Məhkəmə qərarları › İş №2(001)-2819/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2819/2023

03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2819/2023 03.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə cavabdeh 26 yanvar 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 23 fevral 2005-ci il təvəllüdlü X6, 26 aprel 2007-ci il təvəllüdlü X2 və 17 avqust 2009-cu il təvəllüdlü X4 adlı uşaqları vardır. Naftalan Şəhər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(052)-146/2020 saylı qətnaməsinə əsasən, iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahda olan uşaqların analarının yanında qalmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Hazırda tərəflərin birgə nikahlarından olan Əli adlı uşaqları yetkinlik yaşına çatmışdır. İddia tələbi, onun əsası, habelə, iddiaya etiraz: İddiaçı cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan Şəhər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(052)-146/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehlə birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq, göstərmişdir ki, iddiaçı ilə aralarındakı nikah pozulduqdan sonra o X5 ilə faktiki ailə münasibətlərinə daxil olmaqla evlənmiş, 03 oktyabr 2019-cu il təvəllüdlü X3 adlı uşaqları vardır. Məhkəmədə icraat: İştirak etdiyi əvvəlki məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərmişdir ki, əvvəlki məhkəmə qətnaməsi çıxarılan zaman uşaqlardan heç biri yetkinlik yaşına çatmamışdı. Sonradan Əli adlı uşaqları yetkinlik yaşına çatdığından digər iki uşağa görə tutulan aliment onların tələbatlarını ödəməyə yetmədiyindən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, hazırda döyüş bölgəsində xidmət aparır, aylıq əmək haqqı 888 manatdır. Bu pulla o həm öz xərclərini, həm xidmət apardığı yer üzrə yaşadığı evin kirayə haqqını, kommunal xərclərini ödəməli, həm də hazırki ailəsinin, yeni evliliyindən olan uşağının xərclərini ödəməlidir. İlk evliliyindən olan uşaqların saxlanması üçün hər uşağa aylıq 160 manatdan olmaqla, ümumilikdə 320 manat aliment ödəməyə etiraz etmir. Lakin, bundan artıq miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Sonda cavabdeh məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Tədqiq edilən sübutlar: İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 26 aprel 2007-ci il təvəllüdlü X2 və 17 avqust 2009-cu il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmamış uşaqları vardır. Habelə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdehin X5 ilə birgə nikahından 03 oktyabr 2019-cu il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmamış uşağı vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə ilk öncə onu qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında 8.13-cü bəndində göstərilmişdir ki, “...alimentin miqdarının artırılması barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliklərin olduğunu müəyyən etməlidir...”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016cı il tarixli Qərarında da göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər hallarını nəzərə almalıdır. Mülki iş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, həmin qətnamə çıxarılan zaman cavabdehin aylıq əmək haqqı 641,76 manat olmuş, hazırki dövrdə cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edilməsə də, cavabdeh özü əmək haqqının aylıq 888 manat olduğunu bildirmişdir. Naftalan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən, üç uşağın saxlanması üçün cavabdehin aylıq qazancının yarısının tutulması qərara alınmış, hazırda uşaqlardan biri yetkinlik yaşına çatdığından qanunvericiliyin tələblərinə əsasən, iki uşağa görə cavabdehdən aylıq qazancının üçdə-bir hissəsi miqdarında (ümumilikdə təxminən 296 manat) aliment tutulmaqdadır. Bu məbləğ uşaqların hazırki dövr üzrə yuxarıda qeyd olunan tələbatlarının ödənilməsinə kifayət etməyə bilər və məhkəmə buna görə də hesab edir ki, iddiaçı alimentin sabit pul məbləğində tutulmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə onu da vurğulayır ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinin məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə iddiaçı ilə cavabdehin birgə nikahdan olan iki yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyininin üstünlüyünü, maraqlarını, normal, yəni qida rasionlarına uyğun qidalanmaları, geyimləri, istirahətlərinin səmərəli təşkili, habelə təhsilləri ilə bağlı xərcləri, eləcə də Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərini, cavabdehin himayəsində ikinci (faktiki) evlilikdən daha bir yetkinlik yaşına çatmamış uşağının olmasını nəzərə alaraq, hesab edir ki, Naftalan Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin miqdarının dəyişdirilməklə, 26 aprel 2007-ci il təvəllüdlü X2 və 17 avqust 2009-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehdən tutulmalı aliment sabit pul məbləğində müəyyən edilməli və bu alimentin miqdarı hər ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə 360 manat müəyyən edilməli, bu məbləğdə alimentin tutulması qətnamə çıxarılan tarixdən hesablanmalı, qətnamə dərhal icra edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin təxmini məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 64 manat) 768 manat olduğuna (64 manat x 12 ay) və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, ödənilməli 30 manat məbləğində dövlət rüsumunun 25 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi kimi 50 manatın 40 manatı cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(052)-146/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 26 aprel 2007-ci il təvəllüdlü X2 və 17 avqust 2009-cu il təvəllüdlü X1 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı 03 iyul 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. 25 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə, 40 manat mediasiya xərci isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar