Məhkəmə qərarları › İş №2(001)-2730/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2730/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2730/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3058,62 manat əsas borc, 182,41 manat faiz borcu və 4,9 manat cərimə olmaqla, cəmi 3245,93 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 52,46 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərti ilə 3058,62 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan bir tərəfli qaydada artıqmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borclana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədi təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 21 fevral 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 3058,62 manat əsas, 182,41 manat faiz borcu və 4,9 manat cərimə olmaqla, cəmi 3245,93 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia ərizəsinə onun iştirakı ilə iddia icraatına qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2730/2025 saylı qərardadı ilə "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, 2019-cu il tarixdən iddiaçı bank "xxxx" Kommersiya Bankı ASC-nin müştərisi olmuşdur. Bu müddət ərzində ümumi 50.000 manata yaxın banka ödəniş etmişdir. Hər zaman ödənişləri vaxtında icra edilmişdir. Son 1 il ərzində iş yerinin olmaması ilə bağlı ödənişlərində müəyyən gecikmələr yaranmışdır. Ancaq onun hazırki borcu iddia ərizəsində göstərilən məbləğlə uyğunluq təşkil etmir. Belə ki, 2025-ci ilin fevral və mart aylarında müəyyən ödənişlər etməyinə baxmayaraq iddia ərizəsində bu ödənişlər nəzərə alınmamışdır. Hesab edir ki, iddiaçı tərəf obyektiv və ədalətli qətnamənin qəbul edilməsi üçün mötəbər olan məlumatları məhkəməyə təqdim etməmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 999sGNDJ/19 nömrəli kredit müqaviləsindən və xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərti ilə 330 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borclana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədi təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Kredit müqaviləsinin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan bir tərəfli qaydada artıqmaq hüququna malikdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə həmin tarixə 3058,62 manat məbləğində əsas borc, 182,41 manat məbləğində faiz borcu və 4,9 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3245,93 manat borcu vardır. "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə götürülmüş öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 52,46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməmiş və "xxxx" KB ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun qaydada və müddətdə ödəməmişdir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən 3058,62 manat məbləğində əsas borc, 182,41 manat məbləğində faiz borcu və 4,9 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3245,93 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 52,46 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3058,62 (üç min əlli səkkiz manat 62 qəpik) manat məbləğində əsas borc, 182,41 (bir yüz səksən iki manat 41 qəpik) manat məbləğində faiz borcu və 4,9 (dörd manat 90 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3245,93 (üç min iki yüz qırx beş manat 93 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 52,46 (əlli iki manat 46 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar