Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2808/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 iyul 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 19 oktyabr 2010cu il tarixdə rəsmi nikaha daxil olmuş birgə nikahlarından 14 iyul 2011-ci il tarixdə X4 adlı övladı dünyaya gəlmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il tarixdə anadan olmuş qızı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 sentyabr 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 154 (bir yüz əlli dörd) manat miqdarında sabit pul məbləğində alimentin onun xeyirinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul olunduğu vaxtdan sonra uşaqlar üçün yaşayış minimumunun həddi qanunvericiliyinə uyğun olaraq hər il artırılsa da o, qızının X1 üçün alimentin miqdarının artırılması ilə bağlı müraciət etməmişdir. Əvvəl həmin 154 manat aliment miqdarı müəyyən ehtiyyaclarının ödənilməsinə bəs edirdi. Lakin hal-hazırda istehlak mallarında qiymət artımı, yaşayış ehtiyaclarının artması məhkəmənin qət etdiyi aliment miqdarı azyaşlı uşağının saxlanması üçün yetərli deyil. Alimentin könüllü şəkildə artırılması üçün mediasiya xidmətinə müraciət etsədə cavabdeh alimentin artırılmasına razılıq verməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2018-ci il tarixli Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehdən hər ay 154 manat aliment tutulsa da, lakin cavabdehlə olan razılıqlarına əsasən o, hər il yaşayış mimimumuna uyğun aliment ödəmişdir. Hətta cavabdeh 2023-cü ilin avqust ayına kimi ona 220 manat aliment ödəmişdir. Avqust ayından sonraisə cavabdeh 160 manat aliment ödəməyə başlamışdır. O, isə 2023-cü ilin oktyabr ayına kimi gözləmiş və bu barədə cavabdehin anasına iradını bildirmişdir. Cavabdehin anası isə artıq qətnamə ilə müəyyən edilən alimentin ödəyəcəklərini və narazı olduğu halda isə məhkəməyə müraciət etməli olduğumu ona bildirdi. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bu günə kimi alimenti cavabdehin anası ödəmişdir. Çünki cavabdeh tüfeyli həyat tərzi keçirir. Qızı 6 nömrəli şəhər məktəbində 6-cı sinifdə təhsil alır və təhsildən əlavə hazırlıqlara gedir. Qızının son 1 ildə dizinə maye yığıldığı üçün hazırda müalicə edir və bu barədə cavabdehə bildirsə də, cavabdeh heç bir şəkildə ona kömək etməmişdir. O məhkəməyə müraciət edəndən sonra cavabdeh mart ayı üçün 220 manat, aprel ayı üçün isə 240 manat aliment ödəmişdir. Bildiyinə görə cavabdeh işləmir, cavabdehə uşaqla münasibət saxlamasına etiraz etməsə də, cavabdeh özü uşaqla maraqlanmır. Uşağın bütün digər xərclərini o özü qarşılayır. Ö əvvəllər menecer işləmiş, hazırda isə müəyyən səbəblərə görə işləmir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-347/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, Cavabdeh ilə Süleymanova(Vəliyeva) Aynurə Akif qızı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X4 iddiaçının yanında saxlanılmış, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-347/2018 saylı, xx.xx.2018ci il tarixli məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. İddiaçı cavabdehin həmin qətnamədən keçən müddət üçün hər ilin yaşayış minimumuna uyğun aliment ödədiyini qəbul edir. Eyni zamanda məhkəməyə müraciət edildikdən sonra da cavabdeh tərəfindən mart ayı üçün 220 manat, aprel ayı üçün isə 240 manat aliment ödədiyini qəbul edir.
8. Hazırda iddiaçı qətnamə ilə müəyyən edilən alimentin artırılmasını tələb edir və tələbini isə uşağın tələbatlarının artması və özünün təkbaşına uşağın saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
10. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
11. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
12. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
13. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
14. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
16. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
17. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
18. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2018-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, cavabdehin hazırda könüllü olaraq tələb olunan məbləğdə aliment ödədiyini nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.
19. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir. Hansı ki, alimentin artırılması tələb olunan məbləğ uşağın minimal ehtiyaclarını qarşılamağa yönəlmişdir və bir valideyn olaraq cavabdeh uşağını ən azından minimal səviyyədə saxlamaq vəzifəsini dərk etməlidir.
20. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, qətnamənin icra qaydası iddiaçının göstərdiyi formada deyil, yəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı və qətnamənin icrası qaydası bu formada müəyyən edilməlidir.
21. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
25. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
26. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-347/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-347/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev