Məhkəmə qərarları › İş №2(001)-2831/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2831/2020

09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2831/2020 09.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2337,8 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, cəmi 2367,8 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı xx xxxxxx 2018-ci il tarixli, AKX-00208xx/xx-2018 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********90000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X4”nın 6.5-ci bəndinin tələblərini pozaraq istifadəsinə verilmiş sayğacdan əvvələ özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2018-ci il tarixli, ******* saylı akt əsasında iddiaçıya 2376 manat ziyan dəymişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2337,8 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Lakin, cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilməmişdir. Sonda H.M.Cəfərli məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, həmin mənzili 2013-cü ildə başqa bir şəxsə satmışdır. Evin mülkiyyət hüquqlarını müəyyənedici sənəd olmasa da, qaz sayğacı onun adına qeydiyyata alınmışdır. Sonradan həmin evdə yaşayan şəxslər evin qaz sayğacının dəyişdirilməsi ilə bağlı yeni müqavilə bağlanması üçün onun iştirakını xahiş etmişlər və o, iddiaçı ilə yeni müqavilə bağlamışdır. Halbuki, 2013-cü ildən bəri o, həmin ünvanda yaşamır. Mülki iş materiallarında olan: xx xxxxxx 2018-ci il tarixli, AKX-00208xx/xx-2018 saylı müqavilədən görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh məxsus mənzil təbii qazla təchiz edilmiş, mənizlə G-4 markalı sayğac quraşdırılmış, mənzildə istismar olunan qaz qurğularının siyahısında 1 ədəd “PQ-4” cihazı göstərilmişdir. xx xxxxxxxx 2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi müəyyən edilmiş, yoxlama zamanı evdə “PQ-4”, “QSQ” cihazı və “Kombi” cihazı aşkar edilmiş, bu cihazların gündəlik maksimal sərfiyyatları üzrə hesablanma aparılaraq itirilmiş qazın miqdarı 11880 kub metr müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh 2013-cü ildən göstərilən mənzildə yaşamadığını, borcun həmin evdə yaşayan şəxslərə aid olmasını bildirsə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 3.4 və 3.4.1-ci maddəsinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Məhkəmə hesab edir ki, xx xxxxxxxx 2018-ci il tarixdə tərtib olunmuş aktda göstərilənlər işin halları ilə öz təsdiqini tapdığından iddia həmin akta əsasən hesablanmış borc məbləğinə münasibətdə təmin edilməlidir. İddia təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İB-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. Cavabdeh 2337,8 manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar