Məhkəmə qərarları › İş №2(001)-2825/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2825/2022

17.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2825/2022 17.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay hər bir uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(01)-9691/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər bir uşağa 137 manat olmaqla 274 manat aliment ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaqlar böyüyüb, təlabatları artıb. Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir təlabatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır. Ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçı xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 408709 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

6. Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 429488 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

7. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 340356 saylı Cavabdeh ilə İddiaçı arasında nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10iyun 2015-ci il tarixində 86 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Kənanlı” soyadı verilmişdir.

8. Səbail Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli 2(009)-827/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında 25 dekabr 2004-cü il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X8 X4 yanında saxlanması və xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər bir uşağa 108 manat olmaqla 216 manat aliment ödənilməsi qət edilmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli, 2(001)- 9691/2017 saylı qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 2(009)-827/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X11 doğulmuşdur.

11. Səbail Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli 2(009)-827/2015 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 108 manat olmaqla, ümumilikdə 216 manat alimentin X6 tutularaq X7 ödənilməsi qət edilmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli, 2(001)- 9691/2017 saylı qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 2(009)-827/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir.

13. Hazırda isə iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2017ci il tarixli, 2(001)-9691/2017 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 193 manat məbləğində müəyyən edilməsini tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

15. Birləşmiş Millətlər Təşkilatının X3 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:

17. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;

18. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;

19. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

22. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

23. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

24. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

25. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

26. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

28. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

29. İddiaçı alimentin artırılmasının zəruriliyini onunla əsaslandırmışdır ki, uşaqlar üçün yaşayış minimumu artmışdır.

30. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, tərəflərin birgə nikahlarından olan uşaqların yaşlarına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Eyni zamanda yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2017-ci ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşaqların mənafeyinə uyğun hesab edilə bilər. Yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas olmamaqla aliment ödəməli olan şəxsin gəlirinin də artması demək deyildir.

31. Belə ki, Uşaqlar üçün yaşayış minimumu ilə bağlı qanunvericiliyin hazırki mübahisələrə tətbiqi baxımından Ali Məhkəmənin Plenumunun və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarları mövcuddur. Həmin qərarlarda mövqe ondan ibarət olmuşdur ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa həmin qərarlarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, alimentin artırılması tələbinə baxarkən yalnız uşağın təminat səviyyəsi deyil, eyni zamanda aliment ödəyənin maddi vəziyyəti də nəzərə alınmalıdır.

32. Məhkəmə “Azemis” Elektron Məhkəmə sistemindən cavabdehin əmlak və gəlir məlumatları sorğulamış və şəxsin adına hər hansı əmlakın olmadığı müəyyən edilmişdir. Həmçinin hazırda Cavabdeh işsiz olduğu, yəni tərəfindən bağlanılmış və qüvvədə olan əmək müqaviləsinin olmadığı müəyyən edilmişdir.

33. Bu baxımdan məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşaqların, həm cavabdehin maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

34. Belə ki, aliment ödənilməli olan uşaqlardan X2 yetkinlik yaşına çatmasına qəbul ediləcək qətnamənin qanuni qüvvəyə minmə müddəti də nəzərə alınarsa təqribən 5 ay müddət qalmışdır.Yəni cavabdeh artırılmalı olan aliment üzrə ümumi məbləğdən 5 ay ərzində ödəniş etməli olacaqdır, bundan sonra cavabdehin bir uşağa görə aliment öhdəliklərinə xitam veriləcəkdir. Digər yetkinlik yaşına çatmayan uşaq isə xx.xx.2008-ci il təvəllüdlüdür və hazırda cavabdeh cəmi 274 manat aliment ödəyir. İddiaçı faktiki olaraq alimentin 5 ay müddətində hər ay 112 manat artırılmasını tələb edir.

35. Cavabdehin gəlirləri barədə sübutların olmamasını, yaşayış minimumu haqqında tələbləri, uşaqların bərabər hüquqlu olmalarını, prosessual qənaət prinsipini nəzərə alaraq məhkəmə hesab edir ki, hər ay, hər uşaq üçün artırılmalı olan alimentin məbləği 190 manat məbləğində müəyyən edilməlidir.

36. Məhkəmə ona görə bu qənaətə gəlir ki, cavabdehin maddi vəziyyətində dəyişikliyin olduğu, gəlirləri barədə məlumat müəyyən edilməsə də, təqribən 5 aydan sonra onun aliment öhdəlikləri yarıbayarı azalacaqdır və bu halda aliment ödəməli olan şəxsin aliment öhdəliklərinin icrasının rahat olacağı məlumdur.

37. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

38. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:

39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

40. 8.1.1-ci maddəsinə əsasən 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir.

41. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

45. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;

46. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

47. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

48. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli, 2(001)-9691/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

49. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli, 2(001)- 9691/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar