Məhkəmə qərarları › İş №2(001)-2767/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2767/2021

22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2767/2021 22.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhər Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 15 avqust 1961-ci il tarixdə Salyan rayon Rəncbər kəndində doğulmağı, atası X3, milliyətinin azərbaycanlı, anasının X2, milliyətinin azərbaycanlı olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1961-ci ilin avqust ayının 15-də Salyan rayonu Rəncbər kəndində doğulmuş və həmin vaxt akt qeydləri aparılarkən doğum tarixi yalnız 1961 qeyd edilmiş, gün və ay isə qeyd edilməmişdir və bu səbəbdən də ona verilmiş şəxsiyyət vəsiqəsində doğum tarixi olaraq gün və ay göstərilməmişdir. Bu səbəbdən də iddiaçının hüquqularının həyata keçirilməsində müəyyən çətinliklər yaranmışdır. Ona verilmiş doğum haqqında şəhadətnamə itdiyi üçün təkrar doğum haqqında şəhadətnamə götürülməsi zərurəti yarandığından 1 saylı Bakı “Asan xidmət” X4 müraciət etmiş, lakin şəxsiyyət vəsiqəsində ay və gün göstərilmədiyindən və akt qeydləri tağılmadığından akt qeydlərinin bərpasında müəyyən problemlər yaranmışdır. AR Ədliyyə Nazirliyi X1 Reyestri Xidməti tərəfindən 1 saylı Bakı “Asan Xidmət” X4 verilmiş cavabda 1958-1964-cü illər Salyan rayon qeydiyyat şöbəsi və Rəncbər icra nümayəndəliyi üzrə ilkin, 1962-1977-ci illər bərpa akt qeydləri üzrə X1 Reyestri Xidmətinin arxivində, habelə avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilmədiyi göstərilmişdir. Həmçinin Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən 1 saylı Bakı “Asan Xidmət” X4 verilmiş cavabda Hacıqabul rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan 1958-1964-cü illər üzrə doğum aktlarının yoxlanılması və iddiaçının doğumu haqqında akt qeydinin aşkar edilmədiyi barədə cavab verilmişdir. İddiaçı doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Binəqədi rayon qeydiyyat şöbəsonə ərizə ilə müraciət etmiş, lakin kifayət qədər əsasların olmadığı üçün ərizənin təmin edilməməsi barədə cavab verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən ərizəçi izahatında bildirmişdi ki, ərizəsini müdafiə edir, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirak etməmiş lakin 19.04.2021-ci il tarixində məhkəməyə məktubla müraciət edərək iddiaya etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 11.12.2020-ci il tarixli, 05/Q- 2730/13 saylı məktuba əsasən qanunvericiliklə müəyyən edilmiş sənədlər təqdim edilmədiyindən doğum faktının təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; AR Ədliyyə Nazirliyi X1 Reyestri Xidməti tərəfindən 1 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə ünvanlanmış 30.11.2020-ci il tarixli, 02/2-7344/11 saylı məktuba əsasən 1958-1964-cü illər Salyan rayon qeydiyyat şöbəsi və Rəncbər icra nümayəndəliyi üzrə ilkin, 1962-1977-ci illər bərpa akt qeydləri üzrə X1 Reyestri Xidmətinin arxivində, habelə avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilmədiyi göstərilmişdir. Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən 1 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə ünvanlanmış 12.11.2020-ci il tarixli, 05/11-351 saylı məktuba əsasən Hacıqabul rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan 1958-1964-cü illər üzrə doğum aktlarının yoxlanılması və iddiaçının doğumu haqqında akt qeydinin aşkar edilmədiyi barədə cavab verilmişdir. Evlənmək haqqında ИЕ 264658 saylı şəhadətnamədən görünür ki, İbrəhimov Heybət Heybət oğlu ilə ilə X2 arasında nikah bağlanmış, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 02.02.1958-ci il tarixində 1 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “İbrəhimova” soyadı verilmişdir, AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1961-ci ildə Salyan rayonu Rəncbər kəndində doğulmuşdur; 17.02.2021-ci il tarixli ödəniş qəbzinə əsasən ərizəçi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin halı ondan ibarətdir ki, ərizəçi özünün doğum faktının müəyyən edilməsini xahiş edir. Lakin bu faktı təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Mülki iş materiallarını nəzərdən keçirib məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bundan başqa Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin ərizəçi tərəfindən iddia tələbini təsdiq edən, yəni onun məhz 15 avqust tarixdə doğulmasını, valideynlərinin şəxsiyyəti və milliyəti barədə hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallarının məhkəmə tərəfindən mövcud olmayan kimi rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı” Qaydalarının 2.6-cı maddəsində qeyd edilmişdir ki, Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.8.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 2.8.1-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının X1 arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi ərizəçi müəyyən edilməsini xahiş etdiyi faktı təsdiq edəcək lazımi sübutları məhkəməyə təqdim edə bilmədiyindən ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhər Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhər Maraqlı şəxs cəlb edilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar