Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2802/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 iddiaçı ABC Telecom MMC ilə bağladığı 10.07.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıdan Gorenje markalı kondisioneri almış və öhdəliyini icra etmədiyindən iddiaçıya 194 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 650 manat təşkil edir. Belə ki, Cavabdeh1 alqı-satqı qiyməti 804 manat olan Gorenje markalı kondisioneri ilkin ödənişsiz, 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə almış, ümumilikdə 194 manat olmaqla 154 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu borcu qalmışdır. Müqavilənin təminatı olaraq 10.07.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 ABC Telecom MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Ona görə də 10.07.2018-ci il tarixli müqavilə üzrə əsas borca görə 154 manatın, dəbbə puluna görə 40 manatın, dövlət rüsumuna görə 30 manatın müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış 10.07.2018-ci il tarixli kr00208754 saylı müqavilədən müəyyən olunur ki, alıcı alqı-satqı qiyməti 804 manat olan Gorenje markalı kondisioneri ilkin ödənişsiz, 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə satıcıdan nisyə almışdır. Müqaviləyə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 81 manat hesablanmış penyanın ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin 10.07.2018-ci il tarixli müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 08.08.2018-ci il tarixdən 08.07.2019-cu il tarixə qədər olan dövr ərzində hər ay 67 manat olmaqla hissəhissə ödənilməlidir. Satıcı ABC Telecom MMC və zamin Cavabdeh2 arasında bağlanmış 10.07.2018-ci il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin satıcı qarşısında alıcı Cavabdeh1 tərəfindən 10.07.2018-ci il tarixli kr00208754 saylı müqavilə üzrə öhdəliklərin icrasına təminat vermişdir. Zaminlik müqaviləsinin 2.3-cü bəndindən müəyyən olunur ki, zamin 10.07.2018-ci il tarixli kr00208754 saylı müqavilə üzrə alıcının zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə satıcı qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, zaminlik müqaviləsinə 10.07.2018-ci il tarixli kr00208754 saylı müqavilə üzrə bütün ödənişlər tam və vaxtında ödənildikdə xitam verilir. ABC Telecom MMC ilə Cavabdeh1 arasında tərtib olunmuş 10.07.2018-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh1 kr00208754 saylı müqavilə üzrə 1 ədəd Gorenje KAS26NFT markalı kondisioneri tam qüsursuz halda təhvil almışdır. ABC Telecom MMC-nin 09.02.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 10.07.2018-ci il tarixli müqavilə üzrə əsas borca görə 154 manat, dəbbə puluna görə 40 manat olmaqla cəmi 194 manat borcu vardır. Borclunun cəmi ödədiyi məbləğ 650 manat təşkil edir. ABC Telecom MMC-nin alıcı Cavabdeh1 və zamin Cavabdeh2 ünvanladığı 09.12.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya və zaminə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Cavabdeh1 iddiaçı ABC- Telekom MMC ilə bağladığı 10.07.2018-ci il tarixli kr00208754 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 154 manat borcunun yaranması öz təsdiqini tapdığından, məhkəmə iddiaçının Cavabdeh1 əsas borca görə 154 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun Cavabdeh1 borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 22.02.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə Cavabdeh1 5 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının zaminə qarşı olan tələbləri ilə bağlı qeyd edir ki, iddiaçı zaminə qarşı hazırkı tələbi ilə 22.02.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən bu tələbdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Ona görə də zaminə qarşı tələb təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 10.07.2018-ci il tarixli kr00208754 saylı müqavilə üzrə əsas borca görə 154 manat, dəbbə puluna görə 5 manat, dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 179 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2802/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2802/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver