Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2756/2020 04.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından olan xx xxxxxx 2012-ci ildə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qazancının və ya digər gəlirlərinin ¼ hissəsi miqdarında tutulmuş aliment dəyişdirilərək hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxx 2011-ci ildə 494 nömrə ilə akt qeydləri kitabında qeyd olunaraq rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2012-ci ildə X2 anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri kəskin şəkildə pisləşmişdir. Bu səbəbdən, aralarında baş verən münaqişələr nəticəsində münasibətləri pozulduğundan birgə yaşamaqları qeyri-mümkündür. Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(001)-3938/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan övladı onun yanında saxlanmış və övladının saxlanması üçün cavabdehdən qazancının və və ya digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmuşdur. O, qızı ilə cavabdehdən ayrı yaşayır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 962611 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2012-ci il tarixdə 3293 №-ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(001)- 3938/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx xxxxx 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından olan uşaqları xx xxxxxx 2012-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, xx xxxxxx 2015-ci il tarixindən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 812 saylı Hərbi hissəsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanış xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh ehtiyyata buraxıldığı üçün 2(001)-3938/2015 saylı icra vərəqəsi məhkəməyə göndərilmişdir. Həmin məktubda həmçinin qeyd edilmişdir ki, icra vərəqəsinə əsasən Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında aliment xx xxxxxx 2020-ci il tarixədək tutularaq İddiaçı bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün aylıq qazancının və (və ya) başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment, cavabdeh ehtiyyata buraxıldığı üçün xx xxxxxx 2020-ci il tarixinədək iddiaçının xeyrinə tutulmuşdur. Hazırda iddiaçı alimentin məbləğinin dəyişdirilərək hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Qanunvericiliyin yuxarıda istinad edilən normalarından göründüyü kimi, alimentin tutulması formasının dəyişdirilməsi (qazancın müəyyən hissəsi əvəzinə sabit pul məbləğində tutulması) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olduğu halda mümkündür. Həmin maddədən bu əsasların sırasına “alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozması” da aiddir. Hazırda isə alimentin qazancın müəyyən hissəsi kimi tutulması iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə olan halda, məhkəmə, cavabdehin gəlirinin qeyri-müntəzəm olduğunu, tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(001)-3938/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx xxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx xxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(001)-3938/2015 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2756/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2756/2020
04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver