Məhkəmə qərarları › İş №2(001)-2724/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2724/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2724/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 05 avqust 2019-cu il tarixli, NSMK-438_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5001,53 manat , faiz borcuna görə 4,91 manat olmaqla, cəmi 5006,44 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dvlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bankın “Nizami” filialı ilə cavabdeh arasında bağlanmış 05 avqust 2019-cu il tarixli, NSMK-438 saylı kredit müqaviləsinə əsasən illik 1 % dərəcəsi ilə 60 ay müddətinə 5442,58 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq 05 avqust 2019-cu il tarixdə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmıışdır. Həmin müqavilə üzrə zamin NSMK-438_KMP saylı kredit müqavilsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 05 avqust 2019-cu il tarixli NSMK-438_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə dəbbə pulunu , faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyin icrasında yayınır. Tərəflər arasında bağlanmış 05 avqust 2019-cu il tarixli NSMK-438_KMP saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli əsasında hər ayın 5-dən gec olmayaraq hər ay 93,04 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında icra etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi Əbilfəz Zeynallı 05.04.2021-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05.08.2019-ci il tarixli, NSMK- 438_KMP saylı kredit müqaviləsindən və müqaviləyə əlavə olan ödəniş qrafikindən görünür ki, Bank Cavabdeh2 illik 1% olmaqla, 60 ay müddətinə 5442,58 manat kredit verməyi, Cavabdeh2 isə kredit müqaviləsi üzrə verilmiş krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada krediti ödəməyi barədə öhdəlik götürmüşdür. İlk ödəniş tarixi 05.09.2019-cu il, sonuncu ödəniş tarixi 05.08.2024-cü il olaraq müəyyən edilmişdir. Kredit müqaviləsinin məqsədi müştərinin restrukturizasiya olunan kredit borcunun alıq məbləğinin ödənilməsidir. İddiaçı ASC ilə borcalan Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan 05.08.2019cu il tarixli NSMK-438_KMP saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 ilə bank arasında ağlanmış NSMK-438_KMP saylı, 05.08.2019 tarixli krediti müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 1.1-ci bəndinə qedy edilmiş kredit müqaviləsinin bütün şərtləri ilə tanış olmuş və borcalanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşıyır. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 05.08.2019-cu il tarixli, NSMK-438_KMP saylı kredit müqaviləsi üzrə 10.02.2021-ci il tarixə 5001.53 manat əsas borc, 4,91 manat faiz borcu olmaqla, ümumilikdə 5006,44 manat məbləğində kredit borcu mövcuddur. Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin Nizami filialının müdiri X1 yazılan ərizənin surətindən görünür ki, ona gündəlik təlabat məqsədləri üçün 5442,58 manat məbləğində nağd pul kreditinin verilməsini xahiş etmişdir. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanladığı 26.01.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 iş günü müddətindən ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilmişdir; 11.02.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 05.08.2019-cu il tarixli, NSMK-438_KMP saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh2 60 ay müddətinə, illik 1% olmaqla, 5442,58 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 İddiaçı ASC-dən kredit müqaviləsi üzrə müəyyən edilmiş kredit məbləğini qəbul etmiş və həmin kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh – zamin Cavabdeh1 və borc alan Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən isə zamin borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Cavabdehin müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh1 zamin kimi Cavabdeh2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 05.08.2019-cu il tarixli, NSMK-438_KMP saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5001,53 manat əsas borc, 4,91 manat faiz borcu olmaqla, ümumilikdə 5006,44 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05.08.2019-cu il tarixli, NSMK-438_KMP saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5001,53 (beş min bir manat, əlli üç qəpik) manat əsas borc, 4,91 (dörd manat, doxsan bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5006,44 (beş min altı manat, qırx dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar