Məhkəmə qərarları › İş №2(001)-275/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-275/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-275/2020 02.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqavilələri üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqavilələri üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh K1019 saylı Kredit müqaviləsinə əsasən 4016,81 manat məbləğində əsas borc, 2289,59 manat məbləğində faiz borcu, 1287,44 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7593,84 manat, K1305 saylı Kredit müqaviləsinə əsasən 65526,40 manat məbləğində əsas borc, 29480,05 manat məbləğində faiz borcu, 16263,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 111270,07 manat, PKP053 saylı Plastik Kart müqaviləsinə əsasən 4710,13 manat məbləğində əsas borc və 2876,30 manat məbləğində faiz borcu olmaqla, cəmi 7586,43 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli K1019 saylı Kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank borcalana xx.xx.2015-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 25% olmaqla 40.000 (qırx min) manat məbləğində kredit vermişdir. Daha sonra Bank ilə borcalan arasında xx.xx.2014-cü il tarixli K1305 saylı Kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank borcalana xx.xx.2017-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 25% olmaqla 85.000 (səksən beş min) manat məbləğində kredit vermişdir. Bununla yanaşı Bank ilə borcalan arasında xx.xx.2012-ci il tarixli PKP053 saylı Plastik Kart müqaviləsi və ona edilmiş xx.xx.2013-cü il tarixli 2 nömrəli Əlavə imzalanmışdır. Həmin müqaviləyə əsasən bank borcalana xx.xx.2014-cü il tarixədək illik faiz dərəcəsi 18%, illik cərimə faizi 27% olmaqla 5000 (beş min) manat məbləğdə kredit limiti vermişdir. Lakin cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Hal-hazırda K1019 saylı Kredit müqaviləsi üzrə kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1327 gün, K1305 saylı Kredit müqaviləsi üzrə kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1309 gün təşkil edir. Bununla əlaqədar Bank tərəfindən borcalana xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu təqdim edilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh K1019 saylı Kredit müqaviləsinə əsasən 4016,81 manat məbləğində əsas borc, 2289,59 manat məbləğində faiz borcu, 1287,44 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7593,84 manat, K1305 saylı Kredit müqaviləsinə əsasən 65526,40 manat məbləğində əsas borc, 29480,05 manat məbləğində faiz borcu, 16263,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 111270,07 manat, PKP053 saylı Plastik Kart müqaviləsinə əsasən 4710,13 manat məbləğində əsas borc və 2876,30 manat məbləğində faiz borcu olmaqla, cəmi 7586,43 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, iddiaçının mövcud tələblə ona qarşı iddia qaldırmaq hüququnun PKP 053 saylı, xx.xx.2012-ci il tarixli Plastik kart müqaviləsi və K1019 saylı xx xxxxx 2014-cü il tarixli Kredit Müqaviləsi üzrə müddət baxımından keçdiyini qeyd etmiş və buna görə də iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış PKP 053 saylı, xx.xx.2012-ci il tarixli Plastik kart müqaviləsindən və həmin müqaviləyə xx.xx.2013-cü il tarixli əlavədən görünür ki, bank tərəfindən cavabdehə 5000 (beş min) manatadək kredit limiti ayrılmış və cavabdehə 1 il müddətinə MasterCard Gold kartı təqdim edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış K1019 saylı xx xxxxx 2014-cü il tarixli Kredit Müqaviləsindən görünür ki, ona 18 ay müddətinə illik faiz dərəcəsi 16 % olmaqla 40.000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan ödəniş cədvəlindən görünür ki, xx xxxxx 2014-cü il tarixli K1019 saylı kredit müqaviləsinə əsasən götürülmüş 40000 manat məbləğində kredit vəsaitinin aylıq ödənişləri 2514,68 manat olmaqla xx xxxxxxx 2015-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli ödəniş qrafikinin dəyişilmə cədvəlindən görünür ki, xx xxxxx 2014-cü il tarixli K1019 saylı kredit müqaviləsinə əsasən götürülmüş 40000 manat məbləğində kredit vəsaitinin aylıq ödənişləri 1375,22 manat olmaqla xx xxxxxxx 2015-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. Mülki işin materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış K1305 saylı xx xxxxxxx 2014-cü il tarixli Kredit Müqaviləsindən görünür ki, ona xx.xx.2017-ci il tarixədək müddətinə illik faiz dərəcəsi 16 faiz olmaqla 85.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, K1019 saylı kredit müqaviləsinə əsasən 4016,81 manat əsas borcu, 2289,59 manat faiz borc, 1287,44 manat cərimə borcu olmaqla, cəmi 7593,84 manat, xx.xx.2014-cü il tarixli K1305 kredit müqaviləsinə əsasən 65.526,40 manat əsas borc, 29.480,05 manat faiz borcu, 16.263,62 manat cərimə borcu olmaqla, cəmi 111.270,07 manat, xx.xx.2012-ci il tarixli PKP053 saylı Plastik Kart müqaviləsinə əsasən 4710,13 manat əsas borc və 2876,30 manat faiz borcu olmaqla, cəmi 7586,43 manat təşkil edir. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş bildirişdən və bildirişin cavabdehə çatdırılmasını təsdiq edən qəbzin surətindən görünür ki, bank cavabdehi borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 23679 saylı rəyindən görünür ki, Cavabdeh banka xx xxxxxx 2012-ci il tarixli, PKP053 saylı Plastik Kart müqaviləsi üzrə 4710,13 manat əsas borcu, 2876,30 manat faiz borcu, xx xxxxx 2014-cü il tarixli, K1019 saylı Kredit müqaviləsi üzrə 4016,81 manat əsas borcu, 2289,59 manat faiz borcu, xx xxxxxxx 2014-cü il tarixli, K1305 saylı Kredit müqaviləsi üzrə 65.526,40 manat əsas borcu, 29.480,05 manat faiz borcu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə cavabdeh tərəfin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi ilə bağlı göstərdiklərini əsassız hesab etməklə qeyd edir ki, Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki işin materiallarında olan müştəri Cavabdeh AZ06PAHA******************** və AZ62PAHA41010AZNFC********** saylı hesabından çıxarışların lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh PKP053 saylı, xx xxxxxx 2012-ci il tarixli Plastik kart müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə 10.000 (on min) manat məbləğində, K1019 saylı, xx xxxxx 2014-cü il tarixli Kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə 110 (yüz on) manat məbləğində ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İşin hallarından göründüyü kimi, tərəflər arasında PKP053 saylı, xx xxxxxx 2012-ci il tarixdə bağlanmış Plastik kart müqaviləsinin 1-ci bəndinə əsasən kredit 12 ay müddətinə verilmiş, kreditin ödənilməli olan son tarixi xx xxxxxx 2013-cü il olaraq müəyyən edilmişdir. Həmçinin tərəflər arasında K1019 saylı, xx xxxxx 2014-cü il tarixdə bağlanmış Kredit müqaviləsinin 1-ci bəndinə əsasən kredit 18 ay müddətinə verilmiş, kreditin ödənilməli olan son tarixi xx xxxxxxx 2015-ci il olaraq müəyyən edilmişdir. İcra müddəti xx xxxxxx 2013-cü il və xx xxxxxxx 2015-ci il tarixlərdə bitmiş kredit müqavilələri ilə bağlı iddia müddətinin axımı həmin tarixlərdən başlansa da, Cavabdeh borcu etiraf etməsini göstərən hərəkətlər etmiş, yəni hesabından xx.xx.2017-ci il tarixdə 10.000 (on min) manat və xx.xx.2018-ci il tarixdə 110 (yüz on) manat pul məbləğlərini kredit borcundan ödəməklə iddia müddətinin axımını kəsmişdir. xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdən sonra Cavabdeh tərəfindən hər hansı bir məbləğdə ödəniş edilməsi müəyyən edilmədiyindən həmin tarixdən iddia müddəti yenidən başlamışdır ki, iddiaçı da müqavilə tələblərini qanunla müəyyən edilmiş 3 illik iddia müddəti keçmədən irəli sürmüşdür. Belə olan halda mövcud mübahisəyə iddia müddəti tətbiq edilə və bu əsasla iddia rədd edilə bilməz. Digər tərəfdən, iddiaçı K1019 saylı kredit müqaviləsi üzrə 1287,44 manat, K1305 saylı kredit müqaviləsi üzrə 16.263,62 manat məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğlərdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, K1019 saylı kredit müqaviləsi üzrə 1287,44 manat məbləğində hesablanmış cərimə məbləğinin 200 (iki yüz) manat həcmində, K1305 saylı kredit müqaviləsi üzrə 16.263,62 manat məbləğində hesablanmış cərimə məbləğinin 1000 (bir min) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən İddiaçı ASC-nin xeyrinə K1019 saylı Kredit müqaviləsi üzrə 4016,81 manat məbləğində əsas borc, 2289,59 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə olmaqla, cəmi 6506,4 manat, K1305 saylı Kredit müqaviləsi üzrə 65.526,40 manat məbləğində əsas borc, 29.480,05 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə olmaqla, cəmi 96.006,45 manat borc və PKP053 saylı Plastik kart müqaviləsi üzrə 4710,13 manat məbləğində əsas borc, 2876,30 manat məbləğində faiz borcu olmaqla, cəmi 7586,43 manat borc, ümumilikdə isə 110099,28 manat məbləğində borc tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh K1019 saylı Kredit müqaviləsi üzrə 4016,81 manat məbləğində əsas borc, 2289,59 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə olmaqla, cəmi 6506,4 manat, K1305 saylı Kredit müqaviləsi üzrə 65.526,40 manat məbləğində əsas borc, 29.480,05 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə olmaqla, cəmi 96.006,45 manat borc və PKP053 saylı Plastik kart müqaviləsi üzrə 4710,13 manat məbləğində əsas borc, 2876,30 manat məbləğində faiz borcu olmaqla, cəmi 7586,43 manat borc, ümumilikdə isə 110099,28 manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar