Məhkəmə qərarları › İş №2(001)-2722/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2722/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2722/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 146,37 əsas borcun, 478,85 manat cərimənin və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qararına əsasən hesablanmış 21,22 manat faiz borcu olmaqla, cəmi 646,44 manat borcun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 2.000 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx xxxxxx 2020-ci il tarixə cavabdehin kredit üzrə cəmi borcu 646,44 manat təşkil edir. Bundan 146,37 manat əsas, 478,85 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21,22 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********370 saylı, xx xxxxxx 2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə proseslərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan baxılıb müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”sinin 3.1 və 3.2-ci bəndlərinə əsasən Bank Cavabdeh 2.000 manat məbləğində kredit xətti açır. Kredit xətti 36 ay müddətinə açılır. Kartın müddətinin son günü də daxil olmaqla, kredit xəttindən istifadə etmək mümkündür. Müqavilənin 3.5-ci bəndinə əsasən kredit üzrə ödənişlər kartdan hər növbəti vəsaitin məxaric olunduğu gündən etibarən müqavilənin 3.3-cü bəndində göstərilən aralıqlara və ay sayına uyğun hesablanmaqla hər növbəti ayın 10-dək, bərabər hissələrlə həyata keçirilir. Hər növbəti ayın 10-dək ödəniş olunmayıbsa, ödənilməyən borc məbləğinə illik 54% dərəcəsi ilə cərimə hesablanır. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdehə 146,37 manat əsas, 478,85 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 21,22 manat olmaqla, ümumilikdə 646,44 manat borc hesablanmışdır. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu Cavabdeh ünvanladığı xx xxxxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-3194/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarının surətinə əsasən İddiaçı ASC müflis elan edilmiş və əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli “Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi”nə əsasən bank tərəfindən Cavabdeh kredit xəttinin müddəti 36 ay olmaqla, 2.000 manat məbləğində kredit xətti açmışdır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə bank tərəfindən cavabdehə 146,37 manat əsas, 478,85 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 21,22 manat olmaqla, ümumilikdə 646,44 manat borc hesablanmışdır. Həmçinin iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 478,85 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2014-cü il tarixli “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” üzrə Cavabdeh 146,37 manat məbləğində əsas, 50 manat məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 21,22 manat olmaqla, cəmi 217,59 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manatı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 2014-cü il tarixli “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” üzrə Cavabdeh 146,37 (bir yüz qırx altı manat, otuz yeddi qəpik) manat məbləğində əsas, 50 (əlli) manat məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 21,22 (iyirmi bir manat, iyirmi iki qəpik) manat olmaqla, cəmi 217,59 (iki yüz on yeddi manat, əlli doqquz qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 manatı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar