Məhkəmə qərarları › İş №2(001)-2841/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2841/2022

19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2841/2022 19.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi və vəkili İVəkil iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 birgə iddiaçılar kimi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qərəzi və təqsiri ucbatından İddiaçı1 yemə olan borcunu vaxtında ödəyə bilmədiyi üçün ailəsinə məxsus mənzilin əlindən çıxması təhlükəsinə görə 30554 manat zərərin, İddiaçı2 kredit borcunun yaranması səbəbinə görə 35000 manat zərərin, 8000 ədəd ətlik broyler toyuğun tələf olmasına görə 34040 manat, 17000 ədəd toyuğun tələf olmasına görə 45000 manat zərərin, mhkəmə qərardadının təkrar icrasına menələr yaradaraq 6 aya yaxın müddət üçün qazanclarına görə 100000 manat zərərin cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşı X1 adına rəsmiləşdirdiyi, Bakı şəhəri 1 nömrəli Zeytunluq sovxozu ərazisində yerləşən quşçuluq fabrikini, ünvan 1i ünvanında qeydiyyatda olan “X10 Təsərrüfatı” MMC-nin adından X7 ilə 3 illik icarəyə razılaşaraq Bakı şəhəri 11 saylı Notariat ofisində xx.xx.2019-xx.xx.2022 tarixlərində icarə müqaviləsi bağlamışdır. Cavabdeh ər statusundan istifadə edərək icarə müqaviləsi bağlanana qədər və bağlandıqdan sonar da özünü “İcarə verən” kimi apararaq, icarə verənə aid olan bütün məsələlərə özü rəhbərlik etmişdir. 3 illik icarə müqaviləsini əsas götürüb arxayın olaraq İddiaçı2, X7 və İddiaçı1 quşçuluq təsərrüfatı ilə məşğul olmaq məqsədilə, üzərilərinə öhdəliklər götürərək, öz aralarında öhdəlik müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən V.Babayev cücələrin alaraq becərilməsi, ətlik broyler toyuqlarının satışını və təsərrüfata rəhbərlik etməli, İddiaçı2 icarə haqqı, komunal xərclərə, işçilərin əmək haqları və sair işləri görməli, İddiaçı1 isə quşçuluq fabrikinin yem tədarükünü öz üzərinə götürərək, istehsal fəaliyyətlərini davam etdirmişlər. Bu səbəhdən İddiaçı1 ailəsinə məxsus yeganə yaşayış mənzilini yem xammalı almaq məqsədilə "xxxx" MMC-yə girov qoyaraq, “X10 Təsərrüfatı” MMC-nin adından müqavilə imzalamış, İddiaçı2 isə banka mənzil girov qoyaraq kreditə pul götürmüşdür. 2020-ci ilin yanvar ayının ortalarından başlayaraq cavabdeh fabrikin iş rejimini pozaraq, yəni, fabrikin işığının sönməsi, qaz verilməsinin kəsilməsi, boşalmış sexlərin təmizlənərək yenidən cücələr yerləşdirilməsinin qarşısını almaq məqsədilə sexlərin qapısının bağlatması və sair çətinliklər yaradaraq onlara kifayət qədər zərər vurmuşdur. Sonradan məlum olmuşdur ki, cavabdeh qüvvədə olan icarə müqaviləsini nəzərə almadan fabriki başqa şəxslərə baha qiymətə icarəyə verməyə razılaşaraq 2000 manat beh kimi pulda alıb. Onlar cavabdehə icarə müqaviləsinin şərtlərini izah edərək əks halda məhkəməyə müraciət etməsini bildirsələr də, cavabdeh onlara əhəmiyyət verməyək, özü istədiyi şəkildə onları fabrikdən çıxaracağını bildirmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh fabrikə mütəşəkkil cinayətkar dəstə göndərərək, onları zorla fabrikdən çıxartmağa nail ola bilmişdir. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə fabrikin 1 sexində 10000 ədəd satışa yararlı, diri halda ətlik broyler toyuq var idi və hamısı satışa getməli idi. Mütəşəkkil cinayətkar dəstə onları və alıcıları fabrikdən çıxararaq, toyuqların özlərinə çatacağını bildirmişdilər. Onlar “102” xidmətinə zəng edərək baş verən hadisə barədə məlumat vermiş, bir neçə saatdan sonra polis işçiləri ilə birgə fabrikə gəlmişlər. Fabrik işçiləri qorxmuşdular və fabrikin iş rejimi pozulmuşdur. Həmin gün toyuqlara baxımsızlıq olmuş və səhəri gün onlar həmin toyuqlardan 2000 ədədinin satışına nail ola bilmişlər. 8000 ədəd diri halda, orta çəkisi 1,85 kq, 1 kq-ın qiyməti 2, 3 manat olmaqla 8000 x 1.85 = 14800 kq x 2.3 = 34040 manat, həmin gün iş rejiminin pozulması nəticəsində zərər görmüşlər. Sonradan məhkəməyə müraciət etmişlər və xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası onların xeyrinə qərardad qəbul etmişlər. xx.xx.2020-ci il tarixdə Suraxanı rayon İcra və probasiya şöbəsinin əməkdaşlarının iştirakı ilə fabrikdə olmuşlar və cavabdehin qanunsuz olaraq fabriki icarəyə verdiyi şəxsin iştirakı ilə akt tərtib olunmuş, fabrikin boşaldılması üçün həmin şəxsə vaxt verilmişdir. Lakin fabrikin boşaldılması aktda göstərilən vaxta deyil, 2020-ci ilin dekabr ayının sonunda baş tutmuşdur. 2020-ci ilin yanvar-fevral aylarında fabrikdə ətlik broyler toyuqları saxlamaq üçün olan 5 sexdə və bütövlükdə fabrikin həyətində təmizlik-dizenfeksiya işləri onlar tərəfindən aparılmış, bu işlərə 7000 manatdan artıq pul xərcləmişlər. Bir sexə 1 ədəd inkubator cücənin qiyməti, 0,85 manat olmaqla 14450 manat dəyərində 17000 ədəd cücə yerləşdirmiş, 25 gün becərmə işləri aparılmışdır. Cücələrin orta çəkisi 1,1-1,2 kq olardı. 45000 manat yaxın pul vəsaiti xərcləmişlər. Onlara və həkimlərə məlum olmayan səbəblərdən 1-2 gün ərzində, orta çəkisi 1,2 kq. olmaqla 17000 ədəd 25 günlük toyuqlar tələf olmuşlar. Halbuki, toyuqların becərilməsinə 45000 manat pul xərcləmişdilər. Yalnız su vasitəsilə zəhərləmə ehtimalı olması qənaətinə gəlinmişdir. Bu barədə cavabdeh xəbərdar olunmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdeh MMC-nin iş fəaliyyətinə onların rəhbərliyinin və əməkdaşlarının sərbəst hərəkətlərinə heç bir maneə yaratmayacağı barədə iltizam versə də, bu hadisədən sonra onlar fabrikdə işləri dayandırmış və fabriki karantinə saxlamışlar. Bu barədə cavabdehi xəbərdar etmişlər. Cavabdeh fabrikin karantinə dayanmasından və onların fabrikdə olmamağından istifadə edərək qərəzliliyini davam etdirmiş, yazılı şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, sonradan hərəkət və əməllərini təkrar edərək, özbaşına qanunsuz olaraq fabrikə toyuqlar yerləşdirmişdir. Onlar Suraxanı İcra Şöbəsinin əməkdaşları ilə birgə xx.xx.2021-ci il tarixdə fabrikdə olmuşlar, fabrikdə toyuq saxlayan X9 bildirmişdir ki, onu fabrikə Cavabdeh gətirib və onunla şərikli toyuq saxlayırlar. Bu barədə İcra Şöbəsinin əməkdaşları akt tərtib etmişlər. Beləliklə Cavabdeh öz niyyət və marağı naminə onlarla bilərəkdən qərəzli olmuşdur. Fabrikin iş rejiminin pozulmasına şərait yaradaraq, 3 illik icarə müqaviləsinin olmasına baxmayaraq fabrikdən qanunsuz çıxarılmaqlarına çalışmış və bu səbəbdən onlara zərər vurmuşdur. Nəhayət xx.xx.2020-ci il tarixdə fabrikə göndərdiyi mütəşəkkil cinayətkar dəstənin qanuna zidd əməlləri nəticəsində fabrikdən çıxarılmaqlarına nail olmuşdur. Bu barədə hazırda Baş Prokurorluğun nəzarətində olmaqla Baş Polis İdarəsində istintaq araşdırması aparılır. Bu hadisələr səbəbindən İddiaçı1 yem şirkətinə 30554 manat, İddiaçı2 isə banka 35000 manat kredit borcu qalmışdır. Cavabdeh bununla kifayətlənməyərək xx.xx.2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının bizim xeyrimizə qəbul etdiyi qərardadın icrasına maneə yaratmayacağı barədə xx.xx.2020-ci il tarixdə iltiham versə də, öz niyyət və marağına nail olmaq məqsədilə qərəzini davam etdirmişdir. Belə ki, 2-2(113)- 413/2020 saylı iş üzrə icra vərəqəsi yenidən icraya göndərilməsi və xx.xx.2021-ci il tarixli Suraxanı icra Şöbəsinin tərtib etdiyi akt, cavabdehin maddi marağı naminə iddiaçılara qərəzli olması qanuna zidd əməlləri nəticəsində xx.xx.2020-ci il tarixdə 34040 manat və 2021-ci ilin mart ayında isə 45000 manat zərər vurmuşdur. xx.xx.2021-ci il tarixdə İcra şöbəsinə göndərilən təkrar icra vərəqəsi Cavabdeh onlara qarşı olan qərəzi nəticəsində bugünə kimi icra olunmamışdır. Fabrikin istehsal gücü 80000-100000 ədəd inkubator cücəni qəbul etmək imkanına malikdir. Orta normal becərmə işləri aparılsa hər ay fabrikdə 25000-30000 manat pul vəsaiti qazanmaq olar. Cavabdeh 6 aya yaxındır ki, maneələr yaradaraq fabrikdə işlərini bərpa etməyə imkan verməyək iddiaçılara 100000-120000 manat qazancdan mərhum edib. Cavabdeh qərəzi və təqsirindən İddiaçı1 ailəsinə məxsus və yeganə yaşayış sahələri olan mənzil əlindən çıxmaq üzərədir. E.Şıxliyevin də banka olan 35000 manat kredit borcu, girov qoyulan mənzilinin satılmasına yönəlmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatlarında iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiklərini bildirib, təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, cavabdehlə iddiaçılar arasında heç bir müqavilə mövcud deyil, “X10 Təsərrüfatı” MMC-nin cavabdehin arvadı Cavabdeh qarşı təxminən eyni məzmunlu iddiasına isə Bakı Kommersiya Məhkəməsində baxılmış, iddia rədd edilmiş, qətnamə apellyasiya instansiyası məhkəməsi tərədindən qüvvədə saxlanılmışdır. Digər tərəfdən, iddiaçılar onlara dəymiş zərərin məhz Cavabdeh tərəfindən törədilməsi, zərərin həcmi barədə məhkəməyə heç bir sübut təqdim etməyiblər. Belə olan halda, iddianın təmin edilməsi üçün heç bir əsas mövcud deyil. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: - 16 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X5 Bakı şəhəri 1 nömrəli Zeytunçuluq sovxozunun ərazisində yerləşən 6891,61 kv.metr sahədən ibarət olan qoşçuluq obyektini 16 may 2022-ci il tarixədək aylıq 2500 manata “X10 Təsərrüfatı” MMCyə icarəyə vermiş, MMC adından müqavilənin bağlanmasında X7 iştirak etmişdir. - 25 oktyabr 2019-cu il tarixli öhdəlik müqaviləsindən görünür ki, X7, X3 və İddiaçı1 öz aralarında həmin müqaviləni bağlamaqla quşçuluq təsərrüfatı ilə məşğul olmaq qərarına gəlmklə aşağıdakı öhdəlikləri üzərilərinə götürərək razılıq əldə etmişlər:  Yem (xammal) öhdəliyini İddiaçı1 üzərinə götürür.  Quşçuluq fabrikinin, işçilərin və digər xərclərin öhdəliyini İddiaçı2 götürür.  Ətlik broyler toyuqların alınması, becərilməsi və satışı öhdəliyini V.Babayev üzərinə götürür.  Ümumi zərər tərəflər arasında bərabər bölünür. - Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-2(113)-136/2021 saylı qətnaməsindən görünür ki, “X10 Təsərrüfatı” MMC X4 qarşı (Cavabdeh və X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC ilə Züleyxa İmanova arasında bğalanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində MMC-yə dəymiş 110000 manat maddi zərərin, əldən çıxmış fayda kimi 150000 manatın Z.İmanovadan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, X5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə üzrə 38333 manat, qazdan istifadəyə görə 14497,2 manat, işıqdan istifadəyə görə isə 3762 manat, dəymiş zərərə görə 1330 manat borcun, cəmi 57922 manat pul vəsaitinin MMC-dən tutularaq Z.İmanovaya ödənilməsini xahiş etmişdir. Həmin qətnaməyə əsasən, “X10 Təsərrüfatı” MMC-nin iddiası təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək MMC ilə Z.İmanov arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilmiş, MMC-dən icarə haqqı üzrə 15000 manatın tutularaq Z.İmanovaya ödənilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2-2(103)-811/2021 saylı qətnaməsinə əsasən, Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, yuxarıda göstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki halda iddiaçılardan İddiaçı1 cavabdehdən tələb etdiyi 30554 manat pulu yem şirkətinə borcu qalması, həmin borca görə evinin əldən çıxma təhlükəsinin mövcud olması ilə əsaslandırmış, halbuki, yem şirkəti ilə İddiaçı1 arasında bağlanmış müqavilədə cavabdehin heç bir öhdəliyi müəyyən olunmamışdır. Digər tərəfdən, İddiaçı2 kredit borcunun yaranmasına görə cavabdehdən 35000 manat zərərin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu borcla, eləcə də, toyuqların tələf olmaları ilə bağlı məhkəməyə ümumiyyətlə sübut təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM 77.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasıın mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Və nəhayət, iddianın cavabdehdən əldən çıxmış fayda qismində 100000 manatın tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən iddia ərizəsində göstərilən quşçuluq təsərrüfatından orta aylıq gəlirləri barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda, zərərin hansı əsasla 100000 manat müəyyənləşdirildiyi məlum deyildir. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-2(113)-136/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, “X10 Təsərrüfatı” MMC-nin X4 qarşı (Cavabdeh və X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində MMC-yə dəymiş 110000 manat maddi zərərin, əldən çıxmış fayda kimi 150000 manatın Z.İmanovadan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddiası təmin edilməmiş, əksinə, Z.İmanovanın qarşılıqlı iddiası qismən təmin edilərək MMC ilə Z.İmanov arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilmiş, MMC-dən icarə haqqı üzrə 15000 manatın tutularaq Z.İmanovaya ödənilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Qeyd olunmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı halda iddia tələbinin əsasını iddiaçıların fəaliyyətinin yarımçıq dayanması səbəbindən onlara dəymiş zərərin əvəzinin ödənilməsi təşkil edir və onlara məhz cavabdeh zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və cavabdehin zərərin vurulmasında təqsirli olmasına dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar