Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2774/2023 19.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış evindən istifadə qaydasının müəyyən edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış evindən istifadə qaydasının müəyyən edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı 40 ildən çoxdur ki, ünvan 1 ünvanında yaşayır, həmin evə iddiaçı gəlin köçən zaman həmin ünvanda çox kiçik torpaq sahəsi üzərində iki otaqlı ev olmuş, evin həyətyanı sahəsi olmamışdır. Sonradan iddiaçının keçmiş həyat yoldaşı qəsəbə sovetinə müraciəti əsasında ərazinin boş və baxımsız torpaq sahəsinin olmasını nəzərə alaraq yaşadıqları ərazinin torpaq sahəsini 0.12 ha kimi genişləndirilmişdir. Hazırda həmin torpaq sahəsi onların ümumi istifadələrində olan torpaq sahəsi kimi qəsəbə nümayəndəliyində və Bələdiyyə sənədlərində qeydiyyatdan keçmişdir. İddiaçı X1 ilə ailə qurana kimi ərinin ilk həyat yoldaşı vəfat etmiş, 3 azyaşlı uşağı qalmış, iddiaçı bu uşaqları öz övladları kimi qəbul etmiş, münasibətləri çox yaxşı olmuş, heç bir ayrıseçkilikləri olmamışdır. İddiaçı o zaman həm işləmiş, həm də övladı kimi böyütdüyü uşaqlara baxmışdır. O, həyat yoldaşı ilə birlikdə çox böyük çətinliklə az yaşlı uşaqları böyüdüb başa çatdırmışdır. Ailə tərkibləri böyük olduğundan uşaqlar böyüdükcə yeni evin tikilməsi və övladlarının həmin evdə yerləşdirilməsi zərurəti yaranmışdır. Ona görə o, həyat yoldaşı ilə onun istifadəsinə qəsəbə soveti tərəfindən verilmiş torpaq sahəsində yeni evlərin tikintisini həyata keçirmiş, torpaq sahəsini qərb tərəfində övladlarının ayrı-ayrılıqda yaşamaları üçün ev tikmişlər. Həmin evlərin ayrıca giriş və çıxışı olmuş, iddiaçı isə əvvəllər tikilmiş iki otaqlı evdə yaşamışdır. Sonradan onlar övladlarını evləndirib həmin evə köçürmüşlər. Övladlarından biri vəfat etmiş və onun həyat yoldaşı övladını götürüb başqa yerə köçmüşdür. İkinci övladı ona verilmiş yaşayış sahəsinin qapısını bağlayaraq başqa yerdə özünə ev tikərək ailəsi ilə birlikdə ora köçüb yaşayır. Hər iki övladının həmin ərazidə yaşamamalarına baxmayaraq onların evlərini həyətyanı sahələri bölüşdürülərək hasarlanıb onların istifdəsinə verilmişdir. Onların hər ikisinin ayrı-ayrılıqda giriş çıxışları vardır. Üçüncü övladı olan Cavabdeh2 isə heç bir yerə köçməmiş, ona verilmiş evdə ailə quraraq yaşayır. İddiaçı 4 sotdan çox torpaq sahəsində tikilmiş evdə həyat yoldaşı vəfat edənədək, yəni 1992-ci ilə kimi normal yaşamış və onların heç bir problemi olmamışdır. Onların hər birinin ayrı-ayrı evləri vardır. İddiaçının və cavabdehlərin yaşadıqları evin və həyətyanı sahənin ayrı-ayrı giriş çıxış qapıları olmuşdur. Son bir neçə ildə, Cavabdeh2 və onun arvadı Cavabdeh1 iddiaçıya münasibətləri dəyişmiş və iddiaçıya evdə yaşamasıma və həyətdən istifadə etməsinə cavabdehlər maneə olmağa başlamışlar. Belə ki, cavabdehlər öz həyətyanı sahəsindən yola giriş çıxış qapısını bağlamış və iddiaçının yaşadığı evin həyətyanı sahəsindən yola giriş çıxış qapısından istifadə etmişdir. Həmçinin, cavabdeh öz mətbəxindən istifadə etmir və iddiaçının evinə məxsus mətbəxtdən istifadə edir. Hazırda iddiaçının yaşlanmasından istifadə edən cavabdehlər iddiaçıya qarşı pis münasibət bəsləyir, onu və qohumlarını təhqir edir, evdən çıxaraq haradan gəlibsə ora getməsini tələb edirlər. Bəzi hallarda iddiaçı qohumlarının evinə gedib-gələndə əşyalarını evdən çölə ataraq iddiaçını evindən getməyə məcbur edirlər. Hazırda iddiaçının bəzi əşyaları çöldə qalmışdır. Son zamanlar cavabdehlərin hər ikisi iddiaçını təhqir etməklə evdən birdəfəlik çıxmasını və bir daha evə qayıtmamasını tələb edirlər. İddiaçı etiraz etdikdə cavabdehlər qışqıraq evə qayıtdığı təqdirdə iddiaçı üçün bu evdə yaşamağı cəhənnəmə döndərəcəklərini bildirməklə hədə-qorxu gəlirlər. Cavabdehlər iddiaçının yaşlı olmasından istifadə edərək ona hədə-qorxu gəlir, onu evdən qovmağa çalışırlar. Cavabdehlərin iddiaçıya qarşı pis və hədə qorxu hərəkətləri dəfələrlə sahə polis əməkdaşları tərəfində araşdırılmış və hər dəfə cavabdehə iradlar bildirirək iddiaçıya qarşı pis və qanunsuz hərəkətlərə son qoymağı tapşırmışlar. Lakin cavabdehlər onlara edilmiş iradları qulaq ardına vurmuşlar. İddiaçı dəfələrlə cavabdehlərə onun yaşadığı evin qapısının yerini dəyişməklə həyətyanı sahəni hasarla bölərək hər birinin öz yaşadığı evdə sakit yaşamalarını davam etdirməyi bildirsə də, cavabdehlər iddiaçını evdən və həyətdən didərgin salmaqla bütün evə və həyətyanı sahəyə malik olmaq istəyirlər. Son zamanlar iddiaçının cavabdehlərə həyətyanı sahəni bölərək normal yaşamaları barədə bütün təklifləri rədd edilmişdir. Cavabdehlər yaşlı adam olan iddiaçının övladları hesab olunmalarına, onu ömrümün sonuna kimi saxlamalı olmalarına baxmayaraq, cavabdehlər nəinki iddiaçının qayğısına qalmır, əksinə iddiaçıya öz pensiyası ilə yaşamasına imkan vermirlər. Cavabdeh iddiaçının pensiya kartını qeyri-qanuni əldə edərək, kartına yüklənmiş pul vəsaitini öz kartına köçürmüşdür. İddiaçı bu barədə şikayət etdikdən sonra cavabdehin qanunsuz hərəkətləri aşkar olmuş, onun pensiya məbləği qismən ona qaytarılmışdır. Hazırda iddiaçı hesab edir ki, cavabdehlərin ona qarşı aqressiv hərəkətlərinə son qoyulması üçün onların yaşadıqları ev və həyətyanı sahə onların istifadələrinə uyğun olaraq bölünməli və hər bir tərəf öz sahəsindən sərbəst və heç bir maneə olmadan istifadə etməlidirlər. İddiaçının cavabdehlərə etidyi təkliflər qəbul edilmədiyi üçün mübahisəli məsələ məhkəmə vasitəsi ilə həll edilməlidir. İddiaçı istifadəsində olan torpaq sahəsini mübahisəsiz qaydada 40 ildən çoxdur ki, istifadə edir. Son zamanlar Respublika Prezidentinin sərəncamları və göstərişləri əsasında istifadədə olan torpaq və onun üzərində tikilmiş evin sənədləşdirilməsi inventarlaşdırılması aparılır. Bu isə o deməkdir ki, tezliklə iddiaçının da yaşadığı evin və torpaq sahənin özələşirilməsi olacaqdır. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı aqressiv hərəkətlərinə son qoyulmasına, ünvan 1dən və torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsinə, yaşayış sahəsindən və həyətyanı torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılmasına, onların yaşadıqları ev və həyətyanı sahənin onların istifadələrinə uyğun bölünərək hər bir tərəfə öz sahəsindən sərbəst və heç bir maneə olmadan istifadə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, bacısı İddiaçı nikaha daxil olduqdan sonra ünvan 1də yaşamış, həmin evin və torpaq sahəsinin sənədləri yoxdur. Cavabdehlər onun bacısına öz evində yaşamağa manelər yaradırlar. Bu səbəbdən də o, bacısını öz evinə aparmaq məcburiyyətində qalmışdır. Ona görə də ya ev və torpaq sahəsi bölünsün, ya da bacısına təzminat verilsin. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, izahatında göstərmişdir ki, Cavabdeh2 onun iki aylıq pensiyasını çıxarmış, ailə üzvlərinə ona baxdıqları halda barmaqlarını qıracağını demiş, qardaşının hansı səbəbdən onun yanına gəlməsini bildirmişdir. Ona görə də ya yaşadığı ev və torpaq sahəsi bölünsün, ya da cavabdehlər tərəfindən ona evə və torpaq sahəsinə görə 40000-50000 manat verilsin. Cavabdeh2 iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, cavabdehin ögey anası olan İddiaçı iddia tələbləri əsassız olduğundan təmin edilə bilməz. İddiaçının öz iddia ərizəsinə qoşma şəklində ev dəftərinin surəti adı altında əlavə etdiyi sənəd həmin evdə qeydiyyatda olan şəxslərin siyahısıdır, ev dəftəri deyildir. İddiaçı həmçinin heç bir bazaya söykənməyən, rəsmi qurum və ya orqan tərəfindən təsdiq edilməmiş, əldə cızmaqara çəkilmiş həyətyanı sahənin eskizini iddia ərizəsinə qoşma şəklində əlavə etmişdir. Bu rəsmi sənəd xüsusiyyəti daşımır. İddiaçı cavabdehin atası X1 ilə birgə nikah dövrünü saxtalaşdırmaq məqsədilə nikah haqqında şəhadətnaməni məhkəməyə təqdim etməmişdir. Buna dair digər fakt isə odur ki, iddiaçı ərinin 1992-ci ildə vəfat etdiyini göstərir, lakin onun əri xx.xx.1990-cı ildə vəfat etmişdir. İddiaçı həmçinin göstərir ki, qeyd olunan ünvana gələndə, yəni 1973-cü ildə cavabdehin atası ilə evlənəndə evin yalnız 2 otağı və kiçik həyətyanı sahəsi olmuşdur. Guya digər bütün otaqlar və evlər birgə nikah dövründə tikilmişdir. Əslində isə iddiaçı cavabdehin atası ilə evlənəndə evin 2 otağı, 1 zalı və digər iki otaqlı ev artıq mövcud olmuşdur. Yeni evlər cavabdehin atası vəfat edəndən sonra tikilib. Birgə nikah dövründə yalnız böyük qardaşı üçün 1 otaq tikilmiş və iddiaçının da qeyd etdiyi kimi, bu otaq qardaşının həyat yoldaşı tərəfindən kilidlənmişdir. Digər otaqlar və iki otaqlı ev isə 1973-cü ilə qədər tikilmişdir. Belə ki, cavabdehin atası 1964-cü ildə ilk nikah bağladığı həyat yoldaşı ilə 1 otaq tikmiş, onların 2 övladı olmuş və həyat yoldaşı vəfat etmişdir. 1969-cu ildə ikinci nikah bağladığı həyat yoldaşı, yəni cavabdehin anası ilə birlikdə 1 zal və 1 otaq tikir, cavabdehin anası tikinti zamanı xəstələnir və vəfat edir. Həmin vaxtda, yəni 1969-70-ci illərdə cavabdehin atası öz həyətində ev tikmək üçün bacısına yer verir və cavabdehin bibisi həmin həyətdə iki otaqlı ev tikir. Cavabdehin atası cavabdehin bibisinin həyat yoldaşı vasitəsilə iddiaçı ilə tanış olur və evlənir. İddiaçı hazırda həmin evdə yaşayır. Yəni iddiaçının hazırda yaşadığı ev belə birgə nikah dövründə tikilməmişdir. Otaqların tikilmə tarixi ərizəyə əlavə edilmiş digər qoşmada vizual şəkildə qeyd olunmuşdur. İddiaçının birgə nikah dövründə tikildiyini iddia etdiyi digər yeni evlər isə cavabdehin atasının vəfatından sonra cavabdehin qardaşlarının öz şəxsi vəsaitləri hesabına tikilmişdir. Ortancıl qardaşı evin tikintisinə 2005-ci ildə başlamış, 2015-ci ildə yekunlaşdırmışdır. Böyük qardaşı 2000-ci ildə evin tikintisinə başlamış, o vəfat etdikdən sonra oğlu tikintini 2017-ci ildə başa çatdırmışdır. İddiaçının cavabdehlərin onu təhqir etməsi, ona qarşı aqressiv hərəkətlər edilməsi ilə bağlı dedikləri böhtandır. Cavabdehin atasının vəfatından sonra onlar iddiaçı ilə 30 ildir ki, birlikdə yaşayırlar. Bu müddət ərzində kiçik mübahisələrdə və iddiaçının evi tərk etdiyi son mübahisədə də təhqir edən tərəf iddiaçının özü olmuşdur. İddiaçı evdən qovulmasını qeyd etsə də, əslində isə iddiaçı özü evi tərk etmişdir. Oan görə də İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddia ərizəsini qəbul etməyib, iddia ərizəsinə qarşı etirazının məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, yaşadıqları evin və torpaq sahəsinin heç bir sənədi yoxdur. İddiaçıya məxsus əşyalar təmirlə, evində yer olmadığına görə həyətə çıxarılmışdır. İddiaçı yaşadığı evdən çıxarılmayıb, yaşamaq istəyirsə gəlib evdə yaşasın. İddiaçını qardaşı aparıb öz evinə. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında xx.xx.1998-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ev dəftərinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli İV- JQ 284280 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 xx.xx.1990-cı ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər uzun müddət Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5-ci Dağlıq küçəsi 8 saylı özbaşına inşa olunan evdə yaşayırlar. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçıya Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5-ci Dağlıq küçəsi 8 saylı özbaşına inşa evdə yaşamasına manelər yaradırlar. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən və yuxarıda istinad olunan maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş, almış şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, ünvan 1 cavabdehlərin və ahıl yaşında olan iddiaçının yaşayış yeri olduğundan, cavabdehlərin iddiaçıya bu evdə yaşamasına yaratdıqları maneələr qanunsuzdur, ona görə də iddia ərizəsi bu hissədə təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Tərəflərin faktiki yaşadıqları evə və istifadə etdikləri torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyənedici səndləri olmadığından iddiaçının ünvan 1dən və torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsinə, həyətyanı torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılmasına, onların yaşadıqları ev və həyətyanı sahənin onların istifadələrinə uyğun bölünərək hər bir tərəfə öz sahəsindən sərbəst və heç bir maneə olmadan istifadə edilməsinə dair iddia tələbləri təmin edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının bu tələblərinin təmin edilməməsi cavabdehlərin həmin evə və torpaq sahəsinə hüquqlarının olması anlamına gəlinməsi üçün əsas deyildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5-ci Dağlıq küçəsi 8 saylı fərdi yaşayış evində yamasına yaratdıqları manelərin aradan qaldırılması vəzifəsi Cavabdeh2 və Cavabdeh1 həvalə edilsin. Cavabdeh2 və Cavabdeh1 dövlət rüsumuna görə 100 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2774/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2774/2023
19.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver