Məhkəmə qərarları › İş №2(001)-271/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-271/2021

01.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-271/2021 01.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, habelə digər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC), Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ona məxsus “Lexus ES” markalı, AZ**-HT-*** qeydiyyat nişanlı avtomobilə dəymiş 42375 manat zərərin, 2000 manat əlavə xərcin və 10000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, 19 oktyabr 2019-cu il tarixdə iddiaçı idarə etdiyi, özünə məxsus “Lexus ES350” minik markalı, AZ**-HT-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşı yoldan iddiaçıya əks istiqamətdə hərəkətdə olan “Mitsubishi Canter” markalı, AZ**-JE-*** qeydiyyat nişanlı yük avtomobili iddiaçının yoluna çıxmış, o, avtomobilinin istiqamətini dəyişərək qəzadan yayınmağa çalışsa da, qarşı tərəfin sürücüsü idarəetməni itirdiyindən qəza qaçılmaz olmuşdur. Hadisənin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş, onun barəsində inzibati tənbeh tədbiri görülmüşdür. İddiaçının avtomobilinə dəymiş zərərin miqdarı 42375 manatdır. Yolnəqliyyat hadisəsi törədilən vaxt Cavabdeh2 idarə etdiyi yük avtomobili "xxxx" MMC-nin mülkiyyətində olmuşdur. İddiaçı hər iki cavabdehə ona dəymiş zərərin ödənilməsi ilə bağlı bir sıra müraciətlər ünvanlasa da, tələbi təmin edilməmişdir. Məhkəmə iclaslarının gedişində müəyyən olunmuşdur ki, "xxxx" MMC öz mülkiyyətində olan “Mitsubishi Canter” markalı, AZ**-JE-*** qeydiyyat nişanlı avtomobili icarə əsasında Cavabdeh3 MMC-yə vermiş, həmçinin, Cavabdeh2 Cavabdeh3 MMC-nin əməkdaşıdır. Buna görə də, hər iki MMC və Cavabdeh2 cavabdeh qismində hazırki işə cəlb olunmuşdur. Hazırda iddiaçı cavabdehlərdən həm avtomobilinə dəymiş zərərin əvəzini, həm əlavə xərc qismində 2000 manat pulun, həm də ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun müştərək qaydada onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iclasında "xxxx" MMC-nin və Cavabdeh2 nümayəndəsi Vəkil1ə İbrahim qızı iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, “Mitsubishi Canter” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olsa da, məlum yol-nəqliyyat vasitəsi törədildiyi anda icarə müqaviləsi əsasında Cavabdeh3 MMC-nin istifadəsində olmuş, Cavabdeh3 MMC-nin işçisi Cavabdeh2 tərəfindən idarə olunmuşdur. Yəni, avtomobil icarə hüquqları əsasında Cavabdeh3 MMC-nin istifadəsində olduğundan hazırki iddianın "xxxx" MMC-yə yönəlməsi tamamilə əsassızdır. Digər tərəfdən, iddiaçıya məxsus avtomobilə dəymiş zərər iddia tələbində 42375 manat göstərilmişdir. Bu məbləğ iddiaçıya məxsus avtomobilin təxminən bazar dəyərinə bərabərdir. Göründüyü kimi iddia tələbi bu hissədə kifayət qədər süni şəkildə şişirilməklə irəli sürülmüşdür. Digər tərəfdən, iddia tələbində əlavə xərc kimi 2000 manat və mənəvi zərərin əvəzi kimi 10000 manatın tutulması göstərilmişdir ki, 2000 manatın hansı əlavə xərcin əvəzi kimi tələb olunduğu iddia ərizəsində göstərilməmiş, məhkəmənin gedişində müəyyən olunmamışdır. Eləcə də, iddiaçıya mənəvi zərərin vurulması, habelə həmin zərərin məhz 10000 manat təşkil etməsi ilə bağlı heç bir sübut mövcud deyildir. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh3 MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq MMC öz səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin tələbləri baxımından işə Cavabdeh3 MMCnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - AC seriyalı, 826987 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Lexus ES350” minik markalı, **-HT-*** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - 01 yanvar 2018-ci il tarixli, AVT/VYQ 002 nömrəli “nəqliyyat vasitəsinin icarə müqaviləsi”ndən görünür ki, "xxxx" MMC qanuni əsaslarla ona məxsus olan, marka, model, icarə haqqı və digər xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə göstərilən nəqliyyat vasitələrini, o cümlədən “Mitsubishi Canter FE-839” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh3 MMC-yə icarəyə vermişdir. - 06 aprel 2018-ci il tarixli “əmək müqaviləsi”ndən görünür ki, Cavabdeh2 Cavabdeh3 MMC-yə sürücü vəzifəsinə qəbul edilmişdir. - 26 dekabr 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli “inzibati xəta haqqında protokol” və həmin tarixli, TP seriyalı, ******* nömrəli “inzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, Cavabdeh2 idarə etdiyi “Mitsubishi” yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, həmin protokol əsasında barəsində 60 manat inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. - “X2” tərəfindən verilmiş 14 noyabr 2019-cu il tarixli qüsur aktında göstərilmişdir ki, “Lexus ES” markalı, **-HT-*** qeydiyyat nişanlı avtomobilə usta xərci ilə birlikdə dəymiş ümumi zərərin miqdarı 42375 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin olunması üçün əsaslar mövcuddur. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. İşin halları ilə sübut olunur ki, 19 oktyabr 2019-cu il tarixdə Cavabdeh3 MMC-nin işçisi olan Cavabdeh2 həmin tarixdə "xxxx" MMC-nin mülkiyyətində, icarə hüquqları əsasında Cavabdeh3 MMC-nin istifadəsində olan “Mitsubishi Canter” markalı, AZ**-JE-*** qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə İddiaçı mülkiyyətində olan və idarə etdiyi “Lexus ES350” minik markalı, AZ**-HT-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş, habelə, “Lexus ES350” minik markalı avtomobilin mülkiyyətçisi İddiaçı maddi zərər vurmuşdur. Beləliklə, müəyyən olunur ki, “Mitsubishi Canter” markalı, AZ**- JE-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüquqları "xxxx" MMC-yə məxsus olsa da, həmin avtomobil icarə müqaviləsi əsasında Cavabdeh3 MMC-nin sahibliyində olmuş, sözügedən yol-nəqliyyat hadisəsi zamanı həmin MMC-də sürücü vəzifəsində işləyən Cavabdeh2 tərəfindən idarə olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzinin "xxxx" MMC-dən tutulmasına heç bir əsas yoxdur. İddiaçı avtomobilinin bərpası üçün tələb olunan məbləğin müəyyən edilməsi ilə bağlı məhkəmənin 11 iyun 2021-ci il tarixli, 2(001)-271/2021 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli, 9/4877 saylı müvafiq rəyində göstərilmişdir ki, tədqiq edilən 2012-ci il buraxılışlı, “Lexus ES” markalı, **-HT-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 23800 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin miqdarı ekspertizanın rəyi ilə müəyyən olunmalıdır. Habelə, iddia tələbində göstərilən “əlavə xərclər”lə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından iddia həmin hissədə təmin olunmamalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı mənəvi zərərin əvəzi qismində 10000 manat məbləğində pul tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində də rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçıya vurulmuş maddi zərərin əvəzi kimi 23800 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh2 və Cavabdeh3 MMC-dən iddiaçının xeyrinə tutulmalı, məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin isə 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Vurulmuş maddi zərərin əvəzi kimi 23800 manat, dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh3 MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə müştərək qaydada Cavabdeh2 və Cavabdeh3 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar