Məhkəmə qərarları › İş №2(001)-2757/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2757/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2757/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X1 üçün ödənilən alimentin 154 manatdan 175 manatadək artırılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X1 üçün ödənilən alimentin 154 manatdan 175 manatadək artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-4931/2018 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 154 manat aliment Cavabdeh onun xeyrinə tutulur. O, orta məktəbdə ibtidai sinif müəlliməsi işləməklə aylıq əmək haqqı 400 manat təşkil edir. Cavabdehin gəlirləri barədə heç bir sübutu yoxdur. Hesab edir ki, yaşayış minimumu həddinin artırılması təyin olunan alimentin artırılması üçün əsasdır. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-4931/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 175 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4931/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10766/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 136,6 manat məbləğində alimentin miqdarı artırılaraq xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 1 saylı Asan xidmət mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 11314154 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 mənzil 15 ünvanında qeydiyyatda olan xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş Mehin Əhmədovanın atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayanın saxlanması üçün təyin olunan alimentin artırlmasını xahiş etsə də, təyin olunmuş alimentin məbləğinin artırılmasına əsas ola biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsası olan normanın tələbinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi təyin olunan alimentin miqdarının artırılması üçün əsas yaşayış minimumu həddinin artması deyil, aliment ödəyən şəxsin maddi vəziyyətinin dəyişməsi, yaxşılaşmasıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin maddi vəziyyətinin artmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, yaşayış minimumu həddinin artması təyin olunan alimentin miqdarının artırılması üçün əsas olmadığından iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X1 üçün ödənilən alimentin 154 manatdan 175 manatadək artırılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar