Məhkəmə qərarları › İş №2(001)-2743/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2743/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2743/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2(103)-9993/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş hər uşağa görə tutulan 160 manat alimentin artırılaraq, 23 oktyabr 2011-ci il təvəllüdlü X4 və 04 yanvar 2013-cü il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimentin, məhkəməyə müraciət üçün çəkdiyi 150 (bir yüz əlli) manat məbləğində xərcin, 60 (altmış) manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə uşaqları olan 23 oktyabr 2011-ci il təvəllüdlü X4 və 04 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2(103)-9993/2019 saylı qərarına əsasən hər ay hər bir uşaq üzrə 160(yüz altmış) manat olmaqla, cəmi 320(üç yüz iyirmi) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qərara alınmışdır. Aylıq 160 manat məbləğ uşaqların gündəlik ehtiyaclarının ödənilməsinə kifayət etmir. Uşaqların saxlanması üçün tələb olunan xərclər əvvəlki kimi yalnız yemək xərci deyil, onun təhsil alması, inkişafı ilə əlaqədar digər zəruri xərclər yaranmışdır. Özü çətinliklə yaxınlarından aldığı borc xərc hesabına çətinliklə ehtiyaclarını ödəyir. Qarşı tərəfin özünün və ailəsinin isə maddi vəziyyəti yaxşıdır. Uşaqların maddi və mənəvi ehtiyaclarının hamısını o, təkbaşına qarşılayır. Cavabdeh etiraz ilə məhkəməyə müraciət edərək, iddiaçının ona qarşı”alimentin artırılması tələbi haqqında” iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddia tələbini qəbul etmir. Çünki o, satıcı işləyir və hər ay 345 manat əmək haqqı alır və o, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay iki uşağa görə 200 manat sabit pul məbləğində aliment pulu çətinliklə ödəyir. Əmək haqqının qalan 145 manat pulunu özünə xərcləyir. Himayəsində həmçinin xəstə anası var, onun daima müalicəyə ehtiyacı var. Beləliklə də, həmin puldan xəstə anasının müalicəsinə də sərf edir. İddiaçı isə özü müəllimə işləyir və əmək haqqı alır. Həmçinin evində şəxsi kabineti var və həmin kabinetdə 4 müəllimə onun üçün işləyərək tələbələrə dərs keçir və bunun müqabilində də 2000 manatdan yuxarı qazanc əldə edir. Bununla bağlı onu qeyd edir ki, iddiaçı ona qarşı alimentin miqdarını artırmaqla bağlı verdiyi iddia ərizəsinə ailə və maddi vəziyyətində yaxşılığa doğru hansı dəyişikliyin olması barədə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi iddia ərizəsində göstərilən tələb yanlış və əsassız tələbdir. Çünki İddiaçı iddia ərizəsində yazdıqları heç bir sübuta əsaslanmır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin 15 aprel 2024-cü il tarixdə poçt vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının ləğv edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o, iddia tələbini qəbul etmir. 40 yaşı var. Dəfələrlə işlə bağlı müraciət etmiş və dövlət qurumlarına firma işinə qəbulu yazılmışdır. Yaş həddinə görə işə qəbul etmirlər və yenə də cəhd edir ki, işini dəyişib əmək haqqı alsın. Hal-hazırda 345 manat əmək haqqı alır və hər ay 200 manat ödəyir. Himayəsində olan yaşlı anasının səhhətində xəstəlikləri çoxdur. Evin tək oğludur. Atası da rəhmətə gedib. İddiaçı 2000 manatdan yuxarı şəxsi kursunda maaş alır. Uşaqları saxlaya bilmirsə, uşaqlar özlərini idarə edə bilən yaşdadırlar. Oğlanın 13, qızın isə 12 yaşı var və saxlaya bilmirsə uşaqların ona verilməsi barədə qətnamə çıxarılsın. Məhkəməyə gəlməməsinin səbəbi də İddiaçı dayısı Rahimin ona üz və qol nahiyəsindən 3 bıçaqla xəsarət yetirməsidir. Onun artıq pulu olsa öz övladlarına göndərər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı, 818059 №-li və AZ-İİİ seriyalı 220545 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 23 oktyabr 2011-ci il təvəllüdlü X4 və 04 yanvar 2013-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9993/2019 saylı 29 avqust 2019-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə 23 oktyabr 2011-ci il təvəllüdlü X4 və 04 yanvar 2013-cü il təvəllüdlü X1 üçün müəyyənləşdirilmiş aliment məbləğinin artırılması və adı çəkilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160(yüz altmış) manatın tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 23 fevral 2024-cü il tarixli arayışdan görünür ki, 23 fevral 2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və 60 (50+10) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 11 yanvar 2024-cü il tarixli 05/24 №-li Hüquqi yardımın göstərilməsi barədə Müqavilədən görünür ki, “AZKON X5” MMC “İcraçı”, İddiaçı “Sifarişçi” olmaqla aralarında bağlanmış müqaviləyə əsasən, icraçı tərəfindən aliment məbləğinin artırılması ilə bağlı mediasiya ərizələrinin və iddia ərizələrinin hazırlanmasına dair hüuqi xidmətlər göstərilməli, sifarişçi tərəfindən isə icraçıya 150 manat məbləğində xidmət haqqı ödənilməlidir. 11 yanvar 2024-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən “AZKON X5” MMC-yə 150 manat ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Yamur Cehizlik-də işləyir və əmək haqqısı 345 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşaqın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay 160 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, 23 oktyabr 2011-ci il təvəllüdlü X4 və 04 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında alimentin tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9993/2019 saylı 29 avqust 2019cü il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşaqlaın saxlanılmalarının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanılmaları ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2024-cü il üçün uşaqların saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılmaları üçün xeyrinə aliment tutulan uşaqlarının normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 235 manat miqdarında aliment tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin etirazında İddiaçı 2000 manat yuxarı qazanc əldə etdiyini qeyd etmiş olsa da, bununla əlaqədar məhkəməyə sübutlar təqdim etməmişdir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 60 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, cavabdehdən 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mediasiya ərizələrinin və iddia ərizələrinin hazırlanmasına dair hüquqi xidmətlər göstərilməsinə dair 150 manatı ağlabatan deyildir. Ona görə də, həmin hüquqi xidmətlərin göstərilməsinə görə 100 manat ağlabatan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9993/2019 saylı 29 avqust 2019-cü il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 23 oktyabr 2011-ci il təvəllüdlü X4 və 04 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində tutulan 160 manat miqdarda alimentin məbləği artırılmalı, 23 oktyabr 2011-ci il təvəllüdlü X4 və 04 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 235 manat miqdarda aliment tutularaq İddiaçı verilməli, Cavabdeh 60 manat mediasiya xərcinin əvəzi və 100 manat məbləğində hüquqi xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9993/2019 saylı 29 avqust 2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 23 oktyabr 2011-ci il təvəllüdlü X4 və 04 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. 23 oktyabr 2011-ci il təvəllüdlü X4 və 04 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 60 (altmış) manat mediasiya xərcinin və 100(yüz) manat məbləğində hüquqi xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar