Məhkəmə qərarları › İş №2(001)-2741/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2741/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2741/2024 30.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3470/2018 saylı 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında bağlanmış nikah pozulmuş, uşağın ananın yanında qalması və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmuşdur. 2022-ci il üzrə yaşayış minimumunun 193 manat olduğu nəzərə alınaraq alimentin artırılmasına dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2987/2022 saylı 19 may 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay 193 manat alimentin onun, yəni İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmuşdur. Hal-hazırda Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədə qeyd olunmuş 193 manat sabit pul məbləğində aliment uşağın tələbatını ödəmir. Bundan əlavə də, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü il üzrə hər uşaq üçün 235 manat müəyyən olunmuşdur. Uşağın bütün ehtiyacını tamamilə o, ödəyir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çətindir. Buna görə də, o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh hər ay tutulan 193 manat aliment pulunun artırılaraq sabit pul məbləği şəklində hər ay 235 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2987/2022 saylı 19 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və sair” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-1976/2020 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentinin miqdarının artırılmış, hazırki qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 875831 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 19 noyabr 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə 28 fevral 2024-cü il tarixli, MŞB/2-00176 saylı arayışdan görünür ki, 28 fevral 2024-cü il tarixdə, saat 13:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsi əsasında "xxxx" MMC-də “usta (tərəzi sahəsi üzrə)” vəzifəsində işləyir və 586 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia tələbi təmin edilməli və Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2987/2022 saylı 19 may 2022-ci il tarixli qətnaməsinə əsasən 19 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarına əsasən müəyyən edilmiş formada, yəni qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2987/2022 saylı 19 may 2022-ci il tarixli qətnaməsinə əsasən 19 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçı Hüseynova (Mirzəyeva) Könül Fizuli qızının xeyrinə tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar