Məhkəmə qərarları › İş №2(001)-281/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-281/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-281/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 21.02.2018-ci il tarixində MasterCard X4 debİt kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə 540110******6496 saylı bank kartı verilmiş və **********4840-235180 saylı kart hesabı açılmışdır. Cavabdeh tərəfindən 30.11.2018- 17.12.2018-ci il tarixləri arası 12 dəfə, 29.10.2018-24.11.2018-ci il tarixləri arası 25 dəfə və 02.01.2019-cu il tarixdə 2 dəfə priority pass xidmətindən istifadə edilmişdir. Bu səbəbdən cavabdehə məxsus hesab üzrə 1158,51 manat məbləğində ovedarft borcu yaranmışdır. Bank cavabdehə bu barədə 05.04.2021-ci il tarixli, RB00-8205/2021 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 1113,09 manat pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarından görünür ki, Cavabdeh 30.09.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, onun “obyektində” çalışan Cavid adlı şəxs doğum günündə ona İddiaçı ASC-yə məxsus VİP bank kartını hədiyyə etmişdir. O, həmin kartdan ölkə hüdudlarından çıxan zaman bir neçə dəfə istifadə etmiş, lakin borcun hesablandığından məlumatı olmayıb. Eyni zamanda müqavilədəki imza da ona məxsus deyil. Cavabdehin müqavilədəki imzanın ona məxsus olmamasını bildirdiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli, 2(001)-281/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.02.2022-ci il tarixli, 4/98 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 115-118 vərəqlərində olan İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair 21.02.2018-ci il tarixli müqavilənin 2-ci, 3-cü vərəqlərinin sağ hissələrindəki, 4-cü vərəqinin üz tərəfinin sağ hissəsindəki imzalardan və 4-cü vərəqin arxa tərəfində “Müştəri Cavabdeh” qrafasından aşağı hissədə yerləşən “imza, soyadı sözlə yazmalı” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilədən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya MasterCard X4 debİt kart müqaviləsi bağlanmış və müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə 540110******6496 saylı bank kartı verilmiş və **********4840-235180 saylı kart hesabı açılmışdır. İş materiallarında olan 16.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh **********4840-235180 saylı kart hesabı üzrə overdraft borcu aşağıdakı kimidir: qanunsuz saxlanılan məbləğ - 1113,09 manat, qanunsuz saxlanıldığı müddət - 40 ay, faiz borcu - 74,40 manat, cəmi borc - 1187,49 manat. İş materiallarında olan bildirişdən görünür ki, cavabdeh mövcud olan borc və borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Müki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 439.4-cü maddəsinə müvafiq olaraq, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdehdan 1113,09 manat əsas borc və 74,40 manat faiz borcu olmaqla, cəmi 1187,49 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehdan 1113,09 manat əsas borc və 74,40 manat faiz borcu olmaqla, cəmi 1187,49 (min yüz səksən yeddi manat qırx doqquz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ”Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində pul Cavabdehdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar