Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2717/2021 19.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Cavabdeh2 iddiaçının bacısı, Cavabdeh3 cavabdeh R.A. Hüseynovanın əri, Cavabdeh1 isə sonuncuların oğludur. İddiaçı 1987-ci ildə ailə quraraq həyat yoldaşı ilə Azərbaycandan Rusiyaya köçmüş və 12 il bundan əvvəl əri vəfat etmişdir. İddiaçı hazırda iki uşağı ilə Moskva şəhərinin Smolensk vilayətinin Roslov şəhərində yaşayır və bazarda satıcı işləyir. 2006-2007-ci illərdə iddiaçı Bakıdan ev alıb öz doğma vətəni Azərbaycanda yaşamaq qərarına gəlmiş və ev almaq istəyini Bakıda yaşayan cavabdehlərə bildirmişdir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1la bu barədə söhbət etdikdə sonuncular iddiaçının Rusiya vətəndaşı olmasına görə öz adına Bakı şəhərində ev ala bilməyəcəyini bildirmiş, iddiaçı bacısı Cavabdeh2 etibar edib mənzilin S.İ. Məmmədovun adına alınmasına razılıq vermişdir. Daha sonra iddiaçının bacısı oğlu Əli Mehdiabadda ucuz qiymətə torpaq satıldığını və iddiaçıya həmin torpağı almağı məsləhət görmüşdür. İddiaçı 2,5 sot torpağa görə Rusiyada Əliyə 3750 ABŞ dolları vermiş, sonuncu isə pulu Bakıya yollamış və onların bildirdiyinə görə torpaq Cavabdeh2 adına alınmışdır. İddiaçı hər dəfə Bakıya gələndə torpağa baxmaq istədikdə cavabdehlər müxtəlif bəhanələr edib torpağın yerini iddiaçıya göstərməmişlər. Yalnız bir dəfə axşam vaxtı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçını Mehdiabada aparıb bir yeri iddiaçıya göstərmişlər. İddiaçı sonradan öyrənmişdir ki, cavabdehlər onu aldadıb 3750 ABŞ dollarını mənimsəmişlər. Təxminən 2009-cu ildə Cavabdeh2 bacısı oğlu Əli Akkord şirkətinin aylıq ödənişlərin məbləğini artıracağını və evin ödənişinin tam şəkildə ödənilməsini iddiaçıya məsləhət görmüşdür. İddiaçı bununla əlaqədar Bakıya gələrək Cavabdeh1la akkord şirkətinə gedib mənzilin pulunu tam bağlamışdır. Bir müddət sonra iddiaçı Bakıya gəlib evi təmir etmək üçün baxmaq istədikdə Cavabdeh2 iddiaçıya Cavabdeh1 problemi çıxdığını, təcili pul lazım olduğu üçün mənzili satdığını bildirmişdir. Tərəflər arasında mübahisə yarandıqda Cavabdeh2 mənzilin ödəniş cədvəlini gətirib iddiaçıya vermişdir. Həmin cədvələ baxdıqda məlum olmuşdur ki, iddiaçı aylıq ödənişləri vaxtında və tam ödəməsinə baxmayaraq Cavabdeh1 ödənişləri ödəməmiş, gecikdirməyə görə əlavə faizlər yazılmış və əlavə olaraq 2000 ABŞ dollarına qədər faiz ödənilmişdir. İddiaçı cavabdehlərə hüquq mühafizə orqanlarına şikayət edəcəyini dedikdə Cavabdeh3 borc müqaviləsi bağlamağı və əgər pulu verə bilməsə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən evini satıb iddiaçının pulunu verəcəyini öhdəsinə götürmüşdür. Beləliklə 27.01.2016-cı il tarixdə iddiaçı ilə Cavabdeh3 arasında notarial qaydada borc müqaviləsi bağlanmış və Cavabdeh3 21.01.2017-ci ilədək 55000 manat məbləğində pulu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin həmin vaxt tamam olmasına baxmayaraq cavabdehlər iddiaçının pulunu ödəməmişlər. Bundan sonra Cavabdeh3 iddiaçıdan 1 il də vaxt verməsini və yenidən müqavilə bağlanmasını xahiş etmişdir. Bundan sonra iddiaçı ilə Cavabdeh3 arasında 07.02.2017-ci il tarixdə borcun etirafı barədə müqavilə bağlanmış və həmin borc 07.02.2018-ci il tarixədək ödəməyi Cavabdeh3 öhdəsinə götürmüşdür. Lakin cavabdehlər iddiaçıya cəmi 3000 manat ödəmişlər. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 55000 manatın tutularaq İddiaçı ödənilməsinə, Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsi 7 saylı evin 2 saylı mənzilinin, Mercedes D210D KA markalı **-BT-*** qeydiyyat nişanlı avtomobilin və Cavabdeh1 mülkiyyətində olan VAZ 21074 minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə olunmuş pulun borcun ödənilməsinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı 55000 manat borcu olduğundan o, iddiaçı ilə 27.01.2016-cı il tarixdə kredit müqaviləsi bağlayaraq 27.01.2017-ci ilədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin vəd etdiyi vaxtadək borcunu qaytara bilmədiyindən iddiaçı ilə o, 07.02.2017-ci il tarixdə borcun etirafı müqaviləsi bağlamışdır. O, iddiaçıya olan borcundan cəmi 3000 manat ödəmiş, 52000 manat borcu qalmışdır. Mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsi 7 saylı evin 2 saylı mənzilini satıb borcunu qısa müddət ərzində qaytaracaqdır. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, əri İ.Ə. Hüseynovun onun bacısı İddiaçı 55000 manat borcu olduğundan onlar arasında 27.01.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış, Cavabdeh3 27.01.2017-ci ilədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin vəd etdiyi vaxtadək borcunu qaytara bilmədiyindən R.A.Tanifayeva ilə Cavabdeh3 arasında 07.02.2017-ci il tarixdə borcun etirafı müqaviləsi bağlamışdır. Bundan sonra Cavabdeh3 iddiaçıya olan borcundan cəmi 3000 manat qaytarmış, 52000 manat borcu qalmışdır. Hazırda Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsi 7 saylı evin 2 saylı mənzilini satıb borcunu qısa müddət ərzində qaytaracaqdır. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borc verən X1 ilə borc alan Cavabdeh3 arasında bağlanmış 27.01.2016-cı il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, borc verən borc alana 27.01.2017-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz 55000 manat kredit vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1.-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2.-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4.-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Birinci tərəf İddiaçı ilə ikinci tərəf Cavabdeh3 arasında notarial qaydada bağlanmış 07.02.2017-ci il tarixli borcun etirafı haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh3 İddiaçı 27.01.2016-cı il tarixdə 55000 manat məbləğində borc pul aldığını etiraf etmiş və həmin məbləği 07.02.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08.04.2020-ci il tarixli **********67 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh3 adına Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Ağa Neymətulla küçəsi 7, 2 nömrəli mənzil 16.01.2003cü il tarixində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası DİN BDYPİ-nin komputer çıxarışından müəyyən olunur ki, 2010-cu il buraxılışlı VAZ 21074 minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1, 1993-cü il buraxılışlı Mercedes D210D KA markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh3 İddiaçı ilə bağladığı 27.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə 55000 manat borc alması, 07.02.2017-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən borcunu etiraf etməsi, borcundan 3000 manat qaytarması və 52000 manat borcunun qalması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia ərizəsi Cavabdeh3 qarşı 52000 manat borc tələbinə dair hissədə əsaslıdır, ona görə də təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1.-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 269.1.-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2.-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 269.3.-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.4.-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5.-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İddiaçı borc müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi üçün cavabdehlərdən hər hansı biri ilə öhdəliyin icrasına təminat verən müqavilə bağlamasına dair sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, borcun yalnız Cavabdeh3 aid olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbini, tələbin cavabdehlərin əmlaklarına yönəldilməsinə dair tələbini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh3 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh3 borca görə 52000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 52030 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2717/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2717/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver