manat ziyanın Binəqədi qəsəbə Bələdiyyəsindən tutulmasına, həmin torpaq sahələrini yararlı hala salmaq, görülmüş torpaqdoldurma işləri üçün onlar tərəfindən çəkilmiş 10000 manat xərcin torpaq sahələrini qanunsuz zəbt edən cavabdehlərdən onların xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 20.03.2004-cü il tarixli qərarı ilə ev tikmək üçün 445 m2 və 440 m2 ölçüdə iddiaçılar İddiaçı2 və İddiaçı1 boş torpaq sahələri verilmişdir. Torpaq sahələri Bələdiyyə tərəfindən iddiaçılara alqı-satqı yolu ilə ayrılandan sonra iddiaçılar həmin sahədə xeyli torpaq töküntüsü etmiş, xərclər çəkərək istifadəyə yararlı etməyə çalışmışlar. Bunun üçün iddiaçılar hər torpaq sahəsinə müvafiq olaraq 4600 və 4700 manat dəyərində xərcl çəkmiş, həmin sahələr su içində olduğu üçün torpaqlamış, mişar daşından fundament qoymaqla 3-4 daş hündürlüyündə daş hasar çəkmişlər. Həmin ərazidə qonşuluqda olan torpaq sahibləri də eynilə bələdiyyədən aldıqları belə sahələri yararlı hala salmış və qismən hasarlama işləri görmüşlər. İddiaçılar həmin torpaq sahələrinə nəzarət etmiş və maliyyə imkanları olmadığından ev tikintisinə başlaya bilməmişlər. İddiaçılar arabir torpaq sahəsinin olduğu əraziyə getmiş, qonşulardan onlara yaxın olan Akif Nuriyevlə də əlaqə saxlayaraq torpağın vəziyyəti və görüləcək işlər barədə məsləhətlər almışlar. İddiaçılar 2018-ci ildə torpaq sahəsinə baxmağa gələrkən torpaq sahəsinin iddiaçılar tərəfindən tikilən ayrıca sərhəd hasarından iddiaçılara məlum olmayan şəxslər tərəfindən torpaq sahələrinin bir hissəsində hasarlama aparıldığını görmüş və bu adamların kim olduğunu müəyyən etmək üçün axtarışlar etmişlər. Əraziyə Binəqədi qəsəbə Bələdiyyəsinin arxitektoru, Binəqədi qəsəbə icra nümayəndəliyinin mütəxəssisi baxış keçirmiş, bu torpaq sahəsinin 20.03.2004-cü il tarixli bələdiyyə qərarı ilə iddiaçılara ayrıldığını və iddiaçıların sahələri olduğunu yazılı arayışlarla təsdiq etmişlər. İddiaçılar icra nümayəndəliyinə Binəqədi qəsəbə nümayəndəliyinin səlahiyyətli şəxsini dəvət edərək bu işlərin kim tərəfindən gördüyünü aydınlaşdırmağa çalışsalar da, Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi bu torpaq sahələrinin iddiaçılara məxsus olmasını bildirmiş, rəsmi verdikləri yazılı arayışlarda birmənalı torpaq sahəsinin bələdiyyəyə aid olduğu və bələdiyyə tərəfindən də məhz bu koordinatlarda 20.03.2004-cü il tarixli qərarla ayrılmış torpaq sahələri ilə eynilik təşkil edən sahələr olduğu təsdiq edilmişdir. 2018-ci ildə torpaq sahəsinə qanunsuz müdaxilə edən şəxslərin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 olduğu aşkar edilsə də, cavabdehlər özbaşına müdaxilələrini dayandırmamış və qanunsuz olaraq tikinti aparmışlar. Bu iş üzrə 2019-cu il tarixli məhkəmə qətnaməsində torpaq sahəsinin statusunun müəyyənləşdirilməsinin mümkün olmadığı əsas götürülərək, iddiaçıların cavabdehlərin həmin sahədən çıxarılması, özbaşına hasar tikilməsi tələbi təmin edilməmişdir. Belə ki, məhkəmə bu qərarı verərkən 10.08.2018-ci il tarixli ekspertizanın mübahisələndirilən Binəqədi qəsəbə Bələdiyyəsinin 20.03.2004-cü il tarixli 763 nömrəli qərarına əsasən İddiaçı1 və İddiaçı2 ayrılmış 445 m2 və 440 m2 torpaq sahələrinin sxemlərində (cizgi planlarında) sözügedən torpaq sahələrinin hər hansı istinad nöqtələrindən harda yerləşməsindən və sərhədlərinin müəyyən edilməsinin mümkün olmaması əsas gətirilərək iddia təmin etməmişdir. İddiaçılar mübahisələndirilən torpaqları 2004-cü ildə bələdiyyə tərəfindən müəyyən edilmiş bazar dəyərini ödəməklə almış və torpaq sahələrinin ayrılması sərəncamında iddiaçılara satılmasına görə Binəqədi qəsəbəsinin hesabına ******* AZM keçirmişlər. Binəqədi qəsəbə Bələdiyyəsi həmin torpaqları iddiaçılara satanda fərdi yaşayış evlərinin tikintisi məqsədilə ayrılmasına və bu torpaq sahəsində evlərin qanunvericilikdə nəzərdə tutulan qaydada memarlıq layihələri əsasında tikilməsinə təminat vermişdir. Lakin iddiaçıların torpaq sahələrində cavabdehlər tərəfindən özbaşına tikinti işləri aparıldığından iddiaçılar orada fərdi yaşayış evləri tikə bilmirlər. Cavabdehlər həmin torpaq sahələrində özbaşına tikinti işləri aparmaqla iddiaçılara maddi ziyan vurmuşlar. Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən satılmış torpaq sahəsi əgər bələdiyyə torpağına daxil deyildirsə, həmin alqısatqı edilmiş torpaq üzərində iddiaçıların hüquqlarının dövlət qeydiyyatının aparılması bələdiyyə tərəfindən təmin edilmirsə, özbaşına torpağa müdaxilə edən kənar şəxslər bələdiyyə tərəfindən iddia verilərək çıxarılmırsa, bələdiyyənin qanuni sahiblərin mənafeyini qorumaması və öz öhdəliklərini pozması nəticəsində iddiaçılara dəymiş ziyan torpağı iddiaçılara satmış bələdiyyə tərəfindən tam həcmdə ödənilməlidir. Bu ziyanın məbləği bu gün üçün iddiaçılara ayrılmış 440 m2 və 445 m2 torpaq sahələrinin bazar dəyəri ilə ölçülür. Həmin ərazidə yararlı hala salınmış 1 sot torpağın bazar dəyəri 5-7 min manat təşkil etdiyindən, ümumilikdə 10 sot torpaq sahəsi üzrə dəymiş ziyanın məbləği 55000-60000 manat təşkil edir. Ona görə də Binəqədi qəsəbə Bələdiyyəsinin 20.03.2004-cü il tarixli qərarı ilə iddiaçılara alqı-satqı yolu ilə ayrılmış torpaq sahələrinin bazar dəyəri üzrə 55000 manat ziyanın Binəqədi qəsəbə Bələdiyyəsindən iddiaçıların xeyrinə tutulmasına, həmin torpaq sahələrini yararlı hala salmaq, görülmüş torpaqdoldurma işləri üçün hər 2 torpaq sahəsi üzrə iddiaçılar tərəfindən çəkilmiş 10000 manat xərcin torpaq sahələrini qanunsuz zəbt edən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Binəqədi qəsəbə Bələdiyyəsindən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini müdafiə edib, vəkil və nümayəndələri X4 izahatını təsdiq etmişlər. Məhkəmə iclasında cavabdeh Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Bələdiyyələrin statusu haqqında qanunda yerli bələdiyyələrin kollegial orqan kimi öz təsdiqini tapması onu deməyə əsas verir ki, Binəqədi qəsəbə Bələdiyyəsi bələdiyyə üzvlərinin müzakirəsi əsasında qərar qəbul etmək hüquqlarına malikdir. Binəqədi qəsəbə Bələdiyyəsinin 20.03.2004-cü il tarixli 763 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı1 445 m2, İddiaçı2 440 m2 torpaq sahəsi rəsmiləşdirilmişdır. Qanunvericiliyə uyğun olaraq vətəndaşlar Binəqədi qəsəbə Bələdiyyəsi ilə alqı-satqı müqaviləsi bağlamalı, Binəqədi qəsəbə Bələdiyyəsinin büdcəsinə ayrılmış torpaq sahəsinin qiymətləndirilmiş maliyyə vəsaitini köçürməli olduqları halda iddiaçılar bu müqaviləni bağlamamış və Binəqədi qəsəbə Bələdiyyəsinə köçürməli maliyyə vəsaiti büdcəyə köçürməkdən imtina etmişlər. Bundan başqa iddiaçılar illər öncə torpaq vergisi belə verməmişlər. Ödəmələrin həyata keçirilməməsinə baxmayaraq iddia ərizələrində qeyd etdikləri kimi bələdiyyə tərəfindən iddiaçıların bələdiyyə büdcəsinə olan borclarını bağlayacaqları ümidi ilə torpaq sahəsinin iddiaçılara məxsus olduğu bir daha təsdiq edilmiş və bu barədə rəsmi sənəd verilmişdir. İddiaçılara aid edildiyi iddia olunan torpaq sahələri cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 tərəfindən zəbt olunsa da, cavabdehlərin Binəqədi qəsəbə Bələdiyyəsində adlarına heç bir sənədləşmə aparılmamış torpaqların, cavabdehlərin mülkiyyətlərinə verilməsi barədə hüquq müəyyənedici sənəd aşkar olunmamışdır. Ayrılmış torpaq sahələrinin hasarlanması koordinatlarının müəyyən olunması üçün əraziyə şərti hasarla deyil, mişar daşından divar hörülməsinə şərait yaradılmışdır. Bu torpaq sahələri dövlət torpağıdır və yalnız idarə olunması bələdiyyənin səlahiyyətindədir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli 2(001)- 232/2019 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 qarşı özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17.06.2020-ci il tarixli 2(103)- 5232/2020 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-232/2019 saylı 19.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin məhkəmə aktları ilə ona və iddiaçılara ayrılan torpaq sahəsinin Binəqədi qəsəbə Bələdiyyəsinə deyil, Dövlətə məxsus olması müəyyən olunmuşdur. O, 2004-cü ildən faktiki istifadəsində olan torpaq sahəsində inşa etdiyi özbaşına tikilidə yaşayır. İddiaçılar həmin torpaq sahəsində yaxşılaşdırma və tikinti işləri aparmamışlar. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə onun istifadə etdiyi torpaq sahəsinin iddiaçıların iddia etdiyi torpaq sahəsinə heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, torpaq sahəsini 2017-ci ildə Cavabdeh2 almışdır. Torpaq sahəsində onun tərəfindən 3 otaq, 1 zaldan ibarət fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsi ilə bağlı iddiaçılar tərəfindən heç bir yaxşılaşdırma, tikinti işləri aparılmamışdır. Ümumiyyətlə iddiaçıların iddia etdikləri torpağa dair hər hansı bir hüquqlarının olmaması qanuni qüvvəsini alan məhkəmə qətnamələri ilə təsdiq olunmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 20.03.2004-cü il tarixli № 763 saylı qərarının surətindən müəyyən olunur ki, vətəndaşlar İddiaçı1 və İddiaçı2 Binəqədi rayonunun ərazi hüdudlarında ayrı-ayrılıqda fərdi mənzil tikintiləri üçün torpaq sahələrinin mülkiyyətlərinə rəsmiləşdirilməsi barədə Binəqədi qəsəbə Bələdiyyəsinə müraciətinə əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazi hüdudları daxilində yerləşən, cizgi üzrə təyin olunmuş hər biri ayrı-ayrılıqda 445 m2 və 440 m2 olmaqla torpaq sahələri fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə rəsmiləşdirilməsi, ayrılan həmin torpaq sahələrinin xüsusi mülkiyyətlərinə satılmasına görə Binəqədi qəsəbə Bələdiyyəsinin hesabına uyğun olaraq ******* AZM və ******* AZM ödənişin həyata keçirilməsi, torpaq və əmlak vergilərinin vaxtlı-vaxtında ödənilməsinin vətəndaşlara izah olunması, vətəndaşlara qanunvericilikdə müəyyən olunmuş qaydada aldıqları torpaq sahələrinə mülkiyyət hüququna dair tələb olunan hüquqi sənədlərin alınması üçün Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsinə, fərdi yaşayış evləri tikililərinin qeydiyyatı üçün isə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etmələrinin tapşırılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin avqust 2005-ci il tarixli AİT 675341 saylı kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı1 torpağın dəyəri üçün ******* AZM ödəniş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli 2(001)-232/2019 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 qarşı özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17.06.2020-ci il tarixli 2(103)-5232/2020 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 232/2019 saylı 19.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İstinad olunan məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 qarşı özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyillər. Belə ki, hüququ pozulan şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2(001) 232\2019 saylı mülki iş üzrə keçirilən 04.11.2019-cu il tarixli 22511 saylı rəyinin surtindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Bələdiyyəsinin 20.03.2004-cü il tarixli qərarı ilə İddiaçı1 və İddiaçı2 verilmiş hər biri ayrı-ayrılıqda müvafiq olaraq 445 m2 və 440 m2 olan torpaq sahəsi və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 27.05.2004-cü il tarixli sərəncamı ilə X3 verilmiş 600 m2 torpaq sahəsi dövlət mülkiyyətidir və Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin tərtib etdiyi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir ki, iddia olunan mübahisəli ərazidə yarımçıq tikinti işləri aparılmış, yarımçıq tikililər torpaq sahəsinin 120 m2 və 121 m2 hissəsini əhatə edir. X2 14.09.2020-ci il tarixli № 292 saylı rəyinin surətindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20.03.2004-cü il tarixli 763 saylı qərarına əsasən vətəndaşlar İddiaçı1 və İddiaçı2 ayrılmış 445 m2 və 440 m2-lik torpaq sahələrinin yeri (koordinatları) müəyyən edilməklə torpaq sahələrinin Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşməsi və torpaq sahələrinə dair tərtib edilmiş plandakı göstəricilər ilə eynilik təşkil etməsi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20.03.2004-cü il tarixli 912/2 saylı qərarına əsasən mərhum X3 Binəqədi qəsəbəsi ərazisində ayrılmış 600 m2 olan torpaq sahəsinə dair plandakı göstəricilərin qeyd edilən ərazidə yerləşən İddiaçı1 və İddiaçı2 ayrılmış sahəsi 445 m2 və 440 m2 olan torpaq sahələri ilə eynilik təşkil etməməsi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 21.11.2017-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı2 bələdiyyənin müvafiq sərəncamları ilə istifadəsinə ayrılmış cəmi 885 m2 torpaq sahəsinin onun əmlakı hesab edildiyi halda başqalarının müdaxiləsindən müdafiə olunmaq üçün aidiyyatı üzrə inzibati orqanlara müraciət etməsi tövsiyə edilmişdir. Binəqədi qəsəbə Bələdiyyəsinin memarlıq xidməti tərəfindən verilmiş 26.10.2018-ci il tarixli rəyin surətindən görünür ki, mübahisələndirilən torpaq sahəsinə və tikililərə yerində baxış keçirilmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 Binəqədi qəsəbə Bələdiyyəsinin 2004-cü il tarixli qərar - sərəncamı ilə ayrılmış torpaq sahəsinin cizgi - sxemi baxış keçirilən torpaq sahəsi ilə uyğundur və eynilik təşkil edir. Bu torpaq sahəsinin naturada yerləşdiyi ölçülər iddiaçılara verilmiş torpaq ayırma qərarının tərkibi olan cizgi planda göstərilən ölçülərə eynilik təşkil edir və üst - üstə düşür. Cavabdehlərin tikdiyi yarımçıq ev tikilisi iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus yuxarıda qeyd edilən eskiz cizgi plan əsasında ayrılmış torpaq sahəsinin daxilində inşa edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, X8 və digərlərinin X1 adından təqdim etdikləri iş materiallarında olan iddiaçılara verilmiş qərardan 1 ay sonra 2004-cü il tarixdə qərar və əlavə edilmiş cizgi plan üzrə torpaq sahəsi akkumulyator sexinin yanında olan ərazi olmaqla iddiaçıların torpaq sahəsindən fərqli ərazidə yerləşir. Həmin torpaq sahəsinin cavabdehlər yerini göstərmədiyindən ölçülərin yerləşdiyi ərazidə müəyyən etmək mümkün deyildir. Cavabdehlərin apardığı tikili İddiaçı2 və İddiaçı1 məxsus torpaq sahəsində aparmış, cavabdehlərin təqdim etdikləri X3 məxsus cizgi planda göstərilmiş torpaq sahəsi ayrı yerdə yerləşir. İddiaçı2 və İddiaçı1 məxsus torpaq sahəsindən fərqlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan məhkəmə aktları ilə iddiaçıların iddia etdikləri torpaq sahəsinə dair hər hansı bir hüquqlarının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçılar cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələrində yaxşılaşdırma işlərinin aparmalarını, bu işlərin aparılması üçün 10000 manat vəsait sərf etmələrini iddia etsələr də bu halı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Daha sonra iddiaçılar Binəqədi qəsəbə Bələdiyyəsinin 20.03.2004-cü il tarixli qərarı ilə onlara ayrılmış torpaq sahələrinin bazar dəyərinə görə 55000 manat ziyanın Bələdiyyədən tutularaq onlara verilməsini iddia etsələr də, bu tələb üzrə də sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə qeyd edir ki, etibarsız əqdlər üzrə tərəflər aldıqlarını bir-birinə qaytarmalı olduqlarından, məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməli olunduğundan, iddiaçılar Binəqədi qəsəbə Bələdiyyəsinin onlara torpaq ayrılmasına dair qərarını mübahisələndirmədiklərindən, Binəqədi qəsəbə Bələdiyyəsinə pul ödəmələrini, iddia etdikləri torpaq sahəsində yaxşılaşdırma işlərini aparmalarını, bu işlərin cavabdelər tərəfindən onlara həvalə edilməsini təsdiq edən mötəbər, təkzib olumaz sübutlarını məhkəməyə təqdim edə bilmədiklərindən iddia tələbləri əsassızdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələblərində istinad etdikləri halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçılar sübut etmə vəzifələrini yerinə yetirə bilmədiklərindən iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçıların ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı1 və İddiaçı2 Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 qarşı Binəqədi qəsəbə Bələdiyyəsinin 20.03.2004cü il tarixli qərarı ilə onlara alqı-satqı yolu ilə ayrılmış torpaq sahələrinin bazar dəyəri üzrə 55000 manat ziyanın Binəqədi qəsəbə Bələdiyyəsindən tutulmasına, həmin torpaq sahələrini yararlı hala salmaq, görülmüş torpaqdoldurma işləri üçün onlar tərəfindən çəkilmiş 10000 manat xərcin cavabdehlərdən onların xeyrinə tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar