Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2713/2023 23.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-8936/15 saylı qətnaməsi ilə Cavabdeh qızları xx.xx.1998-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər hər biri üçün ayda 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə bağlı cavabdehdən 20 manat məbləğdə əlavə xərcin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin təmin etdiyi aliment uşaqların sağlam və qayğısız böyüməsi üçün kifayət deyildir. Cavabdeh normal maddi imkanlara malik olan şəxsdir və normal şəraitə uyğun səviyyədə yaşayır. Cavabdehin sabit iş yeri var və normal əmək haqqı alır. Lakin buna baxmayaraq uşaqları ilə maraqlanmır və qətnamə ilə ödənilməli olan məbləği vaxtaşırı ödəməkdə maraqlı deyildir. Uşağın bütün xərcləri ananın hesabına ödənilir. 108 manatla uşağın hansısa ehtiyaclarını ödəmək mümkün deyildir. İddiaçı uşağını müxtəlif fənlər üzrə repititor yanına aparır və bu xidmət üçün hər ay sabit olaraq 180 manat ödəyir. Uşağında bir çox xəstəliklər var və hər il davamlı olaraq həmin xəstəliklərin müalicəsinə iddiaçı xeyli pul xərcləmək məcburiyyətindədir. Əlavə xərclərdə cavabdeh əsla iştirak etmir və ümumiyyətlə uşaqları ilə maraqlanmır. Ona görə də, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğinin artırılaraq, hər ay 220 manat, əlavə xərclərin məbləğinin artırılaraq hər ay 50 manat manat müəyyən edilərək cəmi 270 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, cavabdehlə 1997-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından doğulan uşaqlarından birinin 15, digərinin 25 yaşı var. Əvvəki qətnamə üzrə cavabdeh 108 manat aliment və 20 manat əlavə xərclərə görə aliment ödəyir. Eşitdiyinə görə cavabdeh hal-hazırda qara bazarda faizə pul verir, Bərdə və Gəncə arasında sərnişin daşınması işi məşğul olur. Cavabdeh onun alimentin artırılması üçün müraciət edəcəyini bildikdə maşınını satmışdır. O, himayəsində olan uşağını özünün işlədiyi tibb müəsisəsində icbari sığorta ilə müalicə etdirir. Uşağın qan azlığı və immunitet zəifliyi vardır. Ona görə də iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, ikinci dəfə nikaha daxil olmuş və bu nikahdan 5 yaşlı oğlu vardır. Evi yoxdur, ürək əməliyyatı keçirdiyindən ona ağır işlərdə işləməyə icazə verilmir. Faizə pul verməklə məşğul olmur. Ona görə də iddia ərizəsinin qismən təmin edilərək xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğinin artırılaraq, hər ay cəmi 200 manat alimentin ondan iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. AZE № 10589693 seriyalı xx.xx.2015-ci il tarixdə Asan 1 tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Hüseynova Günay xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Seymur Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8936/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında xx.xx.1997-ci il tarixli 351 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.1998-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması, xx.xx.2015-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.1998-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə bağlı cavabdehdən 20 manat məbləğində əlavə xərcin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Akademik Mirqasımov adına klinikada X3 adına tərtib olunan TQS № 027 ambulator kitabçadan çıxarışdan müəyyən olunur ki, 2015-ci ildən xəstə olan xx.xx.2008-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək kardioloqun və sahə həkiminin nəzarətində olmuşdur. Elektron sistem üzrə gəlir məlumatları çıxarışından müəyyən olunur ki, İddiaçı Akademik M.Ə.Qasımov adına Respublika klinik xəstəxanası publik hüquqi şəxsində qeydiyyatçı vəzifəsində işləməklə 606 manat əmək haqqı alır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 81.1.-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3.-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin gəlirləri, himayəsində olan uşağın müalicəsinə sərf etdiyi xərcləri ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməməsini, iddiaçı himayəsində olan uşağın müalicə xərclərinin icbari sığorta qanunlarına əsasən sığortaçı tərəfindən ödənilməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün müəyyən olunan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay 200 manat müəyyən edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməklə iddiaçının mediasiya ilə bağlı ödədiyi 50 manat onun özünə aid edilməli, ödənilməli olan 50 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8936/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2713/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2713/2023
23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver